Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

"Çimmək qadağandır" xəbərdarlığına niyə inanmırlar?


"Burada çimmək qəti qadağandır!"
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00
Direct-ə keçid

Şıx çimərliyində çimmək qadağan olunsa da buna məhəl qoyan yoxdur


Çimərlik mövsümü başlayıb. Amma Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsi çimərliyində çimmək məsləhət görülmür. Səbəb də həmin sahil sularında çirklənmənin normadan artıq olmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin birgə apardığı monitorinqlər zamanı üzə çıxıb ki, bu ərazilərdə tullantı suları norma və standartlara uyğun təmizlənmədən dənizə axıdılır. Bu səbəbdən də həmin çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.

Bu ilki mövsümdə birinci dəfə çimərliyə gəldiyini deyən Asiman Bağırova isə hesab edir ki, rəsmi qurumlar cəmi iki çimərliklə bağlı narahatlıq ifadə etsələr də əslində əksər çimərlikdə vəziyyət ürəkaçan deyil:

”Dəniz nə vaxt təmiz olur ki? Bizim çimərliklər həmişə çirkli olur, mən narazıyam çimərliklərin vəziyyətindən, istər pullu olsun, istərsə də pulsuz”.

Şıx sahil zolağındakı çimərliklərin əksəriyyətində çirkab sularının dənizə axıdılmasının şahidi olduq. Çirkab suları əsəsən bir çimərlikdən digərinə keçid olan çəpərlənmiş ərazilərdən dənizə axıdıldığından və həm də üzəri daş parçaları ilə örtüldüyündən onu çimərliyə gələnlər görə bilmirlər.

Amma çimərlik sahibləri çirkab suların dənizə axıdıldığını təkzib edirlər. Dediklərinə görə dənizə axan duş kabinələrindən çıxan təmiz sudur.

“ÇİMMƏK QƏTİ QADAĞANDIR”

Şıx zolağındakı pulsuz çimərlikdə “Çimmək qəti qadağandır” lövhəsinin vurulmasına baxmayaraq həmin ora gələnlərin sayı ödənişli yerdən daha çox idi. Səbəb elə deyəsən çimərliyin pulsuzluğunda idi.

Bakı sakini Cəfər Əliyev: “Hə, düz edib yazıblar “Çimmək qadağandır”. Biz görürük burda natəmizlikdir, amma bura pulsuz olduğu üçün əlverişlidir. Bizə dəniz sahilində qum və günəş şüası lazımdır, biz də pulsuz olduğu üçün xəbərdarlığa baxmayaraq, bura gəlirik”.

Pulsuz çimərliyə üz tutanların deməsinə görə, rəsmi qurumlar hər il orada bakterioloji çirklənmənin normadan artıq olduğunu deyirlər, amma adamlar yenə də çimir.

XƏBƏRDARLIQ LÖVHƏSINİN MƏQSƏDİ?


Həmsöhbətlərimin deməsinə görə, eyni sahil zolağında olmasına baxmayaraq, qadağalarla bağlı xəbərdarlığın pulsuz çimərliklərin ərazilərinə vurulması onlarda müəyyən şübhələr yaradır. Mövsüm başlayandan bəri bir neçə dəfə qadağan edilmiş yerdə çimdiklərini deyən Rusiya vətəndaşı Maqomed Axmedov bu xəbərdarlığı o qədər də səmimi hesab etmir. Onun fikrincə, bu elan adamları pullu çimərliklərə yönəldilmək məqsədi daşıyır.

“BİZ XƏBƏRDARLIQ ETMİŞİK...”

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, onlar vətəndaşları xəbərdar ediblər və adamların həmin çimərliklərdə çimməsinin qarşısını aidiyyatı qurumlar almalıdır:

“Biz qərarı qəbul edib göndərmişik Bakı Şəhər İcra hakimiyyətinə, hüquq-mühafizə orqanlarına və digər aidiyyatı qurumlara. İndi hərənin öz səlahiyyəti var. Əgər əhali çimirsə, ərazi üzrə polis müvəkkilləri var, onlar bunun qarşısını almalıdırlar”.

Ziyəddin Kazımovun sözlərinə görə, adı çəkilən çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmənin normadan artıq olması o deməkdir ki, orada çimənlər kəskin mədə-bağırsaq sistemi xəstəliklərinə tutula bilərlər. Əslində adamlar özləri xəbərdarlıq olunan çimərliklərə getməməli, öz sağlamlıqlarının qeydinə qalmalıdırlar.
XS
SM
MD
LG