Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:18

Dünya Azərbaycanlılarının Qurultayı hansı qərarlar almalıdır?


Sabir Rüstəmxanlı
İyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında yayılan xəbərə görə, qurultaya 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Dünyaya səpələnmiş diaspor təşkilatları bu qurultay barədə nə düşünür? Qurultaydan hansı gözləntiləri var? «İz» proqramı bu suallarla DAK-ın həmsədri Sabir Rüstəmxanlı və İzmir Azərbaycan Kültür Mərkəzinin sədri Camal Məmmədxanoğluna üz tutub.

--Dünya Azərbaycanlılarının ilk qurultayından 10 il ötdü. Sizcə, bu 10 ildə diaspor sahəsində hansı dəyişikliklər, irəliləyişlər oldu?

S.R. - Hər halda, bu 10 ildə Azərbaycan diasporunun həyatında müəyyən dəyişikliklər baş verib. Əvvəla, diasporun coğrafiyası genişlənib, keyfiyyəti dəyişib. Azərbaycanlılar getdikcə xaricdə milli kimliklərini—hansı dövlətə, hansı mədəniyyətə mənsub olduqlarını daha yaxşı dərk edirlər. Bizim orta əsrlər dövründə Səfəvilər, Qacarlar, Avşarlar adı altında sülalə dövlətlərimiz olub. Sonra ümmətçilik ön cərgədə dayanıb. Ümumi İran, Osmanlı dövlətinin adının altında qalıblar. Təəssüf ki, bütün bunlar və İslam dininin bəzi xüsusiyyətləri –hamıya bir gözlə baxmaq və hamını müsəlman saymaq - milli düşüncəni xeyli zəiflədib. Milli düşüncə yalnız milli dövlətin sayəsində inkişaf edə bilər. Cəmi 20 ildir ki, müstəqil dövlətimiz var və son 200 ildə Azərbaycanın parçalanmasından sonra, 1918-ci ildə Şərqdə ilk demokratik Cümhuriyyətin meydana çıxması və 1991-ci ildə bu dövlətin bərpası Azərbaycanın taleyində, milli şüurunda ciddi izlər buraxıb. İndi bu proses gedir, amma ləng gedir. Prosesin ləng getməsinin də bir sıra tarixi səbəbləri var. Eyni zamanda ailəmizdən tutmuş dövlətimizə qədər hər yerdə milli kimliyimizi kifayət qədər təbliğ etmirik. Uşaqlarımızda o hissi zəif aşılayırıq və s. Ona görə də, azərbaycanlılar getdikləri ölkələrdə assimilyasiyaya daha çox meylli olurlar. Bunların qarşısını almaq üçün dünya azərbaycanlılarının birliyi, birgə görüşlər keçirmələri son dərəcə vacibdir. Mən Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq 10 ildən artıqdır ki, bu işlə məşğulam. Başqa sədrlər və idarə heyətinin üzvləri də bu işin üstündədirlər və hamısı da qurultayda iştirak edəcəklər.

C. M.—Mən bir neçə gün öncə bir müraciət yollamışdım. Orada da qeyd etmişdim ki, Dünya Azərbaycanlılarının 1-ci Qurultayı müstəqillikdən sonra Azərbaycanın həyatında ən önəmli olaydır. Bu qurultay Türkiyədə də, Güney Azərbaycanda da, Rusiyada da, digər ölkələrdə yaşayan Azərbaycan türkləri arasında da böyük həyəcan yaratdı və onların şüurunda sıçrayış baş verdi. Təşkilatlanma məsələsində çox böyük uğurlar oldu. Güney Azərbaycan Milli Mücadiləsində önəmli gəlişmələr baş verdi. Son 10 ildə diaspor təşkilatlarının sayı beşqat artdı. Məsələn, Türkiyədə 3-4 təşkilatımız vardısa, indi sayı 40-a yaxındır.

-- Son vaxtlar internet yazışmalarında belə bir sual dolaşır ki, bu qurultay Azərbaycanda doğulub böyüyən və sonra xarici ölkələrə köç edənlərin qurultayıdır, yoxsa dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox Azərbaycan türkünün? Siz bunu necə cavablayardınız?

S.R.-- Bu, dünyanın harasında yaşamasından asılı olmayaraq, özünü Azərbaycan türkü sayan soydaşlarımızın qurultayıdır. Bu, bütöv Azərbaycanın qurultayıdır. O sözü deyənlər İranla ticarəti olanlar, əlaqələri olanlar, İrandan qorxanlardır. İranda yaşayan türkləri bu prosesdən kənar saxlamağa çalışan müəyyən adamlar var. Və yaxud DAK deyəndə, onun sədrini ancaq güneyli, ya quzeyli, yaxud xarici dövlətlərdən birinin nümayəndəsi kimi təsəvvür edənlər var. Bizi bu proseslərdən kənar saxlamaq istəyənlər var. Düzdür, biz diaspor deyilik, amma diasporun gördüyü bütün işlərdə yaxından iştirak edirik. Maraqlarımız da, gələcəyimiz də birdir. Mənə elə gəlir ki, qurultayda bu məsələlər vurğulanacaq. Buradan gedənlərin bəziləri iqtidarı sevməyərək gedir, qaçıb gedən var və s. Onlardan bəziləri xaricdə Azərbaycana düşmənçilik edirlər. Söhbət Azərbaycanın marağını güdməkdən gedəndə, Güney-Quzey yoxdur. Həyat sübut etdi ki, dünya azərbaycanlılarının həm siyasi, həm mədəni fikir mərkəzi Bakıdır. İrandan da bura gələnlər çoxdur. Biz bu yolu inkişaf etdirməkdən ötrü daha böyük imkanlara malikik.

C.M.--Mənim ürəyimdən keçir ki, bu qurultay dünya azərbaycanlılarının qurultayı olsun. Məni o qurultaya dəvət etmədilər. Amma qurultaya çağırılanlardan rica etdim ki, öyrənin görək, Güney Azərbaycandan neçə nəfər dəvətlidir? Fikirləşirəm ki, bu say, ən azı, yüzdə əlli olmalıdır. Çünki Azərbaycan türklərinin 70 faizi Güney Azərbaycandadır. 1-ci Qurultayda Heydər Əliyevin, 2-ci qurultayda İlham Əliyevin «biz 50 milyonu təmsil edirik» deməsi məndə bu fikri yaradıb. Amma görürəm ki, qurultaya dəvət edilənlərin ən çox 10 faizi güneylidir. Ona görə də, dəvətliləri seçərkən yanlışlıq yapıldığını
Camal Məmmədxanoğlu
düşünürəm.

--Camal bəy, Sizi niyə qurultaya çağırmayıblar?

C.M.--Diaspor Komitəsi dünyanın hər yanında, dövlət məmuru kimi öz əmrində çalışan təmsilçilər axtarır. Mən də azadfikirli bir insanam. Azərbaycan üçün durmadan çalışıram. Yəqin mənim məmur kimi çalışmamam onlarda mənimlə ilgili müəyyən fikirlər ortaya çıxarır və ona görə dəvət etmirlər. İzmirdə başqa bir dərnək var. O, Diaspor Komitəsinə qulluq edən dərnəkdir. Onları çağırıblar. Komitədə belə yanlış bir fikir var, düşünürlər ki, diaspor təşkilatları bağımsız təşkilatlar olmamalıdır, mənim əmrimdə çalışmalıdır. Mən də o fikrə qarşı çıxdığımdan məni çağırmadılar...

--Qurultaya qatılmaq istərdinizmi?

C.M.--Önəmli qurultay olduğunu bildiyimdən qatılmaq istərdim. Amma bu şəkildə, bu düşüncəylə qatılmağın bir mənası yoxdur... Mən əvvəlki qurultaylarda da görmüşəm. Özləri deyib-özləri eşidirlər. Qurultay qatılımçılarına söz haqqı vermirlər.

--Sizcə, dünya Azərbaycanlılarının ən önəmli məsələsi nədir?

S.R.--Birinci istiqlaliyyət, ikinci bütövləşmək!

C.M.—Dünya azərbaycanlılarının iki önəmli məsələsi var. Birincisi, işğal edilmiş Qarabağ torpaqlarının azad edilməsi, ikincisi, Güneydə yaşayan qardaşlarımızın ana dilində təhsil məsələsi və bu yöndə yapılacaq işlər. Bir yanda işğal edilmiş torpaqlarımız, bir yanda işğal edilmiş dilimiz... Qurultay yaşanmaqda olan bu iki yaranın kölgəsində toplanır. Fikrimcə, bu qurultay rəsmi olduğu üçün Güney Azərbaycan məsələsində önəmli qərarlar ala bilməyəcək.

--Bəs qurultaya İranda yaşayan azərbaycanlılardan qatılan olmayacaq?

S.R.--Qatılacaq, kifayət qədər çox qatılacaq. İran deyilən dövlətdən qatılan olmasa da, İran rejiminin əlindən yaxasını qurtarıb xarici ölkələrdə yaşayan kifayət qədər azərbaycanlı qatılacaq.

C.M.—Güney Azərbaycandan zatən iştirak edə bilməzlər. Yazıq bizim dostlarımız! Gəlsələr, qayıdarkən tutulacaqlar... Amma heç olmasa, qurultaya qatılanlardan 50 faizi xaricdə yaşayan güneylilərdən olmalıydı. Müraciətimdə qeyd etmişdim ki, qurultayın qərarları Azərbaycan Milli Məclisindən daha üst mövqedə yer almalı və Milli Məclis bu qərarları həyata keçirmək yönündə çalışmalıdır. Çünki Milli Məclis 9 milyonluq bir dövlətin Məclisidir, qurultaysa 50 milyonluq bir xalqın!

--Qurultaydan gözləntiləriniz nədir?

S.R.--Qurultay getdiyimiz çətin yolda növbəti mərhələ, addımdır. Qurultayla heç nə həll olunmur. Çünki millətin şüuru, özünüdərki və öz gələcəyinə doğru getdiyi yolda inamı hər şeyi həll edir. Başqa heç nə gözləmək lazım deyil.

C.M.—Qarabağla ilgili bir gözləntim var. Qurultay qərar almalıdır. Əgər ilin sonuna qədər sülh yolu ilə işğal edilmiş torpaqlarımızda bir gəlişmə olmazsa, Azərbaycan barış masasından qalxmalıdır. Savaşla torpaqların alınması üçün hazırlıq yapılmalıdır. Azərbaycanda çox problemlər var. Rüşvət, seçkilərin azad keçirilməməsi, demokrasi və s. Amma bunlar dediyim iki məsələnin yanında xırda məsələlərdir.

--Camal bəy, bəlkə önəm vermədiyiniz məsələlər—rüşvət, qeyri-azad seçki, demokratiya qıtlığı diqqətə alınsaydı, ən önəmli saydığınız məsələlər də yoluna qoyulardı?

C.M.--Mənim Türkiyədən Azərbaycanın iç məsələləri ilə bağlı fikir yürütməmi dışarıdan qəzəl oxumaq adlandırmaq olar. O üzdən bu barədə danışmağı düzgün saymıram. Hər şeyə rəğmən, bu qurultayın Azərbaycan türk dünyasına xeyirli və uğurlu olmasını diləyirəm.
XS
SM
MD
LG