Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:44

Ebadi azərbaycanlıların hüquqlarının necə pozulmasını izah edir


Şirin Ebadi
Şirin Ebadi

Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Şirin Ebadi mayın 9-11-də Osloda keçirilmiş Azadlıq Forumunda "Turan" informasiya agentliyinin də suallarına cavab verib. Həmin müsahibəni təqdim edirik:
"Turan": İranda insan hüquqları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

Ş. Ebadi: Vəziyyət pisdir və kəskinləşməkdə davam edir. Bu, müəyyən dərəcədə ölkənin ali rəhbərliyindəki qarşıdurma məsələn, parlamentin spikeri və prezident, həmçinin ölkənin ali lideri və prezident arasında açıq qarşıdurmalarla əlaqədardır.

Lakin əsasən bu, dövlətin real vətəndaş azadlıqlarına imkan verməyən siyasətinin nəticəsidir. Və bu, son prezident seçkilərindən sonra real olaraq özünü göstərdi. Seçkilər zamanı çox adam həbs olundu, mətbuatda hakimiyyəti tənqid edən adamlar, bundan əlavə, yüzlərlə adam etiraz aksiyalarında iştiraka görə həbsxanaya atıldı. Bu gün İranda yalnız bu dövrdə məhkum olunmuş 100-dən çox siyasi məhbus var.

"Turan": Forumdakı çıxışınızda milli azlıqların hüquqlarının pozulmasından danışdınız. İrandakı etnik azərbaycanlıların hüquqları barədə nə düşünürsünüz?

Ş. Ebadi: İranda çoxlu etnik, dini qrup və cərəyan var. Bizim konstitusiyaya əsasən onlar öz doğma dillərində təhsil almaq hüququna malikdir. Lakin əslində isə bu hüquq təmin olunmayıb. Bundan əlavə, bu və ya digər etnik qrupun və ya millətin sıx yaşadığı regionlarda bu millətlərin nümayəndələri təmsil olunmayıb.

Məsələn, Azərbaycan əyaləti rəhbərliyində etnik azərbaycanlı çətin taparsınız, halbuki, onlar ölkə əhalisinin mühüm hissəsini təşkil edirlər.

"Turan": Belə çıxır ki, azərbaycanlıların mədəni və sosial hüquqları pozulur?

Ş. Ebadi: Azərbaycanlıların, kürdlərin, ərəblərin və digərlərinin hüquqları pozulur. Ölkə hakimiyyətinin siyasəti belədir.

"Turan": Azərbaycan Respublikasında insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

Ş. Ebadi: Sizin vəziyyətlə bağlı kifayət qədər məlumatım yoxdur. Lakin bilirəm ki, orada ciddi problemlər var və bu haqda burada da danışıldı. Demək istəyirəm ki, keçmiş SSRİ məkanında vəziyyət çox pisdir. Mən Türkmənistanda və digər ölkələrdə olmuşam, hər yanda insan hüquqları sahəsində oxşar məsələlərin olduğunu görmüşəm.

Azərbaycanda 90-cı illərin əvvəllərində, SSRİ dağılandan sonra olmuşam. Məndə belə təəssürat var ki, ölkənin dağılması ilə heç nə dəyişməyib. Keçmiş SSRİ respublikalarının bir çoxunda avtoritar diktator rejimlərdir və onlara keçmiş DTK işçiləri və ya bu tipli adamlar idarə edirlər.

"Turan": Kimləri nəzərdə tutursunuz?

Ş. Ebadi: Putini, Əliyevi və başqalarını. Bu ölkələrin ümumi problemi ondadır ki, imperiyanın dağılmasına və müstəqilliyin elan olunmasına baxmayaraq, həmin ölkələr mahiyyətcə azad və demokratik ola bilməyiblər, adamlara isə əvvəlki kimi yaşamaq çətindir.

"Turan": Ərəb inqilabı İrana və Azərbaycana necə təsir edəcək?

Ş. Ebadi: Əlbəttə, təsiri olacaq. Hələlik hansısa fikir söyləmək çətindir. Ancaq dünya çox tez və sürətlə dəyişir, adi proqnozlar və ya rəylər çox zaman uyğun gəlmir. Zənnimcə, biz ciddi dəyişikliklərin astanasındayıq.

"Turan": Azərbaycana gəlmək istərdiniz?

Ş. Ebadi: (Azərbaycan dilində cavab verir, lakin yenidən fars dilinə keçir). Mən çox məşğulam və vaxtımın çox hissəsini təyyarələrdə keçirirəm, müxtəlif forum və tədbirlərə gedirəm. Vaxtım olanda da Londonda, Nyu-Yorkda oluram, övladlarım orada yaşayır. Amma Azərbaycana gəlib sizin necə yaşadığınızı görmək istərdim.
XS
SM
MD
LG