Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:08

AYXAN. Medalın bir üzü


(Qismətin gənc yazarların yaradıcılığından bəhs edən məruzəsi haqqında)

Ədəbiyyatımızdakı qütbləşmənin əleyhinəyəm.

Çarpışmaq, mübarizə aparmaq, zənnimcə, heç nəyi düzəltməyəcək.

AYO-çular üçün AYB-çilər “pisdi”, AYB-çilər üçün isə AYO-çular. Ədəbiyyata bu cür münasibət xoşagələn deyil.

Gərək fərdlər üstündə deyil, əsərlər üzərində fikir bölgüsü aparılsın.

Qismətin məlum mühazirəsini oxuyanda bir daha təəssüfləndim. Dostumuz da eynən bir xətlə gedib - AYB-çi gəncləri tərifləyib, AYO-çuları isə kəskin şəkildə tənqid edib.

Mən də AYB-nin üzvüyəm, ancaq heç vaxt ədəbiyyata bu biçimdə yanaşmamışam.

Məsələn, Qismət mühazirəsində “Ən Yeni Ədəbiyyat” seriyasında çap olunmuş kitabların adlarını və müəlliflərini qeyd edir, sonra da bir cümlə ilə onların zay olduğunu bildirir, bununla da AYO-çulara olan münasibətində necə yanlış olduğunu nümayiş etdirir.

Mən adı çəkilən siyahıdakı əsərlərin demək olar ki, hamısını oxumuşam.

Qismətlə razılaşıram ki, bu əsərlər haqqında yüksək fikirlə danışmaq mümkün deyil.

Amma Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası”, Günel Mövludun “5XL” fikrimcə, maraqlı kitablardır.

Ən azından Qismət nəyə görə bu seriyadan çıxan kitabların özü dediyi kimi “alınmadığını” izah etsə, məncə, düzgün olardı.

Amma nə yazıq ki, mən mühazirədə belə bir şey görmədim.

Qismət mühazirədə poeziya bölməsində bu şairlərin adlarını çəkir: Nuranə Nur, Vüsal Nazimoğlu, Günel Rüstəmova, Orxan Zaman, Mirbəhram Əzimbəyli və s.
Mənə maraqlıdır ki, əgər Aqşin Yenisey, Sevinc Pərvanə, Sevinc Çılğın, Nərmin Kamal yuxarıda adları çəkilənlərdən zəif yazarlardır?

Axı, bu nə məntiqdir?

Hər halda Qismət poeziya bölməsində adlarını çəkdiyi bu şairlərin hələ müəyyən yol keçdiklərini, uğurlu şeirlər yaza bilmədiklərini qeyd etsəydi, ən azından əfv olunardı. AYO-çulardan isə adını çəkdiyim və çəkmədiyim yazarlar demək olar ki, özlərini sınamış və ictimai fikrin qəbul etdiyi insanlardır.

Nəyə görə bunları pisləyib, o biriləri, sırf Gənc Ədiblər Məktəbindən olduqları üçün tərifləmək lazımdır?

Bunun üçün insan gərək obyektivlik hissini itirsin.

Mühazirədə Orxan Muxtarlının və Nahidin hekayələri də təriflənir.

Bu “dostun xətrinə dəyməsin” prinsipidir.

Qismət gərək ki, bu iki yazarın da zəif nöqtələrini göstərəydi.

Əgər belə etsəydi, o, dostlarına daha çox yardım etmiş olardı.

Belə bir fikir var: “Tərif düşmənlər, tənqid isə dostlar üçündür”.

Qismət dostlarını tərifləməklə əslində onları daha da geri itələyir.

Hər nə isə...

Tənqidçilərdən yalnız Əsəd Cahangirin və Vaqif Yusiflinin fikirləri mühazirədə tirajlanmışdı.

Digər ədəbiyyat bilicilərinin fikirləri haqqında isə heç bir məlumat yox idi.

Gənc qələm sahiblərindən Əsəd Qaraqaplan, Cəlil Cavanşir, Namiq Rəssam, Hikmət Carçılı və bir çoxları haqqında isə ümumiyyətlə bir cümlə belə yox idi. Bəlkə sadaladıqlarımın içərisində istedadsızlar da var, ancaq gərək ki, Qismət bunları da mühazirəsində qeyd edəydi.

Dostumuz yalnız bir xətlə, öz cəbhəsində olan insanlar haqqında xoş sözlər deyir, çox gözəl desin. Amma digər yazarlar haqqında da fikirlərini bildirsə yaxşı olardı.
Nə yazıq ki, olmadı!

Medalın bir üzü görünür, o biri üzü isə kölgədə qalır.

Nə isə...

Xoş getdin XXI əsr!

Həmçinin oxu
Qismətin AYB-dəki çıxışı
Kəramət Böyükçöl Qismətin çıxışından niyə qəzəblənib?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG