Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:16

Ali məktəbdə 65 yaşda işləmək olar


Azərbaycan parlamenti
Azərbaycan parlamenti
Dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışanlar üçün müəyyənləşdirilmiş yaş senzi ali təhsil ocaqlarına və elmi tədqiqat müəssisələrinə şamil olunmayacaq. Həmin müəssisələrdə 65-dən yuxarı yaşda da işləmək mümkün olacaq. Milli Məclis iyunun 10-da bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edib.

Bu dəyişikliyi nəzərdə tutan qanun layihəsini millət vəkillərinə parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib:

«Bu yaxınlarda qəbul etdiyimiz qanunda 65 yaş büdcədən maliyyələşən müəssisələrdə çalışma müddətinin son həddi hesab olunurdu. İndi Əmək Məcəlləsində həmin müddəaya 2 əlavə edilir. Çalışmanın yaş həddi ali təhsil müəssisələrinə və elmi tədqiqat müəssisələrinə şamil edilmir».

«CƏRRAHLARIN BEYNİ 65 YAŞDAN SONRA İŞLƏMİR?»

Heç şübhəsiz ki, ali təhsil ocaqlarında və elmi tədqiqat müəssisələrində çalışanlar parlamentin bu dəyişiklikləri təsdiqləməsindən məmnundurlar. Bunu layihənin müzakirəsi zamanı bəzi çıxışlar da büruzə verirdi. Amma əlbəttə ki, sözügedən dəyişikliyin başqa sahələrə şamil olunmasını zəruri sayanlar da var.
Məsələn, deputat Hikmət Atayevə görə, bu dəyişiklik praktiki fəaliyyətlə məşğul olan həkimlərə də şamil edilməlidir:

Hikmət Atayev

«Burada qeyd olundu ki, elm adamları 60-70 yaşadək işləyə bilərlər. Yəni 70 yaşadək bunların beyni yaxşı işləyir. Belə olduğu halda niyə hesab edirsiniz ki, cərrahların beyni 65 yaşdan sonra işləyə bilmir? Təklif edirəm ki, bu dəyişiklik həkimlərə də şamil olunsun».

HƏRƏNİN ÖZ İXTİSASI…

Deputat Hikmət Atayev özü cərrahdır. YAP icra katibinin müavini deputat Siyavuş Novruzov da bu məqamı nəzərdə tutaraq deyir ki, əgər hərə öz ixtisasını belə müdafiəyə qalxsa, onda gərək Əmək Məcəlləsi yenidən yazılsın və ya əvvəlki vəziyyətinə qaytarılsın.

ELMDƏ «EUROVİSİON» QƏLƏBƏSİ?

BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov isə Əmək Məcəlləsinə prezidentdən gələn bu dəyişikliyi çox yüksək dəyərləndirir. Deyir prezident bu layihəni Milli Məclisə göndərməklə bir daha sübut etdi ki, o təkcə gənclərin yox, həm də yaşlıların və bütövlükdə hər kəsin qayğısına qalır:

«Ali məktəblərə dair yaş həddi ilə bağlı bu düzəliş çox vaxtında verilmiş müdrik bir qərar oldu. Çünki hazırda o nəsli əvəz edə bilən gənc nəsil hələ tam formalaşmayıb».

Abel Məhərrəmov deyir ki, gənclər prezidentin qayğısından yararlanıb Azərbaycanın bayrağını «Eurovision» yarışmasında yüksəklərə qaldırıblar. İndi elm adamları da öz sahələrində Azərbaycan bayrağını göylərə qaldırmağa çalışacaqlar.

Ell və Nikki

MÜƏLLİMLƏRƏ YAŞINA GÖRƏ YOX, İŞİNƏ GÖRƏ…

Onu da deyək ki, büdcədən maliyyələşən təşkilatlarda yaş senzinin 65 olması təklifi ilk dəfə gündəmə gələndə bundan ən çox narahat olan təbəqələrdən biri də orta məktəb müəllimləri idi. Füzuli rayonu «Qayıdış 4» qəsəbə məktəbinin dil ədəbiyyat müəlliməsi Təbərrük Əsgərxanova AzadlıqRadiosuna deyirdi ki, kimin nə vaxtadək işləməsini yaşa görə yox, fəaliyyətinə görə müəyyən etmək daha ədalətli olardı.

YAŞ SENZİ YAXŞIDIR, DİSKRİMİNASİYA OLMASAYDI

İqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, əslində yaş senzinin tətbiq edilməsi normal bir haldır. Amma onun hansısa sahələrə tətbiq edilməməsi kimi diskriminasiya hallarına yol verilməsəydi:

«Buna normal yanaşmaq lazımdır. Sadəcə olaraq Azərbaycanda kadr hazırlığı məsələsində problem var. Cavan kadrların hazırlanması sistemi yaxşı qurulmayıb. Xüsusən son illərdə təhsil sistemi elə bərbad hala düşüb ki, hamı yeni, arxadan gələn nəslin sovet dövründə yaxşı təhsil almış kadrları əvəzləməkdə çətinlik çəkəcəyindən ehtiyatlanır. Amma bundan da çəkinmək lazım deyil. Kadrların yenidən hazırlığı sistemi normal qurulsa, o biliklərlə bu prosesi irəli aparmaq olacaq».

Ekspertin fikrincə, yaş senzi xüsusən məmur heyətinə şamil olunsaydı, ölkəni idarə edən komandanı cavanlaşdıra bilərdi. Və Azərbaycanda da ən gənc nazirlərin yaşı indiki kimi 48-50 yox, Gürcüstandakı kimi 30-35 olardı.
XS
SM
MD
LG