Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:00

Məktəblərdə yenə məcburi abunə?


«Məktəbə bir iki qəzet gəlir, onu da hansı müəllim cəld tərpənirsə, o, götürür»
«Məktəbə bir iki qəzet gəlir, onu da hansı müəllim cəld tərpənirsə, o, götürür»
Korrupsiyaya qarşı mübarizənin davam etdiyi bir vaxtda orta məktəblərdə müəllimlərdən müxtəlif adlar altında pul yığılması ilə bağlı yenə məlumatlar səslənməkdədir.

Masallı rayon Ərkivan qəsəbəsindəki 1 saylı orta məktəbin müəllimi Mirzəkişi Mirzəyev deyir ki, müəllimlərin razılığı oldu-olmadı ildə iki dəfə onların maaşından 7-8 faiz qəzetlərə abunə pulu tutulur. Onun iddiasına görə, abunə üçün məktəbdəki bütün müəllimlərdən pul yığılsa da, məktəbə yalnız bir –iki qəzet gəlir, üstəlik, bir-neçə gün gecikmə ilə:

«Qəzetlər ödənilən pula uyğun gəlmir. Pul şişirdilmiş formada yığılır, amma məktəbə bir iki qəzet gəlir, onu da hansı müəllim cəld tərpənirsə, o, götürür”.

«ABUNƏ ÜÇÜN İLDƏ 100-150 MİN MANAT PUL YIĞILIR, AMMA...»

Mirzəkişi Mirzəyev deyir ki, onun apardığı təxmini hesablamalara görə, bir ildə rayondakı məktəblərdən 100-150 min manat abunə pulu yığılır. Onun bildirməsinə görə, hazırda müəllimlərdən abunə pullarının yığılmasına başlanılsa da, müəllimlər qəzetləri yalnız yeni dərs ili başlayanda görürlər.

«MƏN DEMƏMƏLİYƏM, BU, MƏNİM ÖZ SİRRİMDİR»

1 saylı məktəbin direktoru Zahirə Məmmədova isə qəzetlərə abunənin könüllü olduğunu deyir, bildirir ki, 50 müəllimdən 30-u qəzetlərə abunədir və hər gün həmin müəllimlər qəzetlə təmin olunur. Zahirə Məmmədova deyir ki, abunə olmayan müəllimlərin yerinə özü pul ödəyir. Bununla belə, məktəb direktoru qəzet abunəsi üçün müəllimlərdən nə qədər pul yığılması ilə bağlı məlumatların sirr olduğunu deyir:

«Mən deməməliyəm, bu, mənim öz sirrimdir. Bunun müəllimlərə dəxli yoxdur, xoşlamırlarsa, ərizələrini verib çıxsınlar, onsuz da onlar yetişiblər».

«6 ayda 1 dəfə dövlətin qəzetinə 10-20 manat yazılmaq nə böyük məsələdir ki»
TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ: «DÖVLƏT QƏZETİNƏ 10-20 MANAT YAZILMAQ NƏ BÖYÜK MƏSƏLƏDİR Kİ...»

Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov isə Azadlıqradiosuna deyib ki, rayondakı 98 orta məktəb üzrə 3076 müəllim var ki, onların da bir hissəsi artıq qəzetlərə abunə olub. O, bu prosesin ayın sonuna qədər yekunlaşacağını deyir. Abunə məsələsinin könüllü olduğunu bildirən təhsil şöbəsinin müdiri bu məsələyə müdaxilə etmədiklərini deyir. Onun fikrincə, bu, müəllimlərlə məktəb rəhbərləri arasında olan məsələdir. Astan İbişov ildə iki dəfə abunə üçün maaşlarından 10-20 manat pul tutulmasına etiraz edən müəllimləri qınayır:

«Dövlət bizə əməkhaqqı verir, bizə bu qədər qayğı göstərir, altı ayda bir dəfə dövlətin qəzetinə 10-20 manat yazılmaq nə böyük məsələdir ki. Dövlət nə qədər pul versə də, müəllimlər həmişə narazıdırlar».

«1 FAİZƏ ETİRAZ EDƏN MÜƏLLİM, 7-8 FAİZƏ NECƏ RAZI OLA BİLƏR Kİ?»

2010-cu ildə Masallı rayonun bəzi məktəblərində müəllimlər maaşlarından 1 faiz Müdafiə Fonduna pul tutulmasına etiraz etdikdən sonra isə bu məsələ dayandırılıb. 1 saylı məktəbin müəllimi Mirzəkişi Mirzəyev deyir ki, maaşlarından 1 faiz tutulmasına etiraz edən müəllimlərin könüllü olaraq maaşlarının 7-8 faizini qəzet abunəsinə verməsi inandırıcı deyil.

Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov isə Müdafiə Fonduna yığılan pulun narazılıqlardan sonra ləğv edildiyini etiraf etsə də, müəllimlərin məcburi şəkildə qəzet abunəsinə yazılmasını inkar edir. Deyir ki, o, şəxsən şöbə müdiri olaraq bu barədə heç bir məktəbə göstəriş verməyib.
XS
SM
MD
LG