Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

Etibar Muradxanlı "Fəridə nənəgilin pəncərələri" (Hekayə)


…Səhərin işığından tez otağa həyətdə ağartı satan qadının səsi doldu: “Qatıq var, qatıııq, təzə süd var, təzə süüüd”. Fəridə xala gözlərini acmamış ağzını ayırdı:

- Səsin batsın, səs yiyəsi!- Yorğanını kənara tullayıb yerində oturdu: - Elə bil boğazını gavahınla deşiblər, batmışın!- Yarıyarımcıg gərnəşib özünü tələsik pəncərəyə catdırdı: -Ağəz, nə bağırırsan səhər- səhərinə? Qoysana gözümüzün acısını alaq!..

- Fəridə xala, qaymaq kimi qatığım, yaxşı südüm var. Kənddən indicə gətirmişəm. Qaldırım yuxarı?..

- Ağəz, südün də, qatığın da gözünə girsin elə. Kənddən qatıq satmağa gəlmisən, yoxsa camaatı dəli eləməyə? Gələndə niyə qıçın sınmadı kı, biz də rahatca yataq?!
Qatıqcı məhəl qoymadı. Üzünü ücüncü mərtəbədəki mənzilinin pəncərəsindən başini cıxaran gəlinə tutub sualını cavabladı :

- Hə, hə, gəlib aparsın. Banka da göndər.

Gəlin uşağı həyətə göndərmək üçün pəncərədən içəri çəkildi. Fəridə xala: - Gəl az, gəl, bunlara baş qoşsan gərək bunların tayı olasan!- deyə otaqda özündən başqa da kimsə varmış kimi şikayətləndi. Pəncərəni çırpıb otağa addımladı. Amma qapıya catmamış pəncərənin çərçivəsinə dəyib yenidən açıldığını görəndə gatıqçını unutdu:
- Topal olasan səni, ağəz, ehmal örtsənə!- geri qayıtdı.

Televizoru yandırıb mətbəxə keçdi. Çayniki qazın üstünə qoydu. Mətbəxdə səhər yeməyinə hazırlıq görüncə çaynik qaynadı... Dəm almasını gözləmədi. İki stəkan çay süzüb otağa gayıtdı. Televizorun qarşısında oturub harasa tələsirmiş kimi qaynar cayı üfləyə-üfləyə içməyə başladı.

- İç, iç, indicə yeməyimiz də hazır olar. - Stəkanı şaqqıltı ilə nəlbəkiyə qoydu. Qalxıb mətbəxə keçdi. Tavadakı yağ zəif qazın üstündə artıq ərimişdi. Iki yumurtanı tavaya sındırıb çalmağa başladı:

- Ay qız, bu bizə bəs eləyəcək? - Öz sualına özü də cavab verdi: - Bəsimizdir, əlbəttə bəsimizdir, at deyilik, dəvə deyilik. Bəs elər, hələ çoxdur da...

Qapı döyüldü. Dilbər idi, qonşusu:

- Çörəyə gedirəm, sənə də alım?

Fəridə xala bir söz demədən geri qayıtdı. Televizorun üstündən pulqabını götürüb giriş qapısına tərəf addımladı:

- Alanda bax ha, qara-qurasını alıb gətirmə!

Min yeddi yüz əlli manat ayırıb Dilbərə verdi. Dilbər pulu götürsə də qapıdan çəkilməyib sual dolu gözlərini Fəridə xalaya dikmişdi. Fəridə xala qonşusunun nə istədiyini dərhal anladı:

- Hə, zəng eləmişdi, qurban olduğum. Axşam saat on ikidə. Elə təzəcə yatmışdıq ki, zəng gəldi. Amma gecikdik. Biz telefona catana qədər zəng kəsildi. - Fəridə xala uydurdu: - Orda axı bizdən bir saat soora axşam olur. Elə həmişə o vaxtlar zəng edir, qurban olduğum.

Dilbər qonşusunun sözlərinə inanmadı. Bayaqdan əlində saxladığı pulu çantasına qoyub bir söz demədən pillələri düşməyə başladı. Fəridə xala Dilbərin ona inanmadığını başa düşdü.

O, aşağıdakı mərtəbədə gözdən itənə qədər yerindən tərpənməyib ardınca baxdı. Qarı Dilbərdən inanmadığına görə incisə də onu inandıra bilmədiyinə görə özünü qınadı. Axı axşam saat on ikidə doğrudan da zəng gəlmişdi. Amma zəng edənin Nazim olub olmadığını bilmirdi.

Yadında idi ki, bir neçə il qabaq da Nazim ona elə o deyən saatda zəng eləmişdi: Gecə saat on ikidə. İndiki kimi yadında idi. Elə bil indicə danışmışdı onunla. Səsi hələ də qulaqlarından getmirdi.

Oğlunun uzaqdan gələn xırıltılı səsi sanki telefon telinin içərisindən üzülərək axıb süzülürdü. Nazim anasına orada evləndiyini deyirdi. İşlərinin yaxşı getdiyindən, yaxşı dolandığından danışırdı. Fəridə xalanı isə daha çox oğlunun can sağlığı və təzə gəlini maraqlandırırdı.

Nazimin çox danışmağa imkanı olmasa da anasının butun suallarına cavab verdi. Fəridə xala bildi ki, gəlininin adı Tatyanadır. Amma oğlu onu Tanya çağırır. Özü də çox gözəldir.

Həm də onun düşündüyü kimi sarışın, göygöz yox, ağbəniz, qaraqaş-qaragöz, qarasaçdır...

...Sonra oğlunun səsi kəsildi. Elə vaxtda kəsildi ki, anası öz halından, əhvalından danışırdı. Vəziyyətinin yaxşı olduğunu, təqaüdünün ona bəs deyincən çatdığını, heç nədən əziyyət çəkmədiyini, təkcə onun xiffətini elədiyini söyləyirdi...

Xətt kəsilmişdi. Nazim anasının sözlərini eşitmirdi.

Amma Fəridə xala bunun fərqində deyildi. Danışırdı. Oğlunun onun hər sözünü, hər kəlməsini yanğı ilə hava kimi, su kimi ciyərlərinə çəkdiyini düşünürdü.

O, hətta fürsət tapıb qonşuları ilə mehriban dolandığından, qonşularının da hər gün Nazimi azı əlli dəfə xəbər aldıqlarından danışırdı...

Nazimin son zəngindən bir neçə ay sonra Fəridə xala oğlundan məktub da aldı. Elə eyni məzmunda. Bircə ata olması təzə xəbərdi. Nazim Tanya ilə, qızı Fəridə ilə çəkdirdiyi şəkli də anasına göndərmişdi. Bir də əlli dollar pul...

...Yanıq qoxusu Fəridə xalanı xəyaldan ayırsa da mətbəxə tələsmədi. Əslində otağın mətbəxi daha mətbəx deyildi.

İyirmi il qabaq rəhmətə getmiş həyat yoldaşı mətbəxi yataq otağı, yataq otağını isə qonaq otağı eləmişdi. Mətbəxi isə bir otaqlı mənzilin balkonuna keçirmişdi...

Stola düzdüyü stəkanları, - öz stəkanını da, dolu qalmış o biri stəkanı da götürüb ləng addımlarla qaz peçini söndürməyə getdi. Mətbəx elədikləri balkonun tavanı tüstüdən görünmürdü. Pəncərəni açdı ki, evin havası dəyişsin.

Bir əlində unutduğu stəkandakı çayı pəncərədən həyətə atdı. Çərçivəyə dayaqlandı. Tüstü çəkilincə gözləmək, sonra təzədən qayğanaq bişirmək istəyirdi ki, aşağı mərtəbədə yaşayan Nisənin səsini eşitdi:

- Çayı niyə uşağın başına tökürsən, ay kaftar?!

Nə dediyini anlamadı:

- Nə deyirsən, ay qız? – deyə sanki qulağını Nisənin dodaqlarına yaxınlaşdırırmış kimi aşağı dartındı.

- Deyirəm korsan, çayı niyə uşağın başına tökürsən?! - Nisə daha da coşdu. Fəridə xala çaşdığını, çayı əl-üzyuyana yox, həyətə atdığını indi anladı. Amma özünü sındırmadı:

- Get, get, aaz, ordan bağırmaqdansa, get uşağın başını qurula, görüm elə başın batsın! - Qonşusunun səsini eşitməsin deyə pəncərədən çəkildi: - Gəl az, gəl, gəl, bu da adam olub!.. - Qayğanaq bişirməyi də unudub qonaq otağına keçdi. Şaqqıltı ilə televizorun kanalını dəyişdi. Amma oturmağa macal tapmamış qapı döyüldü.
- Gedək, görək Dilbər bizə necə çörək gətirib.

Gələn Dilbər yox, poçtalyon idi. Fəridə xala bir söz demədən düz onun gözlərinin içinə baxır, nə deyəcəyini gözləyirdi. Artıq bir neçə il idi ki, Fəridə xala poçtalyondan heç nə soruşmur, onun eyni cavab verəcəyindən qorxurdu.

Bu elə poçtalyonun da ürəyincəydi. “Yoxdur”- deyib qan qaraltmaqdansa, susmaq yaxşıydı. Artıq küçədə rastlaşanda da yad adamlar kimi sivişib ötür, baxışlarının toqquşmamasına çalışırdılar.

Amma bu onlar üçün heç də asan olmurdu. Sual dolu nəzərlər altında başını aşağı tutub sivişmək poçtalyon üçün nə qədər ağır idisə, onu belə məzlum görmək də Fəridə xala üçün çətin idi.

İllah da poçtalyonun özünü yalnız Fəridə xalanın qarşısında günahkar hiss etdiyini biləndə.

Buna baxmayaraq poçtalyon ötüb keçəndən sonra da Fəridə xala ayaq saxlayıb onun ardınca baxmaqdan, dərindən köks ötürməkdən özünü saxlaya bilmirdi. Poçtalyon isə qarının nəzərlərini ağır yük kimi kürəkyində hiss etdiyindən xeyli uzaqlaşandan sonra belə geri boylanmağa cəsarət etmirdi…

…Gözlərini ev sahibəsinin nəzərlərindən yayındırmaqda sükut ona bəhanə oldu. Üzünü Dilbərgilin qapısına tərəf çevirib soruşdu:

- Evdə yoxdurlar?

Fəridə xala özündə deyildi. Sanki ruhu cismindən qopub göylərdə pərvaz edirdi. Poçtalyonun nə dediyini belə eşitməmişdi. Bu neçə illərdə poçtalyon birinci dəfə idi ki, onun qapısını döyürdü.

Həyəcandan bütün bədəni tir-tir əsir, ürəyi az qala yerindən uçunurdu. Poçtalyon da onun qapısını döydüyünə görə peşiman olmuşdu. Özünü itirdiyindən nə edəcəyini, vəziyyətdən necə çıxacağını bilmirdi.

Aşağı mərtəbədən ayaq səsləri eşidildi. Və bir an keçmədi ki, Dilbər dördüncü mərtəbənin pillələrini buruldu. Onun bu gözlənilməz gəlişi hər ikisini çıxılmaz vəziyyətdən qurtardı. Poçtalyon sevincək Dilbərin qarşısına yüyürdü:

- Dilbər xala, sizə İcra Hakimiyyətindən məktub var! –deyə əlini çantasına atdı. Dilbər məktubu alar- almaz poçtalyonun ayaq səsləri birinci mərtəbədən gəlib kəsildi.
- Canın yansın sənin! – Fəridə xala Dilbəri gözləmədən qapını da açıq qoyub otağa qayıtdı. Dilbər də onu narahat eləmədi.

- Çörəyi dolabcanın üstünə qoydum. –dedi: - Yaxşısını seçmişəm, arxayın ol. - Qapını astaca arxasınca çəkib getdi. Fəridə xala kreslodan qalxıb ayağını çəkə - çəkə yenidən televizora yaxınlaşdı.

Televizorda nə getdiyinin fərqinə varmadığı kimi hansı kanala çevirdiyinin də fərqinə varmadı: Təki evdən səs gəlsin.

Televizorun üstündəki saata dayadığı oğlunun yoldaşı və qızı ilə çəkdirdiyi şəkli götürüb yerinə qayıtdı. Amma yerində qərar tutmadı. Yenidən qalxıb servanta yaxınlaşdı.

Siyirtməni çəkdi. Axtarıb oğlunun bir neçə il bundan qabaq göndərdiyi məktubu tapdı. Zərfi aça –aça gəlib kresloya əyləşdi. “ Salam ana, biz yaxşıyıq”.- İlk dəfə məktubun bu ilk cümləsini oxuyanda “Biz” nədir, ə?- deyə təəccüblənmişdi. Amma dərhal da yadına düşmüşdü ki, bu barədə hələ məktubu oxumamış xəbər tutmuşdu:

Oğlunun bir neçə ay qabaqkı zəngindən, bir də məktubu açan kimi gördüyü şəkildən. Əvvəllər oğlu ona şəkil göndərməzdi. Məktubunda da ancaq “mən” ifadəsindən istifadə edərdi. İndi artıq o, “biz”-ə keçmişdi.

“İstəyirəm ki, sən də yaxşı olasan”.

- Yaxşıyam, qurban olum, mən də yaxşıyam!

“Anacan, gec məktub yazdığıma görə məni bağışla. Axı mən hərbçiyəm. İxtiyarım öz əlimdə deyil”.

- Allah bağışlasın, bala! Təki sağ-salamat ol, elə bu mənə bəsdir.

“Anacan, bu şəkildə gördüyün Tanyadır. Əsil adı Tatyanadır. Amma Tanya deyirik”. Oxumağa aram verib digər əlində tutduğu şəklə baxdı:

- Elə bil heç xaxol deyil bu Tanya. Gözündən, qaşından, sifətindən də elə bizimkilərə oxşayır.

“Anacan, Tanya komandirimin qızıdır. Onlar da mənim kimi gəlmədirlər. Ukraynadan gəliblər. Onun da atası hərbi məktəbi qurtarandan sonra burada qalıb. Elə burada da evlənib”.

Yenidən oxumağa aram verdi. Əlində tutduğu şəkli gözündən xeyli aralı tutub diqqətlə baxmağa başladı.

O, yaxından yaxşı görmürdü. Sonra elə beləcə də məktubu oxumağa davam elədi. Amma kağıza baxmadan. O, oğlunun yazdığı məktubu artıq əzbər bilirdi:

“Bu gördüyün qızcığaz isə balaca Fəridədir. Mən onu “Anam”- deyə çağırıram”.
- Anam deyən dilinə qurban!

“Anaçan, balaca Fəridə doğrudan da sənə oxşayır. İndidən bilinir ki, böyüyəndə də sənin kimi boylu- buxunlu, gözəl olacaq”.

- Düz deyir, aaz, lap elə mənə oxşayır. Bax, bax, - Kiməsə göstərirmiş kimi şəkli yana cevirdi. - Gözlərinə bax, burnuna, qaşına, sifətinə diqqətlə bax. Saçları da elə uşaqlığımda olduğu kimi qıvrım- qıvrımdır. Eynən mənəm, eynən,.. yaradanına qurban!..

Telefon zəng çaldı. Rəfiqəsi ona iş tapdığını deyirdi. Fəridə xala darıxmasın, başı qarışsın deyə rəfiqəsi Xanımdan ona iş tapmasını xahiş eləmişdi. Xanım da Politologiya institutunun yataqxanasında ona iş tapmışdı.

Girişdə oturub gəlib – gedənləri qeydə alacaq, açarları otaq yiyələrinə verəcək , yataqxanadakı nizam – intizama nəzarət edəcəkdi.

Şəkli öz yerinə, zərfi də öz yerinə qoydu. Tələsdiyinə görə yox, məktubu oxuyub bitirmək istəmədiyinə görə. Sanki məktubu oxumaqdan aldığı zövqün bitməsini istəmirdi.

Ümumiyyətlə, Fəridə xala məktubu gündə bir- neçə dəfə əlinə götürsə də , heç vaxt axıra qədər oxumurdu.

Sanki özünü intizarda qoymaq, ardını daha sonra oxumaqla xoşbəxtliyinin ömrünü artırmaq istəyirdi. Qəfil zəng bəhanə oldu...

Иlk iş günü çox darıxdırıcı keçdi. Əvvəlcə komendantla tanış oldu, sonra Rəhim kişi ilə, sonra isə yataqxana ilə.

Daha sonra da tələbələrlə. Əslində yataqxanada təkcə tələbələr qalmırdılar.

Tələbə olmayanlar da, erməni işğalı nəticəsində yurd - yuvalarından didərgin düşənlər də, institutdan sonra qalıb yaşayanlar, müxtəlif vəzifələr tutub orada məskunlaşanlar da, hətta hansı yollarla ora gəlib çıxdığı məlum olmayan alverçilər də var idi. Bir sözlə , aləm bir –birinə qarışmışdı. Fəridə xalaya təəccüblü gələn, qızların da həmin yataqxanada yaşamaları idi...

Fəridə xala Rəhim kişiyə tez bələd oldu. Növbəni təhvil götürəndə bircə saat, təhvil verəndə isə onca dəqiqə bir yerdə olmaları arvada kifayət elədi ki, Rəhim kişini əməlli- başlı tanısın: “Zalım oğlu elə bil zəhər tuluğudur, gətirib burda qoyublar ki, gələn –gedənin kefinə soğan doğrasın”.

Növbəni təhvil götürəndə onun köməyinə ehtiyacı olduğu üçün bir saat qanının qaralmasına məcbur idisə, təhvil verəndə belə bir köməyə ehtiyacı yox idi. Ona görə də Rəhim kişi yataqxananın qapısından içəri girən kimi yığışdı.

Elə bil evdə doğma adamını baxımsız qoyub gəlmişdi. Amma Rəhim kişi onun yataqxananı belə tez tərk etməsinə razı olmadı.

Açarlardan tutmuş süpürgələrə, koridordakı stol – stuldan tutmuş hamam otağındakı avadanlıqlara qədər hər şeyi bir – bir yoxlayıb təhvil götürdü.

Sonra da özünün tərtib elədiyi jurnalı qollayıb arvaddan əl çəkdi. Yataqxanadan çıxanda Fəridə xalanın çiynindən elə bil ağır yük götürüldü.

Yeyin addımlarla dünəndən tənha qoyduğu evinə, mənzilində tək buraxdığı xəyali rəfiqəsinin yanına tələsdi. Dünəndən ürəyi onların yanında qalmışdı.

Hətta gecə uzunu kimsəsiz mənzilinə bir neçə dəfə zəng edib, cavabsız siqnalların üzüntülü səsinə qulaq asmışdı. Sanki uzun uzadı düyüldəyən bu siqnallardan mənzilinin nəfəsini duymuş, xəyali rəfiqəsindən xəbər tutmuşdu...

- Salam, aaz, - Çiyin çantasını elə girişdəcə dolabın üstünə qoyub, içəri keçdi. Qonaq otağında, yataq otağında , mətbəxdə xeyli dolaşdıqdan sonra yenidən dəhlizə qayıtdı. Aralı saxladığı qapını bağlayıb içəridən kilidlədi. Paltosunu çıxarıb asılqana keçirdi.

- Gəl, gəl, naharımızı hazırlayaq. - Mətbəxə adladı. Qazı yandırmazdan öncə pəncərəni açıb həyəti nəzərdən keçirdi. Uşaqlar çantalarını sürüyə - sürüyə məktəbə gedirdilər. Universitetdə rus dili müəllimi işləyən Tahir müəllim həyətdə durub pəncərədən boylanan həyat yoldaşına nəsə tapşırıqlar verir, ev dəllalı işləyən Xanlar cib dəftərçəsini varaqlaya – varaqlaya həyətdə var – gəl edirdi...

...Иki stəkan çay süzüb elə mətbəxdəcə divara söykədiyi ensiz stolun üstünə qoydu. Pəncərənin şüşəsini həm bayır, həm də içəri tərəfdən silib təmizlədi. Kətili altına çəkib pəncərənin qarşısında oturdu. Bir gözü həyətdə çayını nəlbəkiyə süzüb üfləyə - üfləyə içdi.

- Bax aa, bazarlıq eləmək yadımdan çıxıb! - Qalxıb deyinə - deyinə soyuducuya yaxınlaşdı.

- Yumurtamız qalıbmı?

Soyuducunun gözündə iki yumurta qalmışdı. O, adətən iki nəfərlik bazarlıq elədiyi kimi yumurtanı da həmişə cüt alırdı.

- Bəsimizdir. - Yumurtaları alüminiüm qazançaya qoyub soyutma bişirmək üçün qazı yandırdı. Stəkanları yaxalayıb yenidən pəncərənin qarşısında oturdu. Axşamı yatmamışdı. Naharını edib yataq otağına kecəcəkdi. Amma nədənsə tələsmirdi. Soyutma yumurtalar hazır olduqdan sonra da bir xeyli qazanda qaldı. Sonra birini boşqaba qoyub qabağına çəkdi. Bir gözü həyətdə uzun –uzadı stolun üstünə döyəcləyərək əzdi.

- Gəlmədi, yox, yəqin bir işi çıxıb. - Fəridə xala qatıq satan qadının gəlişini gözləyirdi. Saat doqquzu keçmişdi. Adəti üzrə o, doqquza işləmiş artıq məhəllədə olardı. Fəridə xala da onun səsinə öyrəşmişdi. Əslində qatıqçının səsi gəlməmiş Fəridə xala oyanardı. Amma o, “qatıq var, təzə qatıq”. - deyə məhəlləyə səs salmayınca yatağından qalxmazdı.

Yumurtanı bol – bol duzlayıb çörəksiz yedi. Stolun üstündəki yumurta qabıqlarını yığışdırarkən yeyilməmiş ikinci yumurtanı da qabıqlarla birlikdə götürüb zibil vedrəsinə atdı. Saat artıq ona qalırdı.

- Gedək, aaz, gedək yataq, bu gələnə ozşamır. - Qatıqçının daha gəlməyəcəyinə əmin olunca yataq otağına keçdi...

Qapıdan içəri girən kimi Rəhim kişi saatına baxdı. Doqquza üç dəqiqə işləyirdi. Fəridə xala düz üç dəqiqə işə gecikmişdi. Rəhim kişi növbə yoldaşının təzə olduğunu nəzərə almadı:

- Gecikirsən aaa,.. arvad, gecikirsən! Çalış işə vaxtında gəl!

Fəridə xala elə bilirdi çox gecikib. Çünki o, evdən çıxmamış pəncərənin qabağında bir xeyli durub həyəti seyr etmiş, sonra da həyətdə ləngimişdi. Sanki qatıqçını görməmiş məhəllədən çıxa bilmirdi. Bilə - bilə ki, onun gəlişinə hələ onbeş - iyirmi dəqiqə var...

Fəridə xala da dəqiq adam idi. O, saat gəzdirmədən belə vaxtı bilirdi. Hətta yuxudan belə istədiyi vaxt durmağı bacarırdı.

Dünən arın – arxayın axşama qədər yatmışdı. Axşamçağı isə düz saat altıda yatağından qalxıb qonşusu Dilbərə baş çəkmişdi. Hərə öz qapısının kandarında durub söhbətləşmişdilər.

Fəridə xala uzaq səfərdən qayıdıbmış kimi evdə olmadığı bir gün ərzində həyətdə nə yeniliklər olduğu ilə maraqlanmış, məhəllədəki bütün tanıdıqlarını bir – bir soruşmuşdu.

Dilbər də hesabat verirmiş kimi qonşusunun bütün suallarına tələsmədən cavab vermiş, sonra isə Fəridə xalanın işi ilə bağlı özü suallara keçmişdi.

Fəridə xala birinci olaraq könlünə yatmadığı şeylərdən başlamış, ilk öncə də Rəhim kişidən danışmışdı. Dünən, yenicə tanış olduğu дəqiqələrdə Rəhim kişi haqqında ürəyindən nə keçirmişdisə, olduğu kimi dilinə gətimişrdi.

...Oğlunun məktubunu dünən qaldığı yerdən davam etdi.

“Anam” sözünün mənasını Tanyaya da başa salmışam. O, isə uşağa öz dilinə uyğyn olaraq Anna deyə müraciət edir”.

- Anam, Anam,.. Anna…- deyə Fəridə xala yenidən sol əlindəki şəkli sifətindən xeyli uzaqlaşdırıb iynə saplayırmış kimi müxtəlif pozalarda tutaraq diqqətlə baxmağa başladı.

- Anna, Anna,.. eləcə Nazimin uşaqlığıdı durub. – Qalxıb servantın gözündən ailə albomunu götürdü. Axtarıb Nazimin bir neçə uşaqlıq şəklini tapdı. Annanın şəklini ortada , Nazimin şəkillərini onun ətrafında yanaşı düzdü.

- Bax, bax, aazz, eynən Nazimdir, eynən! - Fəridə xala kreslonun bir küncünə qısıldı. Sanki kimsə çiyni ilə Fəridə xalaya toxunub özünün baxması üçün bir qədər kənara çəkilməsini xahiş edirdi.

- Oxşayır, oxşayır? - Soruşdu.

- Oxşayır da sözdür. - Cavab da verdi. - Elə bil lap bir almadır, yarı bölüblər. - Pıçıldadı. Gözlərini şəkillərdən ayırmadan məktubu davam etdi: “ Qaynatam, dostlarım da Fəridəni Anna deyə çağırırlar. Amma hərdən “ Farda” da deyirlər. “Anam” sözünün mənasını bildiyindən qaynatamın ona “mamıçka” deməkdən də xoşu gəlir”...

...Fəridə xala Rəhim kişinin onun az qala gözünə soxduğu saatının əqrəblərinin səkkizi cəmi üç dəqiqə keçdiyini görəndə özünü saxlaya bilmədi:

- Gecikirsən, gecikirsən, altı aylıq – zadsan bəyəm?! Üç dəqiqə gec getsən xəncərinin qaşları tökülməz ki!

Rəhim kişi özünə bab adama rast gəldiyini görəndə söhbəti uzatmaq istəmədi:

- Yaxşı, yaxşı, ay arvad, mənim səninlə çənə döyməyə vaxtım yoxdur. Gəl növbəni təhvil götür. – deyə dizlərinə dayaqlanıb ayağa qalxdı. Dünən təhvil götürüb qol çəkdiyi kimi, bu gün də hər şeyi bircə -bircə təhvil verib jurnalı Fəridə xalanın qarşısına itələdi. Stolun üstündəki kitabı siyirtmədən çıxardığı komandir portfelinə, portfeli də yemək gətirdiyi əl çantasına qoydu.

- Diqqətli ol! - deyə son tapşırıqlarını verib yataqxananı tərk etdi. Fəridə xalanın diqqətini onun komandir çantası cəlb etmişdi. Ümumiyyətlə, Nazim hərbi məktəbdə oxuyandan bəri hərbçilərə hörmətlə yanaşır, bütün hərbi verilişlərə maraqla baxırdı. Hərbçi çantasını görəndən sonra Rəhim kişiyə də marağı yarandı. Komendant gələn kimi onu Rəhim kişi barədə sorğu – suala tutdu. Məlum oldu ki, Rəhim kişi doğrudan da hərbçi olub. Ömrünün otuz ilini rus ordusunda xidmət edib və polkovnik rütbəsinə qədər yüksəlib. Təqaüdə çıxandan sonra Vətənə qayıdıb. Darıxmasın deyə yataqxanada növbətçi düzəlib. Komendantın dediyinə görə, işə düzəldiyi elə ilk gündən də yataqxanada hərbi qayda – qanun, səliqə - səhman yaratmağa çalışıb. Elə buna görə də təbiətcə sərt və son dərəcə ciddi olan bu adamı ilk vaxtlar heç kəs sevməyib . Amma sonralar bələd olduqca, daxilən nəcib, ürəyiyumşaq, sadə və ən başlıcası da mərdanə olduğunu bildikcə hamı ona qəlbən bağlanıb. Komendantın dediyinə görə o, məhz Rəhim kişinin sayəsində yataqxanada qayda – qanun, səliqə – səhman yarada bilib. Və Rəhim kişi orada işlədiyi üçün yataqxanadan tam arxayındır...

...Fəridə xalaya elə gəldi ki, növbə yoldaşı gecikir. Amma Rəhim kişi vaxtında gəldi. Fəridə xala isə bu gün nədənsə getməyə heç tələsmirdi.

Komendantın dünənki söhbətindən sonra onunla daha çox ünsiyyətdə olmaq, daha çox söhbət etmək istəyirdi. Bir növ onda oğlunu görür, oğlunun qocalığını Rəhim kişinin simasında təsəvvür edirdi. Amma Rəhim kişi ona söhbət üçün şərait yaratmadı.

Sanki özündən asılı olmayaraq, Rəhim kişi ilə bağlı hər şey müəyyən bir plan çərçivəsində inkişaf edirdi. Proseduraya uyğun olaraq avadanlıq, səliqə - səhman təhvil verilib, təhvil götürüldü, jurnala qol çəkildi və Fəridə xala çantasını da götürüb qapını bayır tərəfdən bağladı.

Rəhim kişinin təəssüratı altında yataqxanadan uzaqlaşdı. Sıxıntıdan qurtulsun deyə Rəhim kişini unutmaq istəyirdi ki, qatıqçı yadına düşdü. Dilbər onun dünən də görünmədiyini demişdi. Evə tələsdi ki, bəlkə bu gün qatıqçıdan xəbər tutdu.

Payız çoxdan qurtarmışdı. Qışdan da xeyli keçmişdi . Amma qış havası heç hiss olunmurdu. Havalar yazda olduğu kimi günəşli, isti keçirdi. Fəridə xala günəşi həmişə pəncərələrində görməyə öyrəşmişdi. Hətta onunla qısaca söhbəti də olurdu.

- Hə, gəlmisən?!. Sabahın xeyir, sabahı gətirdiyin yerdə. - Sonra da gileyə keçərdi:
- Noolardı bir gün mənimkiləri də gətirəsən. - Pəncərələri açıb kimisə içəri buraxırmış kimi xoş gəldin edərdi:

- Gəl, gəl görüm, xoş gəldin!..

Bu gün isə bozumtul bir bulud Günəşi arxasında gizlətmiş, ancaq əl – ayağını yığa bilməmişdi. Amma şimal tərəfdən bir – birinin ardınca axan buludlar günəşin səmada bərq vuran saçaqlarını da Bakıya çox görürdü. Günəşsə axtarıb, arayıb azacıq da olsa özünə bir çıxış yeri tapır, qızıl rəngli şölələrini Xəzərin üstünə, Bakının qədimi binalarının üzərinə yayırdı...

Fəridə xala qışmı, yazmı, havanın istimi, soyuqmu olmasına baxmayaraq yataqdan qalxan kimi hər gün mətbəxin həyətə baxan pəncərələrini açar, otaqların da balkona tərəf olan qapılarını aralı qoyub evin havasını dəyişərdi.

Sonra da aynabənddə oturub saatlarla həyəti seyr edər, öz xəyali rəfiqəsi ilə söhbət edərdi. Əslinə qalsa Fəridə xalanın xəyalının məhsulu olan rəfiqəsi elə onun özü idi. Bəlkə də qaraçuxası idi. Amma onsuz özünü təsəvvür edə bilmirdi.

Bütün məsələlərdə onunla məsləhətləşir, hər bir işində onu da nəzərə alırdı.

Hətta bazarlıq edəndə belə aldığını bəyənib – bəyənmədiyini soruşar və onunla hesablaşardı. Aldığı şeyi qaytaranda da:

- Yox, yox, xoşumuza gəlmədi. Bu bizə uyğun deyil. – deyə iki nəfərin adından danışardı. Bəzən də “Ona” hirslənər, qarğış edər, bir müddət “Onunla” danışmaz, küsü saxlardı. Amma bu, çox da uzun çəkməzdi. Elə həmin o qəzəbli dəqiqələrdə belə “Onunla” barışmağa bəhanə axtarar, fürsət tapan kimi bütün günahları “Onun” üstünə yıxıb, axırda da : - Yaxşı, gəl barışaq! - deyə sülh elan edərdi...

... Evə girən kimi pəncərələri açmışdı. Amma onu həyətdə görməmişdi. O, Fəridə xala otağa keçib televizoru yandırıb qayıdınca gəlib çıxmışdı. Amma nədənsə adəti üzrə çağırıb məhəlləni oyatmır, müştərilərini səsləmirdi. Sanki səsi batmışdı. Çantasındakı süd, qatıq dolu bankaları səkinin qırağına düzüb, əlini alnına qoyaraq yuxarı mərtəbələrə baxırdı.

- Aazz, səsi batmış, noolub, səsin niyə çıxmır? - Fəridə xala təəccübünü gizlətmədi. Qatıqçı Fəridə xalanın sualına cavab vermədi. Onu pəncərədə görüncə :

- Fəridə xala, bir şey lazımdır, gətirim? –deyə suala sualla cavab verdi. Fəridə xala qatıqçının əhvalındakı dəyişikliyi dərhal hiss etdi. Onun xırıltılı səsi də güclə eşidilirdi. Sualına cavab almaqda inad etdi:

- Aazz, nəyindir? Gözümə bir təhər dəyirsən?

- Heç, Fəridə xala, soyuqlamışam bir az.

Müştəriləri qatıqçıya yaxınlaşdılar. Onlar öz alverlərini edib gedincə Fəridə xala də pəncərədən çəkilmədi. Qatıqçı qalan bankaları çantasına qoyub üzünü Fəridə xalaya tutdu:

- Yaxşı, Fəridə xala, gedim qalanlarını da o biri məhəllədə satım. - deyə dolu çantalarını qaldırdı. Amma bir iki addım atmamış başı gicəlləndi. Çantasını yerə qoyub dizlərinə dayaqlandı. Əyili vəziyyətdə də nəfəsi çatmırmış kimi acgözlüklə nəfəs almağa başladı. Fəridə xalanın sanki indi yadına düşdü:

DAVAMI

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG