Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:33

Gülər Miryəhya "Quyu" (Hekayə)


Onu sonuncu dəfə pəncərənin qarşısında oturan gördüm. Üç mismarla pəncərənin çərçivəsinə vurulmuş ağ pərdə yelkən kimi dalğalanırdı.

Başını stulun söykənəcəyinə söykəmişdi. Arxasında dayanmışdım. Dönüb baxmırdı, gözünü göyə zilləmişdi.

Bir neçə günlük dözülməz istilərdən sonra külək əsirdi, uzaqda göydə şimşək parıldayırdı.

Oturduğu yerdən tərpənməsə də hiss etmişdi məni. Ya da pəncərənin çirkli şüşəsində gözünü zillədiyi hansısa təmiz deşikdə əksimi görmüşdü.

Pıçıldayırdı. Eşitmədim. Yaxınlaşıb əllərimi çiyinlərinə qoydum. Əyilib alnından öpdüm.

- Dözə bilmirəm. Dözə billməyəcəm. Ürəyim parçalanır.
Gözləri boş idi, bomboş. Ovsunlu idi. Zillənmişdim. Əvvəllər də tez-tez baxırdım gözlərinə. Dibi dərin, qaranlıq quyu kimi idi gözləri. Bir dəfə özünə demişdim.

- İnsanlar əzab çəkdikcə gözləri quruyur. Bilirsən niyə hər şeyini itirmiş adamlar yağışı, dənizi, suyu sevirlər? Fikir vermisən heç əzab çəkəndə insanlar təkliyə qaçanda həmişə su kənarları axtarırlar? Bax o quyunu doldurmaq istəyidi. İnstinkti, heyvani deyil. Heyvanların instinkti ədalətli olur. Quyunu doldurmaq instinktidi, - deyə izah etmişdi.

Heç vaxt quyusunu doldurmaq üçün su ardınca qaçdığını görmədim. İçində çəkirdi acısını, dərinlikdə.

- Başa düşürsən? Hardan başa düşəsən. Əziyyət çəkirəm., - başını qaldırıb üzümə baxdı. Şəhadət barmağını gicgahına dayadı,- hər şey burdadı bax, burda. Unutmur, itirmir heç nəyi. Beynimin hər qaranlıq küncündə bir hörümçək toru var. Pəncərələrim açıqdı. Qapım açıqdı. İçim talandı. Sən hardan biləsən axı.

Dözə bilmirdim onun əzabına. Ayaqlarına düşdüm:

- Yalvarıram, boşalt zəhəri bəsdir daha dözə bilmirəm,- qolundan tutdum eyvana dartdım,- çıx qışqır çıx bağır,- susdum. Dilimə gətirə bilmirdim amma deməli idim,- ya öldür özünü. Öldür, məni də qurtar özünü də.

Əlini əlimdən çəkdi. Çıxdım otaqdan. Mən qayıdanda yox idi. Xilas etdimi özünü? Bilmirəm. Gözlərindəki quyu qapandı. Pəncərələri açıqdı, içi talandı.
Pəncərənin çərçivəsinə üç mismarla vurulmuş pərdə küləkdə yelkən kimi havalanırdı. Uzaqlarda, haradasa şimşək çaxırdı. Divarlardan fotolar baxırdı- evlilik, istirahət fotolarımız, müharibədə çəkdiyi fotolar, inqilablardan çəkdikləri və sonuncu foto. Üstündə milçəklərin uçduğu, aclıqdan ölmüş bir dəri bir sümük körpə cəsədinin yanında diz üstə çöküb hönkürürdü. Başqalarını çəkən adamın özünü çəkmişdilər. Gözlərindəki kədəri orada qurutmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG