Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:20

Azərbaycanda istehsalat kooperativləri yarana bilər…


Torpaqlar strukturunu, münbitliyini itirir
Torpaqlar strukturunu, münbitliyini itirir
Azərbaycanın qərb bölgəsində əksər kəndlilər kiçik həcmli pay torpaqlarını əkib-becərmirlər. Elə təsərrüfatla məşğul olan fermerlər də deyirlər ki, kiçik sahələrə çəkilən zəhmət səmərə vermir, az qazanclı olur. Fermer Nəriman Məmmədov deyir ki, az həcmli torpaqların münbitliyini də bərpa etmək olmur.

KİÇİK TORPAGIN BÖYÜK BƏLASI…

Nəriman Məmmədov: «Torpaqlar strukturunu, münbitliyini itirir. Torpağı dincə qoymaq olmur. Deyək ki, 300 metr aşağıda suvarma aparılmalıdır. Su ora gedənə qədər itir və ya başqalarının sahələrinə düşür işi pozur».

«KOOPERATİVLƏR OLARSA…»

Nəriman Məmmədov deyir ki, bir neçə kəndlinin pay torpağını icarəyə götürərək özünün kiçik sahələrinə birləşdirib, hazırda da əkib-becərir. Amma deyir ki, belə olan halda xərc icarəçinin üstünə düşür. Kooperativlər olarsa, həm xərclər birgə çəkilər, həm də gəlirlər bölünər.

Elə Göygöl rayonunda şəxsi təsərrüfat sahibi Aydın Cəfərov da deyir ki, istehsal kooperativlərinin yaradılması təsərrüfat sahəsində canlanma yaradacaq. İllərdir becərilməyən torpaqlar istifadə olunacaq:

«Vətəndaşların yarım hektar, 1 hektar torpağı var, əkə bilmir. Birlik olarsa, onda dövlətə də xeyir verər özünə də».

QƏRB BÖLGƏSİNDƏ TORPAQLARIN 50 FAİZİ İSTİFADƏSİZ QALIB…

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, hazırda bölgədə 50 faizədək torpaqlar becərilə bilmir. Çünki hər bir kəndlinin cəmi 2-3 hektar pay torpaq sahəsi var. Onun fikrincə, bu sahələrdə taxıl əkmək əlverişli deyil. Fermer taxıl əksə belə, onun kombaynla biçini xeyli miqdarda vəsait tələb edir. Əldə edilən gəlir də heç xərcləri ödəmir:

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov
«Əkin sahələrinin kiçik hektarlarla istifadəsi səmərəli deyil. Nə ziyanvericilərə qarşı mübarizə aparmaq mümkündür, nə yeni texnologiyalar gətirmək mükündür, nə də normal suvarma sistemi qurmaq mümkündür. Heç bir şey etmək olmur. Ona görə də pay torpaqları birgə istifadə olunmalıdır. İstifadə olunmayan torpaqlar təxminən 50 faiz təşkil edir. Elə Samux rayonunda 22 min hektardır, orda 12 min hektarını istifadə edə bilirik. Orda kooperativlər yoxdur artıq xərc gedir».

Ziyad Abasovun deməsinə görə, itehsal kooperativləri zamanı müasir texnologiyalardan istifadə ediləcək. Məsələn, süni yağış yağdırma üsulu tətbiq ediləcək ki, bu da sahələrə sərf edilən suya bir neçə dəfə qənaət edəcək:

«BURDA KÖHNƏ KOLXOZLAR BƏRPA OLUNMUR»

«Biz taxılı 4 dəfə sulaya bilmirik, o da məhsuldarlığı kəskin aşağı salır. Niyə Avropa 70-80 sentner götürür, biz 20-30 sentner? Yəni, bunu iki dəfə artırmaq olar. Pambıq, taxıl, yemçilik böyük sahələrdə olmalıdır. Əhali maariflənməlidir ki, burda köhnə kolxozlar bərpa olunmur. Yeni istehsal kooperativləri, geniş sahədə torpağın, suyun səmərəli istifadəsi, gəlirin artırılması üçündur».

Qərb bölgəsinin fermerləri və kənd təsərrüfatı idarələri birləşərək 2008-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə istehsal kooperativləri ilə bağlı təklif göndəriblər. Ziyad Abbasovun bildirdiyinə görə, ilk vaxtlar nazirlik təklifi tam bəyənməyib ki, bu, köhnə kolxoz sistemini xatırladır. Amma onun sözlərinə görə, hazırda bu məsələ yenidən müzakirə olunur və qanun layihəsinin hazırlanmasını gözləyirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Mürtuzəli Hacıyev də deyir ki, kooperativlərin yaradılması təsərrüfatlara səmərə verəcək və belə bir qanun layihəsinin hazırlanması 2013-cü ilə gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG