Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:48

“Mənhus çadranını son günləri”


“Kommunist” qəzetinin 1929-cu il 24 yanvar tarixli sayı
“Kommunist” qəzetinin 1929-cu il 24 yanvar tarixli sayı
Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir və ya kimisə ittiham və ya təqdir etmək məqsədi daşımır.

“Kommunist” qəzetinin 1929-cu il 24 yanvar tarixli sayında çadra əleyhinə kampaniyalardan söz açılır.

Mənhus çadranını son günləri

Onda-indi

Bir zaman bura məscid idi. On illərdən bəri müftəxor və istismarçılar avam əməkçiləri buraya mərsiyəyə toplayaraq, alın tərilə qazandıqları qəpik-quruşu əllərindən alırdılar.

İndi işçi-əməkçilər buranı Lenin guşəsinə çevirmişlərdir. İndi burada yeni həyat özülü qoyulur. Artıq işçilər buraya savab qazanmağa deyil, mədəni inqilab yaratmağa toplaşırlar və çox müvəffəqiyyət əldə edirlər.

Yanvarın 17-də qoca bir işçinin çıxışı buna canlı sübutdur. O gün kommunxoz səhiyyə arabası, şöbəsi özəyi tərəfindən sabiq məscid - indi Lenin guşəsində musamirə tərtib edilmişdi. Bütün işçilər arvadları ilə bərabər iştirak edirdilər.

Burada bir neçə məruzə və bir çox müzakirə və mübahisələr oldu. Lakin türk əməkçilərinin ayılmasını və nə qədər irəli getməsini göstərmək üçün bir qoca işçinin çıxışını qeyd ediriz, o yoldaş iclasda söz alaraq deyir: Yoldaşlar! Bu məsciddə mən özüm çox Aşura günləri aparmışam, başımı yarmışam. Amma indi burada bir yanda musiqi, bir yanda radio, bir yanda türk qadınları azadlığı. Mən burada bütün keçmişi məhv etmək və yeni yaşayışa atılmaq əlaməti olaraq öz arvadımın çadrasını atdırıram.

İclasda olan türk qadınlarından bu vaxtacan çadralı gəzən 30 nəfəri də qoca işçinin bu işindən mütəəssir olaraq oradaca çadralarını atdılar.

Məclis əhli.

“Çadra kampaniyası aparmalı olan yoldaşların özləri çadraçıdırlar”

Səbəb nədir?

Bakı qəzası, Qala-Maştağı dairəsi Zirə kəndində çadra kampaniyası aparılmır. Ona görə qadınlar da çadra altında qalmaqdadırlar.

Səbəbi də o deyil ki, Zirə qadınları çadranı çox sevirlər. Yaxud səbəb o deyil ki, Zirə kəndlilərinin hamısı çadrabazdır. Hayır, əsl səbəb odur ki, çadra kampaniyası aparmalı olan yoldaşların özləri çadraçıdırlar. Çünki kampaniyanı kim aparmalıdır?

Birinci növbədə firqə özəyi: Fəqət özək katiblərinin öz arvadı çadralıdır. Kampaniyanı bir də şura sədri aparmalıdır.

Lakin o da hələ öz arvadının çadrasını atdırmamışdır. Çadra kampaniyasını qadınlar nümayəndəsi aparar - fəqət Şirin bacı Quliyeva özü hələ çadrasını atmamışdır. Ona görə də nə kampaniya aparılır nə də çadra atılır.

Ə.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG