Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

Qismətdən artıq yeməzlər


Sevinc Çılğının Qismətin çağdaş ədəbiyyat haqda
məruzəsinə cavabı

Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcidin qəzetində birliyin qocaman sədri Anara gənc Qismətin “müdrik” hesabatını oxudum.

Əvvəlcə cavab verməyi lazım bilməsəm də, sonradan "mən yox, sən yox, o yox, bəs kim" sualını özümə verib fikrimi dəyişdim.

Çünki bu hesabat yalnız “Natəvan” klubunun divarları arasında səslənməklə kifayətlənsəydi, susmaq olardı.

Amma yazının müxtəlif mətbu orqanlarda yayımlandığını, həmçinin ictimai rəyi azdırdığını görüb cavab verməyi lazım bildim.

Eləcə də, düşündüm ki, bunu nə AYO-nun, nə də AYB-nin üzvü olmayan birinin etməsi daha yaxşı olar.

Yazıda səslənən bütün fikirlərə münasibət bildirmək fikrim yoxdur. Məni yazının bilərəkdən yeni ədəbi tarixin saxtalaşdırılması məqsədi narahat edir.

Yazıdan sitat:

“Müstəqillik dövrü gənclərinin birinci dalğasına mənsub olan yazarların əsərlərinə əsrin sonlarındakı ağrılı hadisələrin təsiri böyük olmuşdu. Mövzularına deyil, təkcə obrazlar sisteminə baxmaq kifayətdir ki, həmin illərin havasını, ağrısını anlayasan.

Kəfən, tabut, mürdəşir, ölüm,tənhalıq... Təbii ki, bunlarla yanaşı fanilik hissi, çaş-başlıqdan yaranmış ümidsizlik və özünütəsəlli üçün ironiya.”

Qeyd edək ki, ədəbiyyatımızda şərti olaraq 90-cılar adlandırılan ədəbi nəslin yaradıcılığının "kəfən, tabut, mürdəşir, ölüm, tənhalıq..." kimi xarakterizə olunması yeni deyil.

Bu dəyərləndirmə, az sonra Qismətin özünün hesabatda nihilistcə inkar edəcəyi, dolayısıyla oğurluqda günahlandırdığı AYO-ya məxsusdur. Amma özü mühazirəsinə plagiatlıqla başlayır.

Sitat:

“Milleniumda ədəbiyyatımıza inkarçı, nihilist bir gənclik gəldi. Bu gənclərin ədəbiyyatdakı durğunluğun qarşısını almaq cəhdləri lazımlı olsa da, böyük mənada ortaya ciddi mətn qoya bilmədilər”.

Aha! Məhz lazımlı idi. Zamanı və məqamı üçün LAZIMLI idi!

Təəssüf ki, güldən, ceyrandan danışan şairlərin, hələ də sovet təfəkkürü ilə yazan, yazdıqlarını “Quran” ayəsi hesab edən, oturduğu yerdə, kürsüdə zamanla əşyaya çevrilən, yeniliklərdən uzaq, gəncliyə xor baxan, yalnız öz “davamçılarına”, yazdıqları 3-5 yaxşı yazıya tərif deyən gəncliyə orqanlarında yer ayıran nasirlərin ədəbiyyatdan süpürülməsinə xərcləndi onlar!

Vaxtlarını gənclər indi hamar yollarla addımlasın deyə sərf etdilər.

Amma bir yolla adlamaqçun əvvəlcə o yolu abadlaşdırmalısan!
Qismət


Təqaüdünü aldığın ümummilli liderin demişkən: “Yol mədəniyyətdir!” Onlar məhz o mədəniyyət yolunu çəkdilər...

"Böyük mənada ciddi mətn"lərin yaranmamasına gəldikdə isə, bu yanaşma da yetərincə mübahisəli və subyektivdir.

Şərif Ağayarın hekayələri, İlqar Fəhminin romanları, Aqşin Yeniseyin, Günel Mövludun, Zahir Əzəmətin, Nərmin Kamalın, Sevinc Pərvanənin, Qan Turalının şeirləri və tənqidi məqalələri məhz "ikiminincilərin" ilk dalğasında yaranıb və aralarında yetərincə ciddi mətnlər var.

Sizə görə mübahisəli səslənsə də, Seymur Baycanın, Əli Əkbərin adlarını da bura əlavə etmək olar.

Ən nəhayət, sadaladığımız və sadalamadığımız imzaların böyük əksəriyyəti məhz AYB üzvü olmayan yazarlar- yeni dalğanın təmsilçiləridir.

Qadın ağrısı, qadın düşüncəsi, qadın istəyi, qadın psixologiyası – yaxşı-pis, fərqi yoxdur – Günelin, Sevincin, Nərminin yazıları ilə ədəbiyyata daxil olmadımı?

Yazırsan:

“Postmodern estetikaya məxsus bütün keyfiyyətləri lokal şəkildə təqlid edən bu gənclərin klassiklərə münasibətdə inkarçılığı, qutsal dəyərlərə qarşı nihilizmi yalnız səs-küy yarada bildi”.

Bütün bunlar yalnız səs-küy yaratdısa, hələ başqalarını qoyuram kənara, sən, Qismət, niyə “kəfən, tabut, mürdəşir, ölüm,tənhalıq...” qoxuyan ilk kitabından imtina etdin?

... yalnız səs-küy yaratdısa, ədəbi mühitdəki AYB monopoliyası niyə sona çatdı?

Niyə AYB və onun çoxsaylı orqanları, 1500-dən artıq üzvü ədəbi mühitdə formal nəyəsə çevrildilər?

... Niyə AYB yarlığı altında olan heç bir layihə, heç bir kitab, heç bir imza ədəbi mühitdə bəzən hətta layiq olduğu uğuru qazana bilmir?

Bəlkə bunun səbəblərini təkcə digər qanadın "nihilizmində", "səs-küyündə" deyil, həm də AYB-nin tarixən mənimsədiyi və bu gün də içində ehtiva etdiyi qara enerjidə axtarasan.

Yazırsan:

“Ara sakitləşəndə isə əldə yalnız həqiqi ədəbiyyata sadiq ikən yazdıqları 5-6 şeir və bir neçə hekayə yadda qaldı. Yaşasın istisnalar!”

Bu təbii deyildirmi? Bir beşillikdən ədəbiyyat adına "5-6 şeir və bir neçə hekayədən" başqa nə qalmalıydı ki?!

Yaradıcılıq, yaradıcı insan bilirsən nədir?

Onlar nə inkubator cücələri idi, nə də kolxozda çalışırdılar ki, plan doldursunlar.


Arzu edirəm ki, 5-10 il sonra sənin də 5-6 şeirin qalsın, Fikrət Qocanın da, Dayandur Sevginin də.

Sonra:

“...İnsani münasibətlərdə 2000-cilərin birinci dalğasından daha humanist, daha əxlaqlı və təkcə etik yox, həm də dünyagörüşü baxımından daha diri, daha çağdaş bir gənclik ortaya çıxdı”- deyirsən, deyə bilirsən.

Sənin o bəyənmədiyin, özündən, özünkülərdən aşağıda gördüyün, kimlərəsə xoş görünməkçün əxlaqsız, etikasız, dünyagörüşü zəif və ölüvay adlandırdıqların sənin cəmiyyətinin əxlaqsızlığından, iyrəncliklərindən ilk dəfə olaraq yüksəkdən danışdılar!

Əli Əkbər “Mən əclafam!” yazanda özünü deyil, sənin cəmiyyətindəki əclaflardan danışırdı!

Bu gün sənin və yanındakı gənclərin hecadan sərbəstə keçib “fundamental” şeirlər yazması həm də Rasim Qaracanın, Murad Köhnəqalanın, Həmid Herisçinin xidməti deyilmi?

Əli Əkbərin “Tanrıların qürubu”, "Amneziya" romanları sənin hakimiyyətinin iç üzüdür!

Adlarını çəkdiklərim arasında bəlkə şəxsən sevmədiklərim də var, bəlkə həddindən artıq vulqar hesab etdiklərim də.

Ancaq nə etməli ki, sənə qədər bunları ancaq qışqırmaq lazım idi. Sənə qədərkilərin qulağı paslı idi, eşidilməliydi bunlar.

Həyatda min bir oyundan çıxıb cəmiyyət arasında özünü məlaikə kimi təqdim edən qadınların, “xanımların” aynası idi Sevinc Pərvanənin, Nərmin Kamalın, Günel Mövludun yazdıqları. Sosial həyatımızın içalatını ortaya tökdü Muradın, Zahirin, Aqşinin şeirləri...

Həm də əxlaq dediyin nədir?

Siyasi və ədəbi məmurların ictimai əxlaqsızlığını topluma çəkinmədən faş etmək, yoxsa, məsələn sizin kimi göz yummaq və fürsətdir deyib, susmağın qarşılığında imtiyaz ummaq?

Susa-susa daha etik, dünyagörüşü baxımından daha diri, daha çağdaş bir gənclik olmaq mümkün olsaydı, ölkəni başına götürən ümummilli heykəllər daha diri, daha çağdaş olaydı gərək.

Qalmışdı kürsü başında canlı heykələ dönmüşlər, yəni hələ heykəl olmağa macal tapmamışlar...

Deyirsən:

“..doğrudan da bu ədəbi nəsil heç kimi söymədən, təhqir etmədən, qəzet künclərində nifrin, kin püskürmədən, oğurlamadan, sakit, rahat şəkildə ədəbi mühitə qədəm qoydu...

Üstəgəl həm hər cür saxta millilik, məqsədyönlü konservatizm, həm də hər dürlü inqilabçılıq, vulqar radikalizmdən uzaq ziyalılıq, elitarlıq”.

Əlbəttə! Sizə qədər bunları etdilər. Əsəd bəy düz deyir: siz “xoşbəxt gənclik” sayılırsız.

Ona görə ki, belə iyrəncliklərlə uğraşmaqdan imtina etdiniz və həmən iyrəncliyin yanında yer almaqla özünüzü daha əxlaqlı və daha elitar hiss etməyə başladınız.

Və inan ki, bu xoşbəxtlik bu gün sizin ədəbi mövcudluğunuzda deyil, aldığınız müdrik pozada özünü göstərir.

Həmin iyrəncliklərin bir çoxunu birinci dalğa yuyub apardı.

Və “bəndəmizin də aid olduğu bu ədəbi nəsil”, Əsəd bəy demişkən, 90-cı illər üçün səciyyəvi olan radikal müxalifət-iqtidar qarşıdurmasının bugünkü sosial-siyasi həyatda öz önəmini itirdiyi üçün ikinci plana keçdi. İndi “cəmiyyətdə ildən-ilə daha qabarıq görünən siyasi, iqtisadi, mənəvi stabilləşmə ədəbiyyatda da əks olunur. İnqilablar dövrünü daha sivil, daha elitar islahatlar dönəmi əvəzləyir” deməklə özün də mən dediklərimi təsdiqləyirsən.

"Siyasi, iqtisadi, mənəvi stabilləşmə"? Düz deyirlər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.

Bir də ki, deyirlər inqilablar öz övladlarını yeyir.

Əgər o “yeyilmiş övladlar” varsa da, inan ki, o haqda danışmaq sənə düşməz!

Hesabatında jurnallar, qəzetlər adı çəkirsən.

Bu məqamda da haqsızlıq diz boyuncadır. “Körpü”deyirsən... “Körpü” jurnalı – başqa heç kəslə müqayisə etmirəm – elə Əsəd Cahangirin özünün “Yeni Azərbaycan” və “Ədalət” qəzetlərində apardığı ədəbiyyat əlavələrinin, ayrı-ayrı yazılarının mində biri qədər məhz AYB yarlığı altında olduğundan ədəbi prosesə təsir etmədi.

Mən “Körpü”nün, yaxud başqa adlarını çəkdiklərinin gördüyü işlərə kölgə salmaq istəmirəm, ancaq necə deyərlər, imamçun ağlayanda yezid üçün də bir ağız deyərlər.

Məsələn, “Alatoran”ın ədəbi prosesə təsiri, AYO-nun müxtəlif qəzetlərdəki ədəbiyyat əlavələri üzvü olduğun qurumun etdiklərinin yanında dağdır!

Və yeri gəlmişkən, əgər söhbət gəncliyi işıqlandırmaqdan, təbliğ etməkdən, dəyərləndirməkdən gedirsə, bunu “Kultaz.Com”dan artıq heç bir ədəbi orqan və qurum etməyib!

“Ədəbiyyat” qəzeti ilə bağlı fikirlərini paylaşıram.

Bunu səndən öncə məktəbinizin kuratoru Rəşad Məcid də vurğulamışdı. Bu “icazəli tənqidinin” mənbəyi bəlli. “Ulduz”a isə təşəkkür yağdırırsan.

Yəni suyu üfürə-üfürə içirsən. Gəncliyin jurnalı olması gərəkən (yəni sizin) “Ulduz”u da səndən öncə böyüklərin tənqid etməlidir ki, deməyə sözün olsun?!

Hələ adını "unutduğun" “Azərbaycan” jurnalından danışmıram...

Təşəkkür etdiklərin arasında Səlim abi var (Babullaoğlu)...

Hansı cəbhədə olmasından asılı olmayaraq onun bircə dəfə də yaxşıları ambisiyalarına qurban etdiyini görmədim!

Ədalət hissini öyrənə biləcəyin ən azından Səlim abi var yanında... Yeri gəlmişkən, təşəkkürünə mən də qoşuluram!

“Ən yeni ədəbiyyat” seriyasından söz düşmüşkən:

““Ən yeni ədəbiyat” seriyası ətrafında birləşən cavanlardan Nərmin Kamalın “Aç, mənəm”, Aqşinin “Cənnətdə terror aksiyası”, G.Mövludun “5xl”, Sevinc Çılğının “Alaçarpa”, Sevinc Pərvanənin “Şəhər”, Svetlana Quliyevanın “Dalğa” romanları öz müəlliflərinin bütün yenilikçilik cəhdlərinə baxmayaraq, əksərən müvafiq janrların tələblərinə, bəzən hətta elementar tələblərinə belə cavab vermir”-deyirsən.

Sənin əhatə etməyə çalışdığın dönəmdə ədəbi mühitdə ən çox adı hallanan, ən çox müzakirə olunan məhz bu imzalar olub.

Dünən də, bu gün də... hər şey göz qabağındadır. İstənilən kitab mağazasından açıqlanan rəqəmlər var. Bir də onlar deyənə göz gəzdirək.

Ədəbiyyatımızda yenicə canlanan nəsrə gəlincə isə təkcə Nərminin adını çəkmək kifayətdir.

Gənc yaşda belə bir nəsr əsəri orta qoyması münasibətilə onu ancaq təbrik etmək olar.

Çünki hamı çox gözəl bilir, nəsr ağlın və təcrübənin işidir. “Aç, mənəm”də ağıl və nəsr qanunları yerində və qədərincə olsa da, bir az təcrübəsizlik özünü göstərir. Tam orijinal dili və maraqlı üslubu ilə seçilir. Al, bu da sənə ciddi postmodern roman!

Məsələn, sənə görə “rezonans” doğuran roman (xətrini çox istədiyim, əsərini böyük həvəslə və ürəkdən gülərək oxuduğum) Cavid Zeynallının “Günəşi gözləyənlər”idir (yeri gəlmişkən, bu ad (özünə də demişəm) kitabın içindəki üçün olduqca mədənidir).

İddia edirəm ki, bu roman bəyənmədiyiniz Əli Əkbərin üslubunda, ancaq nisbətən “mədəni” dillə yazılıb.

O ki qaldı mənə (bağışla, qədərindən artıq təvazökarlıq xarakterimə ziddir), mənim kitabımın çıxması ilə sənin məruzənin üzə çıxması arasında heç bir aylıq məsafə yoxdur.

Çox "operativ" və topdan münasibətinə görə sağol! Arzu edirəm ki, bu operativliyi məsələn, bir addımlığında olan, bir çoxunuzdan istedadlı Nərmin Hüseynzadəyə də şamil edəydin.

Hesabatında bir şey də aydın görünür. Sən kölgədə qoymaqçun təkcə AYO-nu seçməmisən.

Müstəqil şəkildə yazan gənclər arasında adını məncə, məhz bilərəkdən unutduqların var. Məsələn, Jalə, Cavidan...

Sonda...

Qismət, əgər qurultay öncəsi öz sədrinə “Gənc ədiblər məktəbi”nin gördüyü işləri, yazdıqlarını nağıl etmək istəyirdinsə, bunu öz çərçivənizdə edəydin.

Yox əgər müstəqillik dövrünə toxunub, son illər ərzində görülən işlərə kölgə salmaqla öz çevrəni qabartdınsa, burda biri sənə“Dur!” deməliydi.

Belə... mən susa bilməzdim.

Çünki adamın vicdanı olar, qalmış ola bu adam yazı-pozu əhli, gənc ziyalı adına iddialı olsun.

Həmçinin oxu
AYXAN. Medalın bir üzü
Kəramət Böyükçöl Qismətin məruzəsindən qəzəblənib
Qismətin məruzəsi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG