Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 04:41

Cəfər Cabbarlı şikayət ərizəsində Azdramadan nə yazırdı?


"Kommunist” qəzetinin 1937-ci il 30 sentyabr tarixində dərc edilmiş məqalədə müəllif Ş.Abasov bir sıra tanınmış qələm adamlarını "vurmaq" üçün 1934-cü ildə vəfat etmiş Cəfər Cabbarlıya "qahmar çıxır".


Averbaxçıların bəzi hiyləgər priyomları haqqında

Trotskist Averbaxın ədəbiyyat sahəsindəki hiyləgər priyomlarından birisi də hər hansı vasitə ilə olursa olsun sovet platformasında duran və səmimi olaraq sosialist sənətinə xidmət edən talantlı yazıçıları incitmək, sıxışdırmaq və beləliklə sovet ədəbiyyatı sahəsindən uzaqlaşdırmaq idi.

Azərbaycanda da averbaxçılıq təsirlərini yayan xalq düşməni, nacins H.B. Nəzərli, habelə H.Mehdi və başqaları öz praktik və “teoretik” fəaliyyətlərində rappçılıq litfrontçuluğun prinsipsiz siyasətini həyata keçirmişlər.

İfşa edilmiş xalq düşmənləri Əminbəyli, Əli Nazim və H. Zeynallı öz antipartiya, ikiüzlü fəaliyyətləri ilə ədəbiyyat və mətbuat sahəsində trotskist – averbaxçı siyasət yürüdüb, sovet ədəbiyyatına böyük ziyanlar vurmuşlar.

Qalib sosializm quruculuğu təsirilə öz parlaq keçmişindən uzaqlaşan, öz sosialist məzmunlu əsərləri ilə mənfur müsavatçı və onun kontrrevolusion nasionalist siyasətindən həmişəlik olaraq əl çəkən Cəfər Cabbarlının səmimi olaraq sovet platformasına keçməsinə dözə bilməyən müsavatçı Əminbəyli, Xəlil İbrahim, Əli Nazim və sairə onun ən sağlam ideyalı pyeslərini qiymətdən salmağa çalışırlardı.

1931-ci ildə oktyabr ayının 6-da “Kommunist” qəzetində Xəlil İbrahim, Cəfər Cabbarlının “1905-ci ildə” kimi internasional ruhlu yeni əsəri haqqında “bizcə bu əsər səhnədən götürülməlidir” – deyə kontrrevolusioner bir nəticəyə gələrkən, qəzetin o zamankı redaktoru alçaq Əminbəyli, qəzet əməkdaşlarının etirazına baxmayaraq, məqalənin axırına idarədən bu sözləri əlavə etməyi lazım bilmişdi: “ müəllifin fikri ilə idarəmiz şərikdir”.

“Xalq dramaturqu Cəfər Cabbarlının “1905-ci ildə” və “Yaşar” pyesləri Azərbaycan əməkçilərinin məhəbbətini qazanmışdır”- deyə Bakı proletariatı və Azərbaycan əməkçiləri, Azərbaycanda sovet hökumətinin qurulmasının 15 illiyi bayramı münasibətilə Stalin yoldaşa raport verdiyi bir halda, müsavatçı ikiüzlü Əminbəyli “1905-ci ildə” pyesini kontrrevolusion bir əsər adlandıraraq, səhnədən götürülməsini tələb edirdi.

Əminbəylinin Cəfər Cabbarlıya qarşı sıxışdırıcı əlaqəsi bununla bitmir.

O,qəzet redaktoru olduğu zaman böyük dramaturqun əleyhinə bir sıra məqalələrə yol vermişdir.

Əminbəyli tək deyildi, bu məsələdə rappçılar onunla birləşirdilər. Əminbəyli rappçıların Cəfər Cabbarlı əleyhinə yazılmış məqalələrinə çox həvəslə yer verirdi.

Cəfər Cabbarlının əleyhinə şiddətli mübarizə aparanlardan ən canfəşanlıq edəni H.Mehdi olmuşdur. Cəfərə qarşı mənfi əlaqəsində ardıcıl olmuş və axıradək eyni fikrini davam etdirmişdir.

1931-ci il 21 sentyabr tarixli “Kommunist” qəzetində yazdığı məqalədə H. Mehdi, Cəfərə öz repertuarında yer verən Bədaye teatrına hücum edir:

“Cəfər Cabbarlının xırda burjua əsərlərini teatr repertuarı üçün əsas aldıqda, qarşılarında açılan dərin uçurumu görə bilmirlər....” – deyir. H.Mehdinin teatrı qorxuzduğu bu uçurum nədən ibarətmiş?

Mehdi Hüseyn
Cəfər Cabbarlıya qarşı hücumlarında H.Mehdi indi ifşa olunmuş xalq düşməni Əli Nazimlə birlikdə “Kommunist” qəzetindəki başqa bir məqaləsində Cabbarlının “Almas”pyesini bir addım irəli, iki addım geri hesab edir.

Onlar Cabbarlıya RAPP-ın “ya bizdən ol, ya düşmən” şüarı ilə yaxınlaşır və bu qərara gəlirlər ki, “Cəfər özünü yenidən tərbiyə və quruş işində günün təlabatına uyğun hesab etmir”. Beləliklə məqalə sahibləri Cabbarlını düşmən cəbhəsinə atmağa çalışırdılar.

Əlimizdəki vəsiqə Cəfər Cabbarlının 1933-cü ilin noyabr ayında Azərbaycan sovet yazıçıları ittifaqı təşkilat komitəsinə (sədr alçaq H.Nəzərli idi) verdiyi ərizəsi, müəllifin öz əli ilə yazılmışdır. Ərizədə Cabbarlı belə yazır:

“Noyabrın 25-də ADDT əməkdaşlarının istehsalat müşavirəsində aktyor Mirzə Ağa Əliyev rəsmi olaraq dedi ki: “Azapçı proletar yazıçılar deyirlər ki, nə qədər Cəfər teatrdadır və yazır, biz ora pyes verməyəcəyik”. Mən belə zənn edirəm ki, bu sözlər sovet yazıçılarına qarşı bir provakasiya və böhtandır.

Ola bilməz ki, özümün çalışdığım bir təşkilatın üzvləri yaradıcılıq yarışını çevirib mənim inzibati sürətdə sıxışdırılmamla əvəz etsinlər.

Buna baxmayaraq, mən yenə də təşkilat komitəsinə müraciət edərək, xahiş edirəm ki, ayrı-ayrı üzvlər, yaxud bir qrup sovet yazıçıları tərəfindən belə bir sözün deyilib-deyilməməsini aydınlaşdırasınız. Əgər, bu həqiqətsə, o zaman mən teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar.”


Cabbarlının bu məktubu rappçıların işini yaxşıca ifşa edir.

İfşa edilmiş xalq düşməni H.B.Nəzərli Yazıçılar İttifaqının üzvlüyündən kənar edilmişdir. Lakin bu alçağın həmfikirlərinin, məsələn H.Mehdinin hələ də sovet yazıçıları sıralarında qalması təəccüblü deyilmidir?


P.S. Hənəfi Zeynallı 1895-ci ildə Bakıda dəmirçi ailəsində anadan olub. 1923-1931-ci illərdə Azərnəşrdə işləyərkən o, "Kommunist", "Maarif və Mədəniyyət", "İnqilab və Mədəniyyət", "Maarif işçisi" jurnallarında əməkdaşlıq edib.

1937-ci il yanvarın 28-də H.Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olunub və Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edilib. H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olunub.

Xəlil İbrahim 1892-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada, real məktəbi Bakıda bitirib.

"Azərbaycan"a qədər bir çox qəzetlərdə həm müxbir, bəzən də redaktor kimi çalışıb. 1919-cu ildə qəzetin 4 iyul 216-cı nömrəsindən 1 sentyabr 265-ci nömrəsinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin redaktoru olub.

Xəlil İbrahim 1938-ci ildə "xalq düşməni" kimi həbs edilərək güllələnib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG