Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:07

Betti Bleyrə son cavab


Nuridə Atəşi
Nuridə Atəşi
"Əli və Nino" romanını kim yazdı? Əsəd Bəy, yoxsa Yusif Vəzir Çəmənzəminli? Azadlıq Radiosunda diskussiya davam edir.

Almaniyada yaşayan azərbaycanlı araşdırmaçı Nuridə Atəşi "Oxu zalı"na göndərdiyi bu məqaləni romanın başqa bir tədqiqatçısı, Amerikada nəşr edilən "Azerbaijan international" jurnalının rəhbəri "Betti Bleyrə son cavab" adlandırıb.



Möhtərəm xanım Bleyer, ilk öncə mən sizin məktəb yoldaşınız deyiləm və sizə icazə verməmişəm ki, mənə adımla müraciət edəsiniz.

İkinci , sizdən fərqli olaraq Azərbaycan mənim doğma vətənimdir və istədiyim zaman ölkəmə gəlmək haqqım hələlik vardır və bunun üçün sizdən icazə almalı deyiləm.

Sizin tədqiqatlarınız kimi müzakirələriniz də bazar söhbətlərinə, dedi-qodularına bənzəyir.

Amerikalı və özünü tədqiqatçı adlandıran bir xanımdan ən azı sivil bir elmi diskussiya apara bilmək bacarığı gözləyirdim.

Sizin qeyri-objektiv tədqiqatınız Azərbaycanın heç də xeyrinə deyil.

Siz həqiqətləri təhrif edirsiniz və Əsəd bəyi Azərbaycanı sevməyən, vətəninə düşmən olan bir satqın elan edirsiniz.


"Siz Hilal Münşinin Berlində Əsəd Bəy haqqında Gestapoya yazdığı donoslara haqq verirsiniz.

Və bunu böyük dəlillər hesab edirsiniz...

Halbuki Hilal Münşi paxıl, xəbis xain, şovinist bir soydaş olmuşdur".
Bu ədalətsizlikdir, iftiradır, böhtandır və yolverilməzdir.

Və sizə Azərbaycanda qahmarların, maddi və mənəvi dəstəyin olmasını danmaq göydə Günəşi danmaq kimi bir şeydir.

Azərbaycanın mötəbər universitetlərində gəlib jurnal təqdimatları keçirmək, səfirliklərdən dəstək almaq, hətta şirkətlərdən reklam almaq da Ölkənin, Dövlətin və comərd fərdlərin dəstəyi olmadan bizim məmləkətimizdə mümkün olan iş deyil.

Güclü arxası, dəstəyi olmayan sizin kimi bir əcnəbi gəlib Azərbaycanda bir sinək belə uçuramaz.

Bu həqiqətlər bizim ölkəmizdə hamıya məlumdur və bu dəstəkləri danmaq məncə nankorluq olardı.

Siz alman dilini, Azərbaycan dilini, rus dilini bilmirsiniz.

Əsəd bəyi və Çəmənzəminli original dillərindən oxumaq bacarığından məhrumsunuz, elə buna görə də bu əsərlərin ruhunu, üslubunu, dilini anlaya, dərk və sintez edə bilməzsiniz!

Bunu 30 il Əsəd Bəyin əsərlərini azərbaycan dilinə tərcümə etmiş olan objektiv Çərkəz Qurbanlı etmişdir.

Heç olmasa bunları oxuyub anlamağa çalışaydınız gərək. Elə yalnız buna görə siz belə bir məsuliyyətli işə gərək ki, girişməyəydiniz.

Bizdə br misal var. İnsan gücü çatan daşdan yapışar.

Sizin tədqiqatlarınız isə çürük qoz kimidir və bunlar Azərbaycan ədəbiyyatında özünə yer edə bilməyəcəkdir bəlkə də nə qədər ki siz varsınız sizin jurnalınız var, yaşaya bilər lakin siz də, sizin «Azerbaijan International» jurnalınız da Azərbaycanın tarixində bir qonaqsınız Əsəd Bəy isə ev sahibi.

Betti Bleyr
Hər bir yazıçı haqqında, onun əsərləri haqqında tənqidlər ola bilər, Siz yalnız Əsəd Bəy haqqında yazılan mənfi rəyləri əlinizdə bayraq edir və onun haqqında yazılan yüzlərlə tərifləri, dəyərli fikirləri bir kənarda göz ardına vurursunuz.

Siz Hilal Münşinin Berlində Əsəd Bəy haqqında Gestapoya yazdığı donoslara haqq verirsiniz.

Və bunu böyük dəlillər hesab edirsiniz.

Siz azərbaycanlı olmadığınız üçün bizim millətimizə məxsus olan çox böyük „Paxıllıq Mədəniyyətimizdən“ xəbəriniz yoxdur.

Biz heç bir zaman irəli gedən soydaşımızın uğurlarına sevinmərik, ona quyu qazmağı, böhtanlar, iftiralar atmağı, donoslar yazmağı gözəl bacarırıq.

Biz yıxılana balta vurmağı gözəl bacarırıq. Siz bunları anlamadığınız üçün Hilal Münşiyə əsl millətçi bir Azərbaycan sevər kimi haqq verirsiniz.

Halbuki Hilal Münşi paxıl, xəbis xain, şovinist bir soydaş olmuşdur.

O Əsəd Bəylə yarışa girmiş kiçik bir kitabcıq yazmış, heç bir müvəffəqiyyət qazana bilməmişdir.

Əsəd Bəy isə ilk kitabı ilə Almaniyada çox məşhur və populyar olmuş və kimsəyə fikir vermədən bir birinin arxası ilə daha böyük uğurlar qazanmış və bestseller əsərlər yazmışdır.

Hilal Münşi isə öz donosları arasında Əsəd bəyi məhv edə bilməmiş, özü isə ortaya çıxa bilmədən itib batmışdır.

Hilal Münşi isə Berlin Universitetində özünə özü səviyyəsində böhtançı havadarlar tapmış, Professorun imzası ilə donoslarını genişləndirmiş, alman mətbuatına yol tapmışdır.

Bütün bu donosların altında yatan isə yalnız Əsəd Bəyə olan paxıllıq, şəxsi düşmənçilik hisslərindən yaranmış olan xəbislik , aşırı şovinistlik hisslərindən yarandığını mən artıq öz tədqiqatlarımla „Yüz ilin sirrləri“ kitabımda sübut etmişəm.

Əsəd Bəy Hilal Münşi kimi qatı millətçi, şovinist deyildi. O çox kosmopolit, evrənsəl düşünməyi bacaran bir dahi idi.

Siz Əsəd Bəydən müsahinbə almış türk jurnalist Nadir Nadinin „Əsəd bəy qüsursuz türkcə danışırdı“ kimi əsas faktını sanki heç bir zaman eşitməmisiniz və oxumamısınız və bunu qərəzli olaraq danaraq onu Azərbaycan dilini bilməməsi hökmünü verirsiniz.

Eyni zamanda, siz, xanım Bleyer, Azərbaycan Demokratik Respublikasının (ADR) 10 illik yubileyinə (may, 1918) həsr edilmiş məqaləni Əsəd Bəyin yazmadığnı iddia etməklə nə qədər ədalətsizlik etdiyinizin farkında yəqin deyilsiniz.

Və mən Avropanın bir çox arxivlərində illərlə işləyən tədqiqatçı bütün arxivlərdə, qəzetlərdə bu məqalənin müəllifinin məhz Əsəd Bəy olduğunu təsdiq edirəm.

Heç bir dəlilsiz, sübutsuz belə hökm vermək çox böyük bağışlanmaz bir ittihamdır.

Əsl tədqiqatçı araşdırdığı müəllifin 150-dən artıq almanca məqalələrini özü oxuyub onun jurnalistlik, publisistik istedadını, onun stilini təhlil etməlidir.

Siz isi 2-ci, üçüncü əldən tərcümələri oxuyaraq özünüzü necə tədqiqatçı adlandırmağa cəsarət edirsiniz?

Unutmayın ki, bu gün Azərbaycanın xaricdə çox güclü gənc nəsili təhsil alırlar, alman dilli mütəxəssislər, tədqiqatçılar yetişirlər.

Bütün arxivlər tədqiqatçılara artıq məlumdur. Onlar gələcəkdə Əsəd Bəyi araşdıraraq sizi və sizin saxta tədqiqatlarınızı lənətləyəcəklər.

(Bu gün sizi bəh-bəhlə dəstəkləyənlər isə Azərbaycan ədəbiyyatı qarşısında xəcalət çəkəcəklər)

Siz alman dilini bilmədiyiniz üçün doğrudan da Əsəd bəyin məqalə dili və üslublarınızdan xəbərsizsiniz.

Əsəd Bəy necə ondan donos yazan azərbaycanlıların beyninin məhsulunu siz hökm verdiyiniz kimi oğurlayıb öz adı ilə onların yaşayıb fəaliiyət göstərdiyi Berlində çap etdirə bilərdi?

Bu uydurma cəfəngiyyatlarla kimi inandırmağa çalışırsınız? Bu sizin Azərbaycanın bütün dünyada ən məşhur romanı olan, „Əli və Nino“ romanının əsl müəllifi olan Əsəd Bəyə atdığınız növbəti iftira və böhtanların ən qərəzlisidir, möhtərəm xanım Bleyer!

Siz eyni zamanda yazıçı olmadığınız üçün, ədəbi savadınız olmadığı üçün Əsəd Bəyin ədəbi dilini, metaforlarını, ədəbi priyomlarını elmi və ədəbi sintezini də verə bilmirsiniz.

Əsəd Bəyi oğru, yalançı, saxtakar, Azərbaycanın düşməni elan edirsiniz, zorla „Əli və Nino“ romanını Çəmənzəminliyə sırımağa çalışırsınız və bununla guya Azərbaycanın xeyrinə iş gördüyünüzü gözə soxursunuz.

Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının belə bir saxta xidmətə qətiyyən ehtiyacı yoxdur.

Sizi Əsəd Bəyə etdiyiniz belə qərəzli ittihamlar, böhtanlar və iftiralar üçün nə Azərbaycan mədəniyyəti, nə Azərbaycan ədəbiyyatı nə də Əsəd bəyin yaralı ruhu heç bir zaman bağışlamayacaqdır.

14 fevral 2011 Berlin


Həmçinin oxu
Betti Bleyrin Nuridə Atəşiyə cavabı (2-ci raund)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG