Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Fevral, Cümə, Bakı vaxtı 03:52

Dünya xəbərləri

Qırğızıstanda yeni kolaisiya hökuməti hakimiyyətə gəldi

Dekabrın 17-də Qırğızıstanda parlament Sosial-Demokrat Partiyasının lideri Almazbek Atambayevi Baş nazir vəzifəsinə seçib. Bugün həmçinin Ata-Jurt Partiyasının lideri Axmatbek Keldibekov parlamentin spikeri seçilib.

Deputatlar Respublikaçılar Partiyasının rəhbərliyi ilə yaradılan, Ata-Jurt və Sosial-Demokrat partiyalarının qoşulduğu yeni hökumət kolaisiyasını da təsdiq ediblər.
Parlament seçkisi oktyabrın 10-da keçirilsə də indiyə qədər koalisiyanı formalaşdırmaq mümkün olmurdu.

Qırğızıstanın yeni qəbul edilmiş Konstitusiyasına görə prezidentin səlahiyyətləri azaldılıb, əsas səlahiyyətlər Baş nazirə də parlamentə verilib.

Bütün xəbərləri izləyin

update

Pakistanda məsciddə ölənlərin sayı 88-ə çatıb

Yaralılar daşınır

Pakistanda məsciddə intiharçının bomba partlatması nəticəsində ölənlərin sayı 88-ə çatıb, 160 nəfər yaralanıb.

Ölənlərin çoxu polis əməkdaşlarıdır.

BMT-nin Baş katibi Antonio Quterreş partlayışı “mənfur” adlandırıb.

+++

Pakistanda məsciddə törədilmiş partlayışda azı 47 nəfər öldürülüb, 150 nəfər yaralanıb.

Şahidlər Pişavər şəhərində məscidin içərisində intiharçının bomba partlatdığını deyirlər.

Hücumda yaralananların gətirildiyi Pişavər xəstəxanası sözçüsünün dediyinə görə hücumda ölənlərin əksəriyyə polislərdir.

Şahidlər bildirirlər ki, intiharçı məscidin içərisində imamın arxasındakı birinci cərgədə dayanıbmış.

Bu da xəbər verilir ki, onlarca yaralı yaxınlıqdakı xəstəxanalara aparılıb.

Ölü sayının daha da artacağı gözlənilır. Həkimlər yaralılardan 10-15 nəfərinin ağır olduğunu deyirlər.

Məsuliyyəti üzərinə Təhrike-Taliban Pakistan götürüb

Bu hücuma görə məsuliyyəti üzərinə Təhrike-Taliban Pakistan (TTP) kimi tanınan Pakistan Talibanı götürüb.

Bu radikal qruplaşma son 15 ildə Pakistanda qiyam qaldırıb.

Baş nazir Nəvaz Şərif bomba hücumunu pisləyib və deyib ki, hücumun arxasında dayananlara qarşı ən sərt tədbirlər görüləcək.

AzadlıqRadiosunun yerli müxbirləri deyirlər ki, bu məscidə əsasən idarələri yaxınlıqda olan polislər və hökumət nümayəndələri gəlirlər.

Xilasedicilər ikimərtəbəli binanın uçqunu altında mümkün sağ qalanların axtarışını davam etdirirlər.

Pişavər Pakistanın Xeybər Paxtunkva vilayətinin mərkəzi şəhəridir və Əfqanıstanla sərhəddə yerləşir.

***

Pakistanda məsciddə partlayışda azı 32 nəfər öldürülüb, 120 nəfər yaralanıb. Şahidlər Pişavər şəhərində məscidin içərisində intiharçının bomba partlatdığını deyirlər.

Reuters agentliyi partlayışda 142 nəfərin yaralandığını və bunlardan çoxunun kritik vəziyyətdə olduğunu xəbər verir.

Bu gün – yanvarın 30-da Pakistanın şimal-qərbi Pişavər şəhərində məsciddə partlayışda 17 nəfər həlak olub, 80 nəfər yaralanıb. Xəbəri AzadlıqRadiosunun “Maşal” xidmətinin müxbiri Azmat Ali Şah xəstəxanadan verir.

“Reuters” partlayışda 19 dindarın öldürüldüyünü, onlarla şəxsin yaralandığını bildirir.

Məscid polis binasının yaxınlığında yerləşir. Partlayış baş verəndə məsciddə 260 nəfərin olduğu deyilir.

“Moizə vaxtı baş verib. İkimərtəbəli bina dağılıb”, – partlayış vaxtı məscid yaxınlığında olduğunu deyən bir şahid yerli Geo TV xəbər kanalına danışıb.

Yerli xəstəxananın sözçüsü 19 nəfərin öldüyünü, azı 90 nəfərin yaralandığını, “xeyli adamın kritik vəziyyətdə olduğunu” söyləyib.

Polis dağıntılar altında qalanların olduğunu bildirir. Polis rəsmisi deyib ki, binanın bir hissəsi dağılıb və onun altında adamların qaldığı güman edilir.

Əfqanıstanda soyuqdan ən azı 166 nəfər həlak olub

Əfqanıstan, Kabil, 5 yanvar 2022

Yanvarın 28-də Əfqanıstan ərazisində havanın kəskin soyuması nəticəsində ən azı 166 nəfər həlak olub.

Məlumatlarda qeyd olunur ki, həmin gün güclü yağan qar, şaxtalı küləklə yanaşı havanın temperaturu -33 dərəcəyə düşüb. Bu da insan təlafatının çoxalmasına səbəb olub.

Yardım agentlikləri soyuq havadan əvvəl xəbərdarlıq ediblər ki, Əfqanıstanın 38 milyon əhalisinin yarısından çoxu aclıqla, dörd milyona yaxın uşaq isə qida çatışmazlığından əziyyət çəkir.

Taliban 20 illik fasilədən sonra 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirib.

Hakimiyyətin ələ keçirilməsindən sonra 3 ay sonra Talibanın baş naziri dünya ölkələrinə, hümanitar yardım təşkilatlarına müraciət edək yardımlarını əsirgəməməyə çağırıb.

Ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşandığını deyən nazir müraciətində taqətdən düşmüş xalqa yardım olunmasını istəyib.

Rusiya Baxmuta hücumda ağır itki verən 'Vaqner'i nizami ordu ilə əvəz edə bilər

Soledar yaxınlığı

Müharibəni Öyrənmə İnstitutunun amerikalı analitikləri hesab edirlər ki, Rusiya ordusunun nizami bölmələri, döyüşlərdə tükənmiş "Vaqner" qüvvələrini Baxmuta qarşı hücumda əvəz edəcək.

Analitiklər bunu Rusiya Müdafiə Nazirliyi hesabatlarındakı Rusiya qoşunlarının bir neçə aydır Baxmut bölgəsində hava-desant qüvvələrinin hərəkətlərinin artması ilə bağlı məlumatlarla əsaslandırırlar.

Qeyd olunur ki, xüsusən Rusiya həbsxanalarından döyüşlərə cəlb edilən "Vaqner" muzdluları Baxmut ətrafında döyüşlərdə, xüsusən də onun yaxınlığındakı Soledar şəhərinin tutulması zamanı ağır itkilər veriblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik hesabatında Baxmut və əlavə olaraq Donetskin cənub-qərbindəki Vuhledar şəhərinə edilən hücumların dəf edildiyi vurğulanır.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrindən daha uzun mənzilli raketlər istəyir.

O, xüsusən də Amerikanın ATACMS raketlərinə ehtiyac olduğunu bildirir. Ukrayna prezidentinin sözlərinə görə, bu, Ukrayna şəhərlərini atəşə tutanda Rusiyanın özünü cəzasız hiss etməməsi üçün lazımdır.

Zelenski danışarkən şənbə günü Donbassda Konstantinovka şəhərinin atəşə tutulmasını, 3 nəfərin ölümü və 14 nəfərin yaralanması ilə nəticələnən atəşi göstərib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının şənbə günü axşam saatlarında yaydığı məlumatında Baxmut, Avdeevka və Novopavlovka istiqamətlərini Donbassda gedən döyüşlərin ən amansız yerləri adlandırıb.

Rusiya ötən ilin fevralında Ukraynaya hücum edib. Müharibə hələ də davam etməkdədir.

Iranın Qərbi Azərbaycan əyalətində zəlzələ, ölənlər və xəsarət alanlar var

İran, Xoyda zəlzələdən sonra dağılan ev, 28 yanvar 2023

Ən azı 3 nəfərin öldüyü, 816 nəfərin yaralandığı bildirilir

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində azı 3 nəfərin həlak olduğu, 816 nəfər xəsarət aldığı bildirilir.

Bu barədə İRNA agentliyi vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 124 nəfər xəstəxanalara yerləşdirilib. Bundan əvvəl hakimiyyət iki şəhər və 70 kənddə yaşayış binalarının 20%-dən 50%-ə qədərinin zədələndiyini bildirib.

Yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. İRNA-nın məlumatına görə, zəlzələ vilayətin bir çox bölgəsində hiss olunub.

Həmin gün İrannın bir sıra hərbi obyektlərinə dron hücumlarınn olduğu bildirilir. Rəsmi qurumlar hücumlarla bağlı məlumatları təsdiqləyirlər.

Çexiyadakı prezident seçkilərində istefada olan general qalib gəlib

Petr Pavel həyat yoldaşı ilə seçki məntəqəsinin qarşısında, Praqa, 27 yanvar 2023-cü il

Çexiyada prezident seçkilərinin ikinci turunda da səsverməni istefada olan general Petr Pavel qazanıb.

O, səslərin 58 faizdən çoxunu, rəqibi Andrey Babiş isə 42 faizdən az səs toplayıb.

Baş nazir Petr Fiala , eləcə də Çexiya ilə qonşu olan bəzi dövlətlərin, xüsusilə Slovakiya və Avstriyanın başçıları Petr Paveli qələbə münasibətilə təbrik ediblər.

Petr Pavel səlahiyyətlərinin icrasına martın əvvəlində başlayacaq.

O, Praqa qalasında Miloş Zemanı əvəz edəcək. Miloş Zeman uzun müddət Avropa İttifaqı ölkələrinin ən rusiyapərəst rəhbərlərindən biri hesab olunub. Lakin fevralın 24-dən sonra o Moskvaya münasibətdə mövqeyini kəskin şəkildə sərtləşdirib.

Petr Pavel karyeralı hərbçidir, Çexiya və keçmiş Sovet bloku ölkələrinin tarixində (2015-2018-ci illərdə) NATO Hərbi Komitəsinin ilk rəhbəri olub.

Beş il Çexiya Ordusunun Baş Qərargah rəisi olan Pavel Rusiyanın Ukraynaya hücumuna qarşı sərt mövqe tutur.

Ölkəsinin qərbyönlü oriyentasiyasını müdafiə edir, eyni zamanda vətənpərvərlik hisslərinə səsləyir. Onu əsasən sağ, mühafizəkar və liberal baxışların tərəfdarları dəstəkləyir.

Andrey Babiş keçmiş baş nazir, hazırda ən böyük müxalifət partiyası olan ANO-nun lideri və keçmiş milyarder sahibkar, "Agrofert" holdinqinin rəhbəridir.

Onun seçicilərinin əsasını pensiyaçılar və aztəminatlı insanlar təşkil edir.

Səsvermənin birinci turunda rəqiblər təxminən bərabər sayda səs toplasalar da seçicilərin yarısından çoxunu qazana bilməmişdilər.

Parlamentli respublika olan Çexiyada dövlət başçısının səlahiyyətləri çox da böyük deyil.

Petr Pavel 1993-cü ildə Çexoslovakiyanın bölünməsindən sonra Çexiyanın dördüncü prezidenti olacaq. Onun sələfləri keçmiş dissident və dramaturq Vatslav Havel (1993-2003), iqtisadiyyat professoru və keçmiş baş nazir Vatslav Klaus (2003-2013) və digər keçmiş baş nazir Miloş Zeman (2013-2023) idi.

2013-cü ilə qədər ölkədə prezidenti parlament seçib, həmin dövrdən bəri birbaşa seçkilər tətbiq olunur.

İranın hərbi obyektlərinə dron hücumları olub

İsfahan şəhərindəki hərbi zavodda partlayış

İran Müdafiə Nazirliyi itki olmadığını, hərbi zavoda ciddi ziyan dəymədiyini bildirir

Şənbədən bazara keçən gecə İranın İsfahan şəhərindəki hərbi zavod pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

İran Müdafiə Nazirliyinin məlumatına görə, PUA-lar hava hücumundan müdafiə sistemləri ilə vurulub, itki yoxdur və zavoda da ciddi ziyan dəyməyib.

İran hakimiyyəti pilotsuz təyyarələrin hansı ölkəyə aid olması ilə bağlı hələki bir məlumat vermir.

İran mediası ölkənin paytaxtı Tehranda, Təbriz və Dezful şəhərlərində - strateji obyektlərdə və neft emalı zavodlarında partlayışlar və yanğınlar olması barədə məlumatlar verir.

İyul ayında İran İsfahanda hərbi kompleksi partlatmaq niyyətində olduğu iddia edilən bir qrup kürd diversantın həbs olunduğunu elan edib. Onlar İsrailə işləməkdə ittiham olunublar.

Laçın dəhlizindən danışan Donfrid Tehranın bölgədə fəallığına diqqət çəkib

Karen Donfrid, arxiv foto

Laçın dəhlizi ətrafındakı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsinə əngəl törədir.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində deyib.

Dəhlizin yenidən açılması üçün Vaşinqtonun fəal işlədiyini bildirən Donfrid dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri arasında son telefon danışıqlarını xatırlayıb.

“Dövlət katibi dəhlizin dərhal yenidən açılmasına çağırıb və maneəsiz ticarət və şəxsi nəqliyyatın vacibliyini vurğulayıb. Biz Dağlıq Qarabağda yerli erməni əhalisinin vəziyyətindən çox narahatıq. Biz bu vəziyyəti diqqətdə saxlamağa və təzyiq göstərməyə davam edəcəyik”, - Donfrid bildirib.

Regiondakı vəziyyətdən danışan ABŞ dövlət katibinin müavini “Moskva və Tehranın fəallığını” toxunub.

"Amerikanın səsi" erməni xidmətinin yazdığına görə, Karen Donfrid deyib ki, Dağlıq Qarabağda yerləşdirilən qondarma rus sülhməramlıları konstruktiv rol oynamır və İran Cənubi Qafqazda siyasi, təhlükəsizlik və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır.

Dofridin sözlərinə görə, müxtəlif çətin məsələlərin, o cümlədən sərhədlərin demarkasiyası, sülh sazişi, ölkələr arasında nəqliyyat dəhlizinin bərpası məsələsi də daxil olmaqla Azərbaycan-Ermənistan danışıqlar prosesi dövlət katibinin gündəliyində duran məsələlərdən biridir.

“Biz sülhə nail olmaq üçün qəbul edilməli olan çətin qərarların İrəvanda və Bakıda qəbul edilməli olduğunu anlayaraq hər cür kömək etməyə hazırıq”, - ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini deyib.

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ermənistan qadınların könüllü hərbi xidmət institutunu yaradır

Ukrayna, arxiv foto

Paşinyan ötən illərlə müqayisədə orduya ayrılan vəsaitin də 2023-də iki dəfə artırıldığını vurğulayıb

Ermənistan hökuməti qadınların orduda iştirakını hədəfləyən tamamilə yeni könüllü hərbi xidmət institutunun yaradılmasını planlaşdırır.

Bu fikirləri yanvarın 28-də ölkə ordusunun yaranma günü ilə bağlı etdiyi müraciətində Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib.

O, ordunun profesionallığı üçün hökumətin genişmiqyaslı addımlar atdığını vurğulayıb.

Orduda başlanan islahatlara toxuna baş nazir bundan başqa indiyə qədər ehtiyatda olan hərbçilərlə bağlı üçaylıq yığımların da 25 günə endirilməsi ilə bağlı proseslərin getdiyini bildirib.

O ordunun müasir silahlarla təchiz olunması ilə bağlı addımların da atıldığını qeyd edib.

"Ordumuzu müasir silah və texnika ilə təchiz etmək üçün tədbirlər görürük, imkan daxilində yerli istehsalçıları həvəsləndirməyə çalışırıq."-Paşinyan bildirib.

Ermənistan peşəkar ordu yaradır, əsgərlərə ayda 1000 dollar və ev vəd edir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Paşinyan fikirlərinə 2023-cü il üçün müdafiə büdcəsinin 2018-ci illə müqayisədə 2 dəfədən çox artırıldığını da əlavə edib.

Ordu islahatlarının elə də rəvan getmədiyi deyən Paşynyana görə, qeyri-sabit təhlükəsizlik mühiti özü ilə bəzən kobud qanun pozuntularına səbəb olan yeni hallar da gətirir.

Rusiya neft məhsullarına qiymət həddi 100 dollar səviyyəsində dəstəklənir

Neft mancanağı, arxiv foto

Yeddilik ölkələri (G7 )Avropa İttifaqına Rusiya neft məhsullarının bir barrelinə son qiymət hədinin 110 dollar müəyyən edilməsi ilə bağlı təklif veriblər.

(G7-yə daxil olan ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya)

G7 rəsmi nümayəndəsinə istinadla Bloomberq yekun qiymət həddinin 100 dollar götürüləcəyini yazır.

Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq tətbiq edilən sanksiyalar çərçivəsində 2023-cü il fevralın 5-dən Rusiya neft məhsulları üçün dünyada iki qiymət həddi fəaliyyətə başlayacaq.

Bunlardan biri, xam neftlə müqayisədə yüksək qiymətə satılan neft məhsulları (dizel yanacağı, benzin), digəri isə adətən endirimlə satılan məhsullar (mazut) üçündür.

Avropa Komissiyası birincini bir barel üçün 100 dollar, ikincini isə 45 dollar səviyyəsində təyin etməyi planlaşdırır.

Qiymət həddi o deməkdir ki, G7 ölkələri və Avropa İttifaqı Rusiya neft məhsulları ilə bağlı sığorta və maliyyə xidmətlərini yalnız təyin olunan hədd qiymətinə və ya ondan aşağı qiymətə alındıqda təmin edəcək.

2022-ci ilin dekabrında dəniz yolu ilə ixrac edilən Rusiya nefti üçün qiymət həddi 60 dollar/barel səviyyəsində qüvvəyə minib.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarının qiymət həddinə razılaşan ölkələrə satışını qadağan edib.

Neft məhsullarına tətbiq edilən qiymət həddi Ukraynaya hərbi təcavüz edən Rusiyanın müharibəni davam etdirməyə lazım olan resurslarının azldılmasına hesablanıb.

Qiymət həddinin müəyyən olunması həm də tədarükün kəsilməsinin və dünya qiymətlərinin sürətlə artmasının qarşısını almağa yönəlib.

Yerusəlimdə yenidən adamlara atəş açılıb, azı iki nəfər yaralanıb

Atışma baş verən yerin yaxınlığı

Atəş açan 13 yaşlı yeniyetmə saxlanılıb, bir gün əvvəl 7 nəfərin ölümünə səbəb olan 21 yaşlı silahlı isə polislə atışmada öldürülüb

Yanvarın 28-i Yerusəlimdə açılan atəş nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

Təcili yardım xidmətinin könüllüləri olan zərəçəkənlər 59 və 23 yaşlı ata-oğuldur.

Atışma İr-David ərazisində baş verib. Bu, Məbəd dağının cənubundakı dar dağ silsiləsində yerləşən Yerusəlimin ən qədim məhəlləsidir. Hücumçu "Aderet" yəhudi evinin girişinin yaxınlığında atəş açıb.

Son məlumatlara görə, atəş açan 13 yaşlı yeniyetmə saxlanılıb. Polis hadisəni terror aktı adlandırıb.

Yanvarın 27-də də Xolokostu anma günü Yerusəlimdə naməlum şəxs sinaqoqa gələnlərə atəş açıb. Atışma nəticəsində azı 7 nəfərin həlak olduğu, biri 15 yaşlı yeniyetmə olmaqla üç nəfərin də yaralandığı bildirilir.

Yerusəlimdə əsasən fələstinlilərin yaşadığı məhəllənin 21 yaşlı sakini olan hücumçu polislə atışmada öldürülüb.

Ehtimallara görə, o, Həmas qruplaşmasına yaxın olub. Polis onun tək hərəkət etdiyini deyib.

Polis komissarı Yakov Şabtayın dediyinə görə, hücumçu əvvəlcə "yolunda olan hər kəsə atəş açmağa başlayıb. O, maşınına minərək yaxın məsafədən tapança ilə öldürməyə başlayıb". Şabtai hadisəni "son illərin ən dəhşətli terror aktlarından biri" adlandırıb.

İsrail yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq yanvarın 27-nə keçən gecə İsrail ordusu Qəzza zolağına raket zərbələri endirib.

Ehtimal olunur ki, bu həmin raket zərbələrinə bölgənin ərəb əhalisinin qisası ola bilər.

İsrail ordusu, sərhəd polisi və ümumi təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərindəki qaçqın düşərgəsində apardığı reydlərdən sonra tərəflər bir-birinə raket zərbələri endiriblər.

İsrail tərəfi bildirir ki, reyd İsrailə qarşı hücumlar planlaşdıran “İslami Cihad” radikal qruplaşmasının üzvlərinə qarşı olub.

Fələstin Administrasiyasının məlumatına görə, həmin vaxt atəş nəticəsində azı bir nəfər mülki şəxs olmaqla 11 nəfər ölüb.

Münaqişənin kəskinləşməsi ABŞ dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə turnesinin başlanması fonunda baş verir. Dövlət Departamentinin rəhbəri Misir, İsrail və İordan çayının qərb sahilinə səfər etməyi planlaşdırır.

ABŞ-da polisinlərin bir gənci ölümcül döyməsinin videosu yayılıb

Tayr Nikols

ABŞ-da polislərin bir gəncin ölümünə səbəb olan hərəkətlərini əks etdirən videonun yayılmasından sonra minlərlə amerikalı zorakılığa etiraz olaraq küçələrə çıxıb.

Məlumata görə, Tennessi ştatının Memfis şəhərində polislər ehtiyatsız avtomobil idarəetmə ittihamı ilə saxladıqları 29 yaşlı Tayr Nikolsu ölənə qədər döyüblər.

Qətldə ittiham olunan beş polisin artıq işdən uzaqlaşdırıldığı bildirilir.

Məlumatda vurğulanır ki, polislər 29 yaşlı qaradərili Nikolsu yanvarın əvvəlində “ehtiyatsız idarəetmə”ya görə saxlayıblar. Amma sonra polis departamentinin rəisi "ehtiyatsız idarəetmə"nin olmadığını bildirib.

Memfis polisi Nikolsun ölümü ilə bağlı ümumilikdə dörd video yayıb. Həmin videolarda polislərin Nikolsun bədəninə o cümlədən başına dəyənək, yumruq və təpiklə necə vurduğu görünür.

Asfalta uzanmış Nikolas həmin vaxt anasını çağırır. Videoda əlləri qandallı olan gəncin təhlükə yaratmadığı halda başına polislərin iki dəfə təpiklə vurduğu görünür. Polislərdən heç biri Nikolasa yardım üçün cəhd etmir.

O da qeyd olunur ki, Nikols ağır xəsərətlər yetirilməsindən yarım saat sonra xəstəxanaya çatdırılıb və üç gün sonra vəfat edib. Ailə vəkilinin verdiyi məlumata görə, Nikolas qanaxmadan ölüb.

Nikolsun qətli ilə bağlı videoların yayılmasından sonra minlərlə amerikalı polis zorakılığına etiraz etmək üçün küçələrə axışıb. Növbəti genişmiqyaslı aksiyaların Memfis, Vaşinqton, Nyu-York da daxil olmaqla ABŞ-ın digər böyük şəhərində keçirilməsi planlaşdırılır.

Ötən il jurnalist ölümləri 50% artıb

Belaruslu jurnalist Ales Minau Ukraynada

2022-ci ildə dünyada jurnalist qətlləri bir il öncəylə müqayisədə 50% artıb. Buna əsasən Ukrayna, Meksika və Haitidə jurnalist qətlləri təkan verib.

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 24-də yaydığı hesabatda qeyd edir ki, 2022-ci ildə dünyada azı 67 xəbər mediası işçisi öldürülüb. Bu isə 2018-ci ildən bəri ən yüksək rəqəmdir.

Adıçəkilən üç ölkədə jurnalistlər deyirlər ki, getdikcə artan təhlükə onları aşırı stress altında işləməyə vadar edir.

Ötən il təkcə Haitidə 7 jurnalist öldürülüb ki, bu da 12 milyon adamın yaşadığı kiçik ada ölkəsi üçün böyük saydır. Onların bəzilərini zorakı küçə bandaları, azı ikisini isə polis güllələyib.

CPJ-nin məlumatına görə, 67 qətlin 35-i cəmi üç ölkədə – Ukrayna, Meksika və Haitidə baş verib. Meksikada 13 media işçisi öldürülüb. Digər media qrupları bu sayın 15 olduğunu deyirlər.

Rusiyanın hərbi hücumuna məruz qalmış Ukraynada isə ötən il 15 media işçisi qətlə yetirilib. Qurum Ukraynada müharibəni işıqlandıran jurnalistlərin “nəhəng risklə üzləşdiyini” qeyd edir.

CPJ 46 jurnalistin “birbaşa işləri ilə əlaqədar” öldürüldüyünü təsdiqləyib, 26 qətlin motivinin isə araşdırıldığını bildirib.

Qərb şirkətlərinin əslində neçə faizi Rusiyadan gedib

Arxiv fotosu

Qərb şirkətlərinin 9 faizindən də Rusiya Ukraynaya hücuma başlayandan bu ölkədən gedib. Bunu İsveçrədəki St Gallen Universitetinin və Beynəlxalq Menecment İnkişafı İnstitutunun araşdırması üzə çıxarıb.

Simon EventNikol Pisani deyir ki, onların araşdırması “Avropa İttifaqı və G7-nin (Böyük Yeddilik) Rusiyadan çox məhdud şəkildə çəkildiyini” ortaya qoyub. Bu isə “nəhəng sayda Qərb firmalarının bazarı tərk etməsi haqda deyilənlərin əksini göstərir”, – onlar vurğulayıblar.

2022-ci ilin fevralında Aİ və G7-dən 1404 şirkətin Rusiyada ümumilikdə 2 min 405 filialı olub. Ötən noyabradək onların cəmi 8.5 faizi Rusiyaya investisiyanı dayandırdığını açıqlayıb. Ötən ilin dördüncü rübündə Rusiyadan kapitalın çıxarılması göstəricilərində “cüzi dəyişiklik” qeydə alınıb, tədqiqatçılar belə deyirlər.

Moskva ötən il fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan sonra bir sıra tanınmış brendlər Rusiyada fəaliyyəti dayandırdıqlarını bildiriblər.

Polşa Ukraynaya tank tədarükü üçün 'kiçik koalisiya' yarada bilər

Polşa, "Leopard 2" tankları ilə təlimlər, 24 mart 2014

Polşanın baş naziri Mateuş Moravetski yanvarın 22-də bəyan edib ki, əgər Almaniya hökuməti “Leopard-2” tanklarının Ukraynaya göndərilməsinə qərar verməsə, Varşava öz arsenallarından Kiyevi “müasir texnika” və “müasir tanklar”la təmin edəcək ölkələrdən “kiçik koalisiya” yaradacaq.

Polşanın PAP xəbər agentliyinə müsahibəsində baş nazir Almaniyanın tank tədarükü məsələsində mövqeyini tənqid edib.

"Almaniyanın mövqeyi qəbuledilməzdir. Müharibənin başlanmasından demək olar ki, bir il keçir. Günahsız insanlar hər gün ölür", - Morawiecki deyib.

Berlin hələ ki, özündə və digər ölkələrdə olan "Leopard" tanklarının Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etməyib.

Bir gün əvvəl Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Almaniya hakimiyyətini Ukraynanı dərhal “Leopard” tankları ilə təmin etməyə çağırıblar.

“Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır”, - onlar tvitter hesabında yazıblar.

Bu günlərdə Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə Qərb tanklarının tədarükü ilə bağlı Almaniyanın Ramşteyn aviabazasında görüşüb müzakirə aparsalar da razılıq əldə olunmayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius cümə günü bildirib ki, Berlin "Leopard"larla bağlı hələ qərar qəbul etməyib.

Bazar günü Avropa İttifaqının xarici işlər naziri Josep Borrell, əsasən Almaniyanın mövqeyinə görə Ukraynaya tankların tədarükü ilə bağlı siyasi qərarın hələ verilmədiyini təsdiqləyib.

"El Diario"-ya verdiyi müsahibədə Borrell şəxsən tank tədarükünün tərəfdarı olduğunu bildirib.

Daha əvvəl Ukraynaya az sayda öz tanklarının təhvil verildiyini açıqlayan Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bildirib ki, Ukrayna Silahlı Qüvvələri "Leopard"ları əldə edərsə London buna şad olacaq.

Qərb dövlətlərinin Ukraynaya silah tədarükünün artması ilə əlaqədar son günlər Rusiyanın yüksək rütbəli nümayəndələri kütləvi qırğın silahlarından istifadə ilə bağlı təhdidlər edirlər.

Los-Anceles yaxınlığında naməlum şəxs atəş açaraq ən azı 9 nəfəri öldürüb

Kaliforniya, hadisə yeri

Hadisəni törədənin kimliyi, tutulun-tutulmadığı və əbəbləri barədə hələki hər hansı məlumat yoxdur

ABŞ-ın Kaliforniya ştatının Monterey Park şəhərində şənbədən bazara keçən gecə silahlı şəxs atəş açıb.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub. Atəş açanın kimliyi və həbs edilib-edilmədiyi hələlik məlum deyil.

Hadisə Çin təqviminə görə Yeni ilin gəlişinin qeyd edildiyi vaxta təsadüf edib, bu zaman parkda və küçələrdə çox adam olub.

Monterey Park Los-Ancelesin ətrafıdır. Qeyd olunur ki, şəhər əhalisinin yarıdan çoxu Çin və Cənub-Şərqi Asiyadan gələnlərdir.

Bir neçə gün davam edən Çin Yeni ili şənliyinin ənənəvi hissəsi atəşfəşanlıqdır. Hadisə şahidlərinin sözlərinə görə,buna görə də atəş səslərini fişənglərin səsindən dərhal ayıra bilməyiblər.

Rusiya Dumasının rəhbəri Qərb ölkələrini hədələyib

Vyaçeslav Volodin, arxiv foto

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynaya hərbi yardım edən Qərb ölkələrini hədələyib.

Bazar günü teleqram kanalındakı paylaşımında o yazıb ki, Kiyevə hücum silahlarının çatdırılması qlobal fəlakətə gətirib çıxaracaq.

"Əgər Vaşinqton və NATO ölkələri təhdid etdikləri kimi mülki şəhərlərə zərbələr endirmək və ərazilərimizi ələ keçirməyə cəhd etmək üçün istifadə olunacaq silahları tədarük etsələr, bu, daha güclü silahlardan istifadə etməklə cavab tədbirlərinə səbəb olacaq"-Rusiya Dövlət Dumasının sədri yazıb.

Vaşinqton və Brüsseli öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürüklədiyini vurğulayan Volodin bildirir ki, bu ölkələr bəşəriyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər.

Buna oxşar fikirləri əvvəllər Rusiyanın digər rəsmiləri də səsləndiriblər. Həmin çıxışlarda qeyd olunub ki, Ukrayna ordusunun mümkün hücumları Rusiyanın ərazi bütövlüyünü və mövcudluğunu təhlükə altına sala bilər.

Ərazi bütövlüyünə təhlükədən danışan Rusiya rəsmiləri Kremlin mövqeyinə uyğun olaraq, Ukraynanın dörd vilayətinin və Krımın ilhaq edilmiş ərazilərini Rusiya ərazisi hesab edirlər.

Rusiyanın nüvə doktrinasında belə bir təhlükə nüvə silahından istifadənin səbəblərindən biridir.

Rusiya liderləri əvvəllər mümkün təhlükələrdən danışsalar da ilk dəfədir ki, kütləvi qırğın silahlarının mümkün istifadəsini bu qədər açıq şəkildə Ukraynaya silah tədarükü ilə əlaqələndirirlər.

ABŞ və müttəfiqləri Ukraynaya qarşı nüvə silahından istifadənin yolverilməzliyi ilə bağlı Rusiyaya dəfələrlə xəbərdarlıq ediblər.

Təhlilçilərin fikirincə, Rusiya nümayəndələrinin son bəyanatlarından belə nəticə çıxır ki, Moskva bundan təkcə Ukraynaya qarşı deyil, həm də Qərb ölkələrinin özlərinə qarşı istifadə imkanlarını nəzərdən keçirir.

Hələlik son bəyanatlara Qərbdən heç bir reaksiya verilməyib.

Rusiya ötən ilin fevralıda Ukraynaya hücum edib və bu təcavüz hələ də davam edir.

ISW: Moskvada HHM sistemlərinin qurulması əhalini uzunmüddətli müharibəyə hazırlamağa hesablana bilər

Rusiya Müdafiə Nazirliyinin binası üzərində "Pantsir" sistemi

Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Moskvada müxtəlif məkanlarda və hətta binaların üzərində hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini Ukraynadan hücum təhlükəsi ilə bağlı olmadığını düşünür.

İnstitut hesab edir ki, çox güman ki, bu, şou oyunudur, onun köməyi ilə Kreml vətəndaşları uzun sürən müharibəyə hazırlayır.

ISW ekspertləri hesab edirlər ki, Moskva hansısa zərbə endiriləcəyinə inanmır, sadəcə bu silahlar Ukrayna müharibəsinin yaratdığı təhlükəni əhaliyə çatdırmağa hesablanmış yüksək profilli görüntülər yaymaq üçün qurulub.

Hesabatda o da vurğulanır ki, Moskva bununla "Böyük Vətən Müharibəsi" ilə paralellər aparmaqla Ukraynanı Rusiya üçün real təhlükə yaradan ölkə kimi təqdim etmək niyyətini nümayiş etdirə bilər .

ISW-yə görə, ola bilsin ki, bu yolla Kreml əhali arasında müharibə tərəfdarlarının sayını artırmaq və onları gələcək səfərbərliyə hazırlamaq istəyir.

"Bloomberg" agentliyi yazır ki, bu Moskvanın Ukrayna pilotsuz aparatlarının hücumundan qorxduğunu da göstərə bilər.

Beləki agentliyə danışanlar bu qərarın Ryazan və Saratov yaxınlığındakı hərbi aerodromlara pilotsuz təyyarələrin hücumundan sonra verildiyini bildiriblər.

Rusiya hərbçilərinin Moskvanın mərkəzində, Putinin Novo-Oqaryovodakı iqamətgahının yaxınlığındakı binaların damlarında zenit-raket komplekslərinin quruaşdırıldığını göstərən foto və videolar bir neçə gün əvvəl Rusiyadakı sosial şəbəkələrdə paylaşılıb.

Həmin məlumatlarda bildirilir ki, "Pantsir S-1" Rusiya Müdafiə Nazirliyinin əsas binasının vertolyot meydançasında quraşdırılıb. Bundan əvvəl Moskvanın kənarında yeni S-400 hava hücumundan müdafiə sistemləri görünüb.

Hələki Rusiya rəsmiləri məsələyə şərh vermirlər. Dövlət Dumasının Müdafiə Komitəsi isə görüntülərin saxta olduğunu bildirib.

Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq ediləcək

Rusiya, Krasnoyarski diyarı, 11 oktyabr 2020

G7 ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiyanın neft məhsulları üçün iki qiymət həddinə dair razılığa gəliblər.

Bundan başqa dəniz yolu ilə ixrac edilən Rusiya neftinin qiymət limitlərinə də yenidən baxacağı bildirilir.

Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Maliyyə Nazirliyi məlumat yayıb. Bütün bu məhdudiyyətlər Rusiyanın Ukraynaya təcavüzünə cavab hesab edilir.

Maliyyə nazirliyinin məlumatına görə, bir qiymət həddi adətən xam neftə (dizel, benzin) nisbətən yüksək qiymətlə satılan Rusiya neft məhsulları üçün, digəri isə adətən endirimlə satılan məhsullar üçün (mazut) müəyyən ediləcək.

Vurğulanır ki, bu addım Rusiya neft məhsullarının alqı-satqısının aparıldığı qiymətlərin geniş diapazonunu nəzərə aldığı üçün daha dəqiq qiymət məhdudiyyətlərinə imkan verəcək.

Fevralın 5-dən Rusiya neft məhsullarına qiymət limitinin qüvvəyə minəcəyi gözlənilir.

O da bildirilir ki, dünya bazarında baş verəcək dəyişiklikləri nəzərə alan ölkələr mart ayında Rusiya tanker neftinin qiymət həddinə də yenidən baxacaqlar.

2022-ci ilin dekabrından bu yana qiymətlər 60 dollar/barel səviyyəsindədir.

Tətbiq olunan qiymət həddi Ukraynaya qarşı müharibə aparan Rusiyanın gəlirlərinin azaldılmasına yönəlib.

ABŞ və Avropa İttifaqı Rusiyanın tankerlə daşınan neftini almaqdan imtina edib.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarına tətbiq edilən qiymət razılaşmasına qoşulan ölkələrə satışı qadağan edib.

Eyni zamanda, Rusiyanın "Urals" brendindən olan nefti indi dünya bazarında tətbiq edilən qiymət həddindən aşağı satılır. Analitiklər qeyd edirlər ki, məhdudiyyətlərdən sonra Rusiya neftinin ixracı xeyli azalıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibədə Ukraynanın yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, öz yaşayış yerlərindən didərgin düşüb.

Böyük Britaniyanın baş naziri təhlükəsizlik kəməri taxmadığı üçün cərimələnib

Rişi Sunak, Kiyev, 19 noyabr 2022

Bu arada baş nazirin hadisəyə görə üzrxahlığının yayıldığı bildirilir

Böyük Britaniyanın baş naziri Rişi Sunak yanvarın 20-də təhlükəsizlik kəməri taxmadan avtomobildə oturduğu üçün polis tərəfindən cərimələnib.

Baş nazir ölkənin şimalındakı Lankaşirə ezamiyyətdə olarkən cinayət törətməkdə təqsirli bilinib.

BBC-nin məlumatına görə, Lankaşiredə polisin "42 yaşlı kişinin" cinayətə görə cəzalandırıldığı təsdiqlənib. Bu arada hadisəyə görə baş nazirin ofisi onun üzrxahlığını yayıb.

Sunak motosikletçi mühafizəçilərin müşayiəti ilə şirkət avtomobilinin arxa oturacağında olub. O, sosial şəbəkədə video çəkdirərkən bir neçə dəqiqə kəməri açdığını bildirib.

Böyük Britaniyada təhlükəsizlik kəməri taxmadan avtomobil idarə etməyə görə cərimə 100 funt sterlinqdir (123 dollar və ya 209 manat). Əgər məsələ məhkəməyə gedərsə, bu zaman cərimə 500 funt sterlinqə qədər qalxır.

Tokayev parlamenti buraxır, seçki təyin edir

Qasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev parlamentin aşağı palatası Məclisi buraxaraq martın 19-na növbədənkənar parlament seçkisi təyin edib. Tokavev açıqlamanı yanvarın 19-da verib. Düz iki ay öncə o, erkən prezident seçkisi keçirərək hakimiyyətini möhkəmləndirib.

Ötən ilin əvvəlində Qazaxıstanda ölümlərlə nəticələnən etirazlarda Tokayevin sələfi Nursultan Nazarbayevin mövqeləri zəifləyib.

Nazarbayev üç il öncə, martın 19-da istefa verdiyini açıqlayıb, Prezident səlahiyyətini Tokayevin icra edəcəyini bildirib.

Ötənilki etirazlardan sonra Nazarbayevin yaxın qohumları bir sıra vəzifələrdən kənarlaşdırılıb, həbs edilənlər olub. Keçmiş prezidentin titulları alınıb.

Ermənistan hərbi bazasında yanğında 15 hərbi qulluqçu həlak olub

Ermənistanın Müdafiə Nazirliyi

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində mühəndis-istehkam bölüyünün kazarmasında yanğın nəticəsində 15 hərbi qulluqçu həlak olub, üçünün vəziyyəti ağır dəyərləndirilir.

Bu haqda nazirliyin mətbuat katibi Aram Torosyan Facebook səhifəsində yazıb.

Nazirlik daha öncə yanvarın 19-da gecə 01:30 radələrində qurumun N saylı hərbi hissəsinin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verdiyi haqda məlumat yaymışdı. Geğarqunik vilayətinin Azat kəndi ərazisindəki yanğının səbəbləri hələ müəyyənləşdirilməyib.

İtaliyada mafiya bossu saxlanıb

Matteo Messina Denaronun saxlanması

İtaliya polisi bu gün – yanvarın 16-da ölkədə ən çox axtarılan, 30 ilədək polisdən yayınmış mafiya bossu Matteo Messina Denaronu saxlayıb.

Siciliya paytaxtı Palermoda saxlanan Messina Denaronun Siciliyadakı Kosa Nostra mafiyasının bossu olduğu iddia edilir.

O 1992-ci ildə mafiyayla mübarizə aparan prokurorlar Covanni Falkone (Giovanni Falcone) və Paolo Borsellinonun qətlindəki roluna görə qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

Denaro həmçinin bir il sonra Florensiya, Roma və Milanda 10 nəfərin ölümünə səbəb olmuş bomba hücumlarındakı roluna görə ömürlük həbs cəzası alıb.

Polis 2022-ci ilin sentyabrında bildirib ki, axtarılan şəxs uzun müddət ortalıqda olmamasına baxmayaraq, hələ də Siciliyanın qərbindəki Trapani şəhərinin ətrafında mafiyanı idarə etmək iqtidarındadır.

Vaxtanq Kikabidze vəfat edib

Vaxtanq Kikabidze. 25 may 2006

Aktyor, müğənni, rejissor və ictimai xadim Vaxtanq Kikabidze 84 yaşında Gürcüstanda vəfat edib.

Onun ölümü haqqında məlumatı Gürcüstanın "Mtavari Arxi" telekanalı məlumat yayıb.

1980-ci ildə Gürcüstanda xalq artisti adını almış Vaxtanq Kikabidze 1970-ci illərdə Corc Daneliyanın filmlərində oynadığı rollar, eləcə də pop-vokal ifaları sayəsində keçmiş SSRİ-də geniş tanınıb.

2008-ci il Rusiya-Gürcüstan müharibəsindən bəri Kikabidze Rusiyada çıxış etməyib. O, həmçinin Krımın ilhaqını və Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsini pisləyib.

"Mən bunu rəzil müharibə adlandırdım. Şeytan var və bu odur." -Kikabidze Putin və müharibə haqqında belə deyib.

Kikabidze 1938-ci ildə Tbilisidə anadan olub. Tbilisi Filarmoniyasında işləyib, 1960-cı illərdə filmlərdə rol almağa başlayıb. Geniş yayılmış şöhrət ona “Ağlama!” filmində rol qazandırıb.

George Danelia. Eyni rejissorla “Tamamilə İtirilmiş” və “Mimino” filmlərində rol alıb. Ümumilikdə o, 20-dən çox filmdə, sonuncu rolu isə Ukraynanın "Matchmakers-7" serialında oynayıb.

Kikabidzenin ifa etdiyi mahnılar da populyar olub, o cümlədən rus dilində - "Mənim illərim, mənim sərvətim", "Sevgiyə yola salmaq" və s.

Kikabidze məşhur "Orero" ansamblına rəhbərlik edib, həm də ssenarist və rejissor kimi fəaliyyət göstərib.

V.Kikabidze Rusiya-Gürcüstan savaşı haqda...
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid

2008-ci ilin iyulunda o, Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib, bir ay sonra Rusiya-Gürcüstan müharibəsinə görə bu ordendən imtina edib.

O, son illər Ukraynada bu ölkəni müdafiə edən çıxışlar edib və Rusiyanın hərəkətlərini tənqid edib.

2020-ci ildə o, müxalifətdə olan Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasından Gürcüstan parlamentinə seçilib.

O, 2020-ci ilin avqustunda Bakıda konsert proqramı ilə çıxış edib.

Çexiyada prezident seçkilərinin birinci turunda istefada olan general qalib gəlib

Petr Pavel

Çexiyada keçirilən prezident seçkilərinin birinci turunda istefada olan general Petr Pavel qalib gəlib. O, 35,4 faiz səslə əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babişi (34,99) qabaqlayıb.

"Andrey Babişin sözlərinə görə, mən siyasətdə təcrübəsiz insan idim, ona görə də nəticəni pis hesab etmirəm", - Pavel bildirib.

Seçkinin ikinci turu iki həftədən sonra keçirilməlidir. Qalib uzun müddət Avropa İttifaqı ölkələrinin ən rusiyapərəst başçılarından biri olan, fevralın 24-dən sonra Moskvanın siyasəti ilə bağlı mövqeyini kəskin şəkildə sərtləşdirən Miloş Zemanı Praqa qalasında əvəz edəcək.

Keçmiş baş nazir Babiş hazırda ən böyük müxalifət partiyasının lideri və milyarderdir.

Bu həftə məhkəmə ona Avropa İttifaqı subsidiyaları ilə bağlı fırıldaqçılıq işinə görə bəraət verib. Babişin seçicilərinin çoxunu pensiyaçılar və aztəminatlı insanlar təşkil edir.

Petr Pavel karyeralı hərbçidir, Çexiya və keçmiş Sovet bloku ölkələrinin tarixində (2015-2018-ci illərdə) NATO Hərbi Komitəsinin ilk rəhbəridir.

O, Rusiyanın Ukraynaya təcavüzünə qarşı sərt mövqe tutur. Həmçinin Çexiyanın Qərb oriyentasiyasını müdafiə edir, eyni zamanda vətənpərvərlik hisslərinə səsləyir.

Onu əsasən sağ, mühafizəkar və liberal baxışların tərəfdarları dəstəkləyirlər.

Nepalda təyyarə qəzasında azı 68 nəfər həlak olub

Nepal paytaxtına uçmalı olan təyyarənin uçuç-enmə zolağında alışdığı bildirilir

Yanvarın 15-də Nepalda qəzaya düşən təyyarədəki 72 nəfərdən azı 68-i həlak olub. Ötən gecə qalan dörd nəfərin axtarışı dayandırılsa da, yanvarın 16-da bərpa olunub.

Hadisə təyyarə turizm şəhərinə 27 dəqiqəlik uçuş zamanı yeni açılmış aeroporta eniş edərkən baş verib.

Nepal Mülki Aviasiya İdarəsi qəzanın səbəblərinin aydın olmadığını bildirib.

+++

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb. Yeti Hava Yollarına məxsus təyyarədə dörd ekipaj üzvü və 68 sərnişinin olduğu bildirilir. Sərnişinlər arasında iki uşaq olub.

News18 telekanalının ilkin məlumatına görə, təyyarədə olanların hamısı həlak olub.

TASS Rusiyanın Nepaldakı səfirliyinə istinadən xəbər verir ki, sərnişinlər arasında 4 Rusiya vətəndaşı olub.

ATR72 model təyyarəsi Poxara hava limanından Nepalın paytaxtı Katmanduya uçmalı olan təyyarə Poxarada uçuş-enmə zolağında yanıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

Nepal yüksək dağlıq ərazisi və tez-tez dəyişən hava şəraiti səbəbindən hava səyahətləri üçün riskli ölkə hesab olunur.

Davamı

XS
SM
MD
LG