Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:11

“Görünür Qəşəm Nəcəfzadə oğlu haqda daha böyük təriflər gözləyirdi”


Şair Qismətin Azərbaycan Yazıçılar Birliyinin qurultayı ərəfəsində birlikdə gənc yazarlar haqda etdiyi məruzə birmənalı qarşılanmayıb.

Məruzənin tənqidçi Əsəd Cahangirin təsiri altında yazıldığını bildirənlər də var. Ə.Cahangir isə “Oxu zalı”na müsahibəsində bu tənqidləri rədd edir.



- Məruzə bir neçə gün öncə Yazıçılar Birliyində oxunub və orda çox yaxşı qarşılanıb.

Məruzə Anar, Fikrət Qoca, Arif müəllim, Rəşad Məcid, AYB-nin bir çox orta və gənc nəsil nümayəndələri tərəfindən cüzi istisnalarla birmənalı olaraq müsbət qarşılanıb.

Mən də fikrimi demişəm. Bu, çox normal, normativ tələblərə cavab verən bir məruzədir. Əhatəli, elmi, orjinaldır.

Yalnız çox az bir qism adam orda məruzəyə etirazlarını bildirdilər.

- Məsələn, kimlər?

- Mən yadıma düşəni deyirəm. Məsələn, Qəşəm Nəcəfzadə məruzədən narazılığını ifadə elədi.

Amma mənə elə gəlir ki, bu, sırf onun subyektiv mülahizələri ilə bağlı idi. Onun oğlu ilə bağlı idi.

Məruzədə onun oğlu – gənc yazar Kəramət haqqında da fikirlər yer alıb.

Amma görünür ki, Qəşəm Nəcəfzadə öz oğlu, onun romanı haqqında daha böyük təriflər gözləyirdi.

Amma məruzəçi, görünür ki, bu məsələyə tamam fərqli rakursdan yanaşırdı.

O hər bir müəllifin və onun atasının mövqeyini nəzərə ala bilməzdi ki.

Sizin saytda – “Oxu zalı”nda məruzə ilə bağlı yazılara gəlmiş tənqidi şərhlərin əsasında məhz Qəşəmin narazılıqları durur.

Kəramət Böyükçöl
Mənə elə gəlir ki, ədəbiyyata ata-oğul münasibətləri çərçivəsində baxmaq olmaz.

Ədəbiyyata münasibətdə öz evinin dörd divarı arasından çıxmaq lazımdı.

Ədəbiyyat ev demək deyil, mətbəx demək deyil.

Ədəbiyyatda dörd divar estetikasını 70 il qabaq Bertold Brext dağıdıb.

İndi ailə-klan psixologiyası, “mən və oğlum” psixologiyası ilə ədəbiyyata qiymət vermək olmaz.

Keçən qurultaylardakı məruzələri dinləyəndə mən çox məyus olurdum.

Çünki o məruzələr məni qane etmirdi.

Bu, qurultay qabağı ilk məruzə idi və 24 yaşlı bir gənc özünün ilk məruzəsini bu cür yüksək səviyyədə edibsə - mən oradakı çıxışımda da dedim – bundan sonrakı məruzəçilərin üzərinə böyük məsuliyyət qoyur.

- Kəramət bəy də Qismətin məruzəsi haqda tənqidi yazı yazdı, “Oxu zalı”na göndərdiyi həmin məqalədə o, eləcə də məqaləyə saytımızda şərh yazıb onu dəstəklədiklərini bildirənlər Qismətin dostbazlıq etdiyini, yalnız öz yaxın ətrafına daxil gənc yazarları təriflədiyini deyirlər...

- Mənə elə gəlir ki, Qismətin o məruzəsində onun şəxsən tanımadığı onlarla adamın adı var. Mən bunu dəqiq bilirəm.

Burda şəxsi münasibətlər baxımından yanaşmadan söhbət gedə bilməz.

Qismət, sadəcə, ədəbi mühitdə əsərləri daha çox rezonans doğurmuş gənclərin yaradıcılığı üzərində çox dayanmışdı. Məsələn, Elxan Qaraqanın “A” romanı Milli Kitab Mükafatına layiq görülüb.

Cavid Zeynallının yeni romanı ədəbi mühitdə çox yaxşı qarşılanıb.

Qismət nasirlərdən Orxan Muxtarlı, Nahid və digər imzaların üzərində çox durmuşdu.

Amma çoxlu sayda başqa imzalar da xatırladırılırdı orda.

Bilirsiz, Qismət nə dediyini çox gözəl bilir.

O, müasir ədəbi gəncliyin olduqca ciddi bir fiqurudur: savad, istedad, ədəb, mərifət, qanacaq...

5-10 il keçəcək, mənim bu sözlərimin həqiqət olduğunu bütün Azərbaycan görəcək.

Bilirsiz, bizdə bu bir “ənənədir”.

Yeni bir istedad ortaya çıxanda ona qısqanclıqla yanaşırlar.

- Qismətin məruzəsi ilə bağlı səslənən tənqidlər həm də onunla bağlıdır ki, bütün ədəbi spektri əhatə etməyib. Siz buna necə baxırsız ki, orada AYB-dən kənar gənc şair və yazıçılardan ötəri danışılır?

- Əvvəla hamının adını çəkmək məruzəçinin borcu deyil.

İkincisi, məncə məruzə əksinə lazım olandan da artıq əhatəli idi, bəzən layiq olmayan adamların da adı o siyahıda çəkilib.

Qismət
Məruzənin bir zaman hüdudları var, o, saatlarla oturub orda məruzə etməli deyildi ki.

Bizdə bilirsiz ən biabırçı cəhət nədir?

Məruzə olunur və bundan sonra müzakirələr başlanır: mənim adım ora niyə salınmadı, filankəsin adı salındı...

Ad davası gedir. Layiq olan da, olmayan da, burda öz şəxsi mənafeyini güdür.

İndi bizim növbəti məruzələrimizdən biri də poeziya haqda olacaq. Məruzəçi Qulu Ağsəsdir.

Quluya bu gün zarafatla dedim ki, sən postmodernist bir məruzə elə.

Deməli götür AYB üzvü olan və olmayan şairlərin siyahısını, yaşlarını, ünvanlarını, telefon nömrələrini və başdan ayağa oxu, bu da olsun məruzə.

Qoy hamının adı çəkilsin, hamı da razı qalsın, başqa heç nə demə...

- Bəs sizcə, “Ən yeni ədəbiyyat” seriyasından çıxan əsərlərdən heç birinin adının müsbət mənada qeyd edilməməsi məruzənin qüsuru deyil?

- Mən də hesab edirəm ki, Qismət bu məsələdə haqlıdır.

Əgər söhbət “Ən yeni ədəbiyyat” seriyasından olan kitablardan, xüsusən nəsr əsərlərindən gedirsə, mən düşünürəm ki, onların müəlliflərinin böyük əksəriyyətinin nasir istedadı yoxdur.

Onlar doğrudan da hay-küyçülərdir.

Mən Pərviz Cəbrayıl, Aqşin Yenisey haqda yazılarımda bunu sübut da etmişəm.

Sevinc Pərvanə və Nərmin Kamalın da nasir istedadı yoxdur. Mənim bu cümləmi xahiş edirəm olduğu kimi verin.

Məsələn, Pərvizi, Aqşini, Nərmini qoyun tərəzinin bir gözünə AYB-çi Cavid Zeynallını o biri gözünə, görürsən ki, Cavid nasirdi, amma o birilərinin nasirlik qabiliyyətləri yoxdur, sadəcə, istedadları, savadları var.

Xahiş edirəm fikirlərimi olduğu kimi də verin.

- Yaxşı, nasirlər haqda şəxsi fikirləriniz aydın. Bəs AYB-dən kənar bir şair də yoxdumu məruzədə xatırladılmağa layiq?

- Məsələn, kimi deyirsiz?

- Məsələn, Aqşin Yenisey. Nərmin Kamal, Pərviz Cəbrayıl həm də şairdir... Günel Mövlud... bu siyahını uzatmaq da olar...

- Pərvizin yaşı 40-a çatıb, onu artıq gənc saymaq olmaz, Həm də şeirlərini əsasən 2004-dən əvvəl yazıb.

Aqşinə gəlincə, 2004-cü ildən sonra bir kitab çap etdirib. Adı da belədir: “Sizin eradan əvvəl”.

Mənim fikrimcə, onun birinci kitabı – “Unutmaq sözünün şəkli” kitabının zəif “exo”sudur – zəif özünü təkrarı.

Nərmin Kamala mənim çox yüksək intellektə malik bir xanım kimi böyük hörmətim var.

Əsəd Cahangir
Mən vaxt azlığına görə, onun son romanının “Oxu zalı”nda keçirilən müzakirəsində iştirak edə bilmədim.

Orda maraqlı məqamlar da vardı. Baxmayaraq ki mən onu istedadlı nasir saymıram.

Filoloji savadı, analitik qabiliyyəti ilə müqayisədə onun bədii istedadı çox zəifdir.

Amma bu xanımda nədənsə bir şairlik və nasirlik arzusu və iddiası var. Arzu ayrı şeydi, reallıq, imkan ayrı şey.

Onun “Aç, mənəm” romanının yalnız 20-30 səhifəsi ortabab nəsrin tələblərinə cavab verir. Daha kimi deyirsiz?

- Bəs Günel Mövluda nə deyirsiz?

- Günel Mövlud?

- Bəli...

- Günel Mövlud məsələsində... qəti bir söz deyə bilməyəcəm.

Mən özümü çox obyektiv adam sayıram.

Düzdür, Günel Mövludun “5XL” kitabını oxumamışam. Amma mən onun şeirlərini davamlı olaraq silsilə şəklində oxumuşam.

O kitabda da yəqin həmin şeirlər toplanar da. Yəqin ayrı şeir olmaz ki.

Görünür ki, Qismət hesab edir ki, bunlar geniş müzakirə mövzusuna çevrilməyə layiq deyil.

Mən onun yerinə bu suala cavab verə bilmərəm.

Amma mən hesab edirəm ki, Günel Mövludun şeirləri haqqında doğrudan da danışmaq olardı.

Onu məruzədə qabartmaq, ayrıca bir imza kimi qeyd etmək bəlkə də mümkün idi.

Amma hesab edirəm ki, bunu da bir tələb kimi məruzəçinin qarşısına tələb kimi qoymaq olmaz ki, niyə Güneldən yazmamısan.

Amma mənim subyektiv fikirmə görə, başqaları kimi Günelə də bir abzas ayrıla bilərdi.

Mən məruzəçi olsaydım, bəlkə də belə edərdim.

- Bir də... Məruzə ilə bağlı tənqidlərdə belə fikir də səslənir ki, məruzə ya Əsəd Cahangirin təsiri ilə yazılıb, ya da məruzəni elə Əsəd Cahangirin özü yazıb...

- (gülür - RQ) Bir şeyi dəqiq deyə bilərəm ki, onu mən yazmamışam. Bunu 100 faiz deyirəm. Çünki özüm bilirəm ki mən yazmamışam. Amma mənim ora təsirimin olub-olmadığını bilmirəm. Çünki Qismət mənim yazılarımı dövri mətbuatda oxuyur.

Orda o mənə müəyyən istinadlar edir.

Görünür bu fikir ordan doğur. Amma unudurlar ki, orda bizim çox hörmətli şairimiz Səlim Babullaoğluna da istinadlar olub, bundan başqa çox görkəmli şairimiz Zəlimxan Yaquba da istinadlar olub, tanınmış tənqidçimiz Vaqif Yusiflidən, tanınmış şairimiz Sabir Rüstəmxanlıdan da sitatalar var.

Hətta Edqar Podan da. Mən bilmirəm niyə məhz mənim adım qabardılır.

Yəqin mənim adım o birilərdən daha çox çəkilir. Çox yanlış fikirdir.

Qismət kifayət qədər savadlı oğlandır, öz fikri, ədəbiyyatda öz mövqeyi var. O kiminsə təsiri altına düşə bilməz.

Həmçinin oxu
Sevinc Çılğın. Qismət artıq yeməzlər
AYXAN. Medalın bir üzü
Zaur Məlikzadə. Qismətə
Qismətin məruzəsi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG