Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:11

«Azərbaycan xalçası üçün heç kim heç nə etmir»


Fatimə Ağamirzəyeva
Fatimə Ağamirzəyeva
2010-cu ilin noyabrında özünün 65 illik yubileyini qeyd edən UNESCO Azərbaycan xalçasını dünyanın Mədəni İrs siyahısına daxil etdi.

AzadlıqRadiosunun «İz» proqramı bu hadisəni xüsusi buraxılışla diqqətə çatdırmaq istədi və «Aygün» Xalça Dünyası Assosiasiyasının yaradıcısı Fatimə Ağamirzəyevanı verilişə bələdçi seçdi.

- Fatimə xanım, 80-ci illərdə siz xalça sənəti ilə yox, biçmə-tikmə ilə məşğul idiniz. Hətta bu sahə ilə bağlı kitab da yazmışdıniz. Xalçaçılığa keçid necə baş verdi?

- Sənətim modelyer-dizaynerdir. O sahədə yüksəlişim olub. Çox təəssüf ki, Azərbaycanda ondan istifadə olunmur. Mən ölkənin ilk qadın sahibkarıyam. 1988-ci ildə başlamışam fəaliyyətə. Yaratdığım «Aygün» firmasının məqsədi itməkdə olan el sənətlərinin bərpası, xüsusi peşə yönümlü məktəb açmaq və həmin sahədə istehsalata çıxmaqdır. Ora daxildir modelyerlik və xalçaçılıq. Xalçaçılıq mənim ailə məktəbim olub. Gözümü açandan evimizdə xalça görmüşəm. Anam o dövrün ən məşhur xalçaçısı- Staxanovçu (Sovetlər dönəmində əmək qəhrəmanlarına verilən ad - S.İ) xalçaçı idi. Atam da sənətkar idi. Atamın həvəsi, zövqü məni tikişə gətirdi. Amma nə onda, nə indi Azərbaycanda tikiş öyrədici ədəbiyyat yox idi. Sonralar mən bu sahədə iki kitab yazdım. Birincisi, 20 min tirajla dərslik kimi «Azərnəşr»də təsdiq olundu. İkinci kitabım dünyada bənzəri olmayan «Tikişin praktikası» idi. Təəssüf ki, indiyəcən əlyazma şəklində qalıb.

YUXUMA XALÇA GİRƏRDİ...

Əvvəllər ailədə məni xalçaçılığa yaxın buraxmırdılar. Daha doğrusu, xalçanı məndən qoruyurdular. Çünki mən onların boyaqlarını sevmirdim, rənglərini bəyənmirdim, söküb istədiyim rəngi əlavə edirdim. Xalçanı hobbim sanırdım. Ancaq Allah adamı yaradanda, hərəyə bir missiya verir. Görünür, mənim də missiyam bu imiş. Ona görə ki, yuxuma həmişə xalça girərdi. Hara getsəm, harda bir xalça görsəm, beynimdə onun fotosu çəkilərdi. Axırda qərar verdim ki, xalça toxumalıyam. Başladım tikişdə elədiyim kimi, xalçaçılıqda da bu işi bilən ən qədim ustaları çağırmağa, ən qədim texnologiyanı öyrənməyə, atamın hazırladığı boyaları (küp boya) yada salmağa.

XALÇAMIZ KİMLİYİMİZDİR

- Azərbaycan xalçaları UNESKO-nun Mədəni İrs siyahısına salındı. Sizcə bu xalçaçılıq sahəsində hansı dəyişikliklərə yol açacaq?

- Heç bir dəyişikliyə...Sadəcə, biz təsdiq etdik ki, Azərbaycan xalçası var. Bu, vacib idi. Buna dəyər verməmək mümkün deyil. Etiraf etmək lazımdır ki, bunda Mehriban xanımın rolu çox böyükdür. Azacıq da olsa, mənim də zəhmətim var. Təqdimatlarda iştirak etmişəm, müəyyən köməklik göstərmişəm. Lakin UNESKO-nun siyahısına düşmək Azərbaycan xalçasının xilas olması demək deyil! Xalçamız tək mədəniyyət deyil, o bizim ictimai-siyasi həyatımızdır, bizim qədimliyimizi sübut edən pasportumuzdur. O bizim yerlər haqqında danışan kitabımızdır. Xalçada elə elementlər var ki, oxunuşları heç öyrənməyiblər. Xalçalar keçmişin səs yazısını bu çağa gətirib. Xalçanı itirməklə biz bunları itiririk. Ayağımızın altından torpağın getdiyini hiss etmirik. Xalça bu xalqa Allahın verdiyi töhfədir. Onunla belə rəftar etmək olmaz.

XALÇA ÜÇÜN HEÇ KİM HEÇ NƏ ETMİR!

Xalça üçün bu gün heç kim heç nə etmir! Hamısı ticarətdədir, hamısı tacirdir. Bu yaxınlarda İngiltərədə sərgi keçirilirdi, bir tanınmış xalçaçı təqdim olundu. Çox gözəl, xarici ölkələrdə sərgi keçirilməlidir. Amma həmin adam xalçanın məhz xalça kimi sevilməsi üçün nə edib? Xalça müqəddəsdir. Ona haram qatmaq olmaz. Bu haramın əvəzi hardasa adamın qarşısına çıxır...

- Fatimə xanım, sizcə Azərbaycan xalçaçılığının ən üzdə olan problemləri hansılardır?

- Mən artıq 12 ildir ki, xarici ekspertlərlə işləyirəm. Azərbaycan xalçası mənfi rəydədir. Sovet dövründə kompozisiya korlanıb, saplar korlanıb, arxiv oğurlanıb, pozulub. Deyə bilərəm ki, xarici ölkələrin də müdaxiləsi olub, daxili biganəlik də rol oynayıb. O cür zəngin bir sərvətin açarını vermişik. Mənfi rəy var. Mən Kanada ekspertləri ilə, ABŞ, İngiltərə ekspertləri ilə işləmişəm. Onlara əsaslanıb deyirəm. İtirilmiş etibarı təzədən qazanmaq çox çətin yoldur. Amma mümkündür. Dünya Ticarət Təşkilatının astanasındayıq. Vaxtilə verdiyim təkliflərə biganə yanaşdılar. O astananı keçməmiş bu işləri görsək, yenə uda bilərik. Görməsək, həddindən artıq çətin olacaq.

MƏDƏNİYYƏT NAZİRİ İŞƏ QARIŞMALIDIR!

Mən dəfələrlə onun qəbuluna düşməyə çalışmışam. Heç cür mümkün olmayıb! Beynəlxalq təşkilatlarda - istər UNESKO-da, İstər Ümumdünya Ticarət Təşkilatında xalçaçılıqdan danışmalı, iş görməli adamların çoxu bu sahədən anlamırlar. Sonradan bir iş görmək qeyri-mümkün olacaq. Bundan ötrü dövlət səviyyəsində silsilə tədbirlər görmək lazımdır. Bizim «Aygün» firması bu işlərin 70 faizini işləyib. Bu axtarışlar çoxlu vəsait, enerji tələb edir. Tamamilə müflis vəziyyətə düşmüşük. Bütün bunları gözə alaraq mən bu risqlərə getmişəm.

BOYAQLARI ÖZBƏKLƏRƏ BAĞIŞLAYIBLAR...

Boyaq patentləri lazım idi. Sovet dövründə Azərbaycan boyaqçılarının işlədiklərini özbəklərə bağışlayıblar. Bu gün o üzdən özbək xalçaları beynəlxalq bazardan düşmür...O səbəbdən biz ən azı 7 boyaq patentini alaraq sonra beynəlxalq boyaq kitablarına, ensiklopediyalara təzədən işləməliydik. Mən birini işlədim. 3 min pul çıxdı. İşlədiyimiz 5 boyaq bitkisi eləcə durur. Hər yerə müraciət etmişəm. Xaricdə inanmırdılar ki, biz həqiqətən təbii boyaqlarla işləyirik. Bunun üçün bizdə pasportlar var. Pasportlarla paralel təbii boyaq laboratoriyaları yaranmalıdır. Təzədən inandırmaq üçün bu əyani vasitə olmalıdır.

AZƏRBYCANDA BOYAQ BİTKİLƏRİ İTİR

Üstəlik, boyaq bitkiləri itir Azərbaycanda. Dağlarda təkdırnaqlı heyvanlar çoxalıb, ekologiya pozulub, harda gəldi villalar tikilib və s. Nəticədə, ən qiymətli boyaq bitkiləri tapdalanıb yox olur...Halbuki qədimdə Azərbaycanda alınmayan rəng, boyaq olmayıb. Hətta indi Hindistanı şöhrətləndirən indiqo rəngi belə Azərbaycanın ən məşhur saraylarında işlənib. Odur ki, silsilə tədbirlər lazımdır. Mən bir dəfə 20-yə yaxın beynəlxalq tədbirlərdə sərraflara cavab verə bilən belə xalça hazırladım. Kanadada sərraf rəyi də aldım. 20-25 xalça lazım idi. Amma hər dəfə müəyyən səviyyəyə çatdıranda, müflis olub satmağa məcbur oldum. Sonra ikinci bir yol tapdım. Həmin xalçaları qiymətləndirən adamlarla danışıqlar apardım. Biz onlara pulda gözəşt etdik. Onlar 5-8 il xalçaları sərgiləyib qaytarmağa söz verdilər. Artıq bizdə 10 xalça yığılıb, 4-də də iş davam edir. Bunlar sərraf rəyinə cavab verən xalçalardır. Bax belə xalçaların xaricdə təcili sərgiləri keçirilməlidir.

TƏKLİF GETMƏYİB

Ümumdünya Ticarət Təşkilatına xalçamız barədə təklif getməlidir. Təklif getməyib. Mən təkliflər vermişdim. Amma ortaya çıxmayıb. Xarici İşlər Nazirliyində mübahisə də etmişəm bununla bağlı. Onlar deyirlər ki, «Ermənistan deyir bizimdir, Pakistan deyir bizimdir, biz itirə bilərik». Kimin ixtiyaı var milli mədəniyyətimizin daşıyıcısını itirməyə? Onda biz yaşamağa da layiq olmarıq. Mən bu üzdən çox cəhd etdim Əbülfəs Qarayevlə, Mehriban xanımla görüşüm, mümkün olmadı...

BİR XALÇA TOXUDUM...

Mehriban xanım sənətə dəyər verən insandır. Bəlkə də yaxından eşitsəydi, çox köməyi olardı. Hələlik bu qeyri-mümkündür. Hətta bir sənət əsəri də toxumuşdum onun üçün. Bilirdim ki, onu ikinci bir adam toxuya bilməz. Apardılar təqdim etdilər. Sonralar eşitdiyimə görə, başqasının adı ilə təqdim olunub. Mən onun üzərində gecələr yatmayıb 1 il 3 ay işləmişdim. İstədiyim o idi ki, onunla görüşüm. Sadəcə, xalçaçılığın problemlərini deyim. Öz problemlərimdən danışmayacaqdım ki!

- Ölkədə ən çox satılan xalçalar niyə Pirəbədil və Çiçi xalçalarıdır? Onların məsələn, Qazax xalçasından fərqi nədir?
- Fatimə xanım İpək yolunun üstündə olan, karvan əhlinin dincəldiyi və bazarlıq etdiyi qədim Quba meydanı haqqında nələr danışdı? O qədim şərq bazarı 1967-ci ildə niyə dağıdıldı?
- Soyuq qışda bir-birindən əlaqəsi kəsilən, bənzərsiz sənət əsərləri yaradan Quba xalçaçıları yayda harda yarışardılar, toxuduqları xalçaları harda göstərərdilər?
- Qədim əsatirlərdə Quba xalçaları barədə nələr yazılıb?
- Qədim Alpan kompozisiyası nəyilə məşhurdur?
- Azərbaycanın çox dəyərli Xanlıq xalçaları niyə ortada yoxdur? Onları ötən əsrin 20-ci illərində kimlər talayıb apardı?
- Fatimə Ağamirzəyeva xalçalar haqqında yazdığı kitabı niyə nəşr etdirməyə tələsmir?
- Bu yaxınlarda Fatimə Ağamirzəyevanın qədim bir kompozisiyanı niyə oğurladılar? Xalçaçı xanım bu ziyanı qarşılamaq üçün nə etdi?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG