Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:20

Heydər Əliyevin vəfatından 7 il keçir


Dekabrın 12-si keçmiş prezident Heydər Əliyevin vəfatından 7 il ötür.

Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri keçirilib. Ölkə prezidenti İlham Əliyev və hakimiyyətin yüksək rütbəli məmurları Heydər Əliyevin qəbrini ziyarət ediblər.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda doğulub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1967-ci ildən Azərbaycan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilib.

1969-cu ildə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev bir də Azərbaycana 1990-cı il yanvar faciəsindən sonra dönüb. 1990-cı il seçkilərindən sonra o, Naxçıvan Muxtar Respublikası parlamentinə sədr seçilib.

1993-cü il iyununda Gəncədə baş verən qiyamdan sonra isə Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Əvvəlcə Azərbaycan parlamentin sədri, həmin ilin oktyabrın 3-də prezident seçildi.

1998-ci il seçkilərində ikinci dəfə prezident seçilən Heydər Əliyevin səhhətində 2003-cü il seçkiləri ərəfəsində ciddi problemlər yarandı. 2003-cü ilin avqustunda o, oğlu, Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti İlham Əliyevi baş nazir təyin etməklə prezident səlahiyyətlərini də ona həvalə etmiş oldu.

2003-cü il oktyabrın 15-də İlham Əliyev ölkə prezidenti seçildi. Həmin il dekabrın 12-də Heydər Əliyev ABŞ-ın Klivlend klinikasında vəfat etdi.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə bağlı Azərbaycanda birmənalı fikir yoxdur. Hakim düşərgədə hesab edirlər ki, Heydər Əliyev hakimiyyətə gəlməklə ölkədə vətəndaş müharibəsinin qarşısını aldı və sabitliyin əsasını qoydu.

Heydər Əliyevin qiyam yolu ilə hakimiyyətə gəldiyinin düşünən müxalifət isə onun rəhbərliyi dönəmində altı rayonun işğal edildiyini, demokratik islahatların dayandırıldığını bildirir.

Müxalifət həm də Heydər Əliyevi sülalə hakimiyyətinin əsasını qoymaqda ittiham edir.
XS
SM
MD
LG