Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:09

Qazaxda iftara pul tapmayan muzdlu fəhlələr...


Qazax rayonunda özbaşınalıq
Qazax rayonunda özbaşınalıq
Qazax rayonunun Daşsalahlı kəndində inşa olunan sement zavodunun 150-yə yaxın fəhləsi iki ay maaş almadıqlarına görə işi dayandırıblar. Onlar deyirlər ki, pulları verilənə qədər aksiyanı davam etdirəcəklər. Fəhlələr etirazın səbəbini AzadlıqRadiosuna belə izah edirlər:

XARİCİYƏ 1000, YERLİYƏ 10 MANAT


- Çox haqsızlıq edirlər. Türkiyədən gəlib burda 1000-1500 manat pul alırlar. Bizi gündə 11 saat işlədib, günümüzə 10-12 manat verirlər. Onu da ki, iki aydır gecikdirirlər.

- Bu gün biz 150 nəfər işçi kollektiv şəkildə işi dayandırmışıq. Pulumuzu, haqqımızı tələb edirik. Müdiriyyət də deyir ki, nə vaxt pul olacaq, onda da pullarınız veriləcək.

- Özüm oruc tutmuşam, iftar etməyə pulum yoxdur. «Pulunuzu verəcəyik» deyirlər, amma pul yoxdur.

- Səhər 8-dən axşam 7-yə qədər iş saatımızdır. Gün ərzində 11 saat işləyirik. Onun bir saatı nahar fasiləsidir. Çörəkpulu tapa bilmirik, bircə ümidimiz buradır.

- Sentyabrın 15-də məktəb başlayır. Biz övladlarımıza məktəb paltarı, ləvazimat almalıyıq ki, məktəbə getsin. Bütün ailə bizdən çörəkpulu gözləyir.

MUZDLU ÖZBƏKLƏR, TÜRKMƏNLƏR

«Akkord» Şirkətlər Qrupu tərəfindən inşa olunan zavodda 4 aydan çoxdur fəhlə işləyən Şöhrət Məmmədzadə deyir ki, onun kimi digər fəhlələrlə də heç bir müqavilə bağlanmayıb:

- İşçi ilə işəgötürən arasında heç bir müqavilə yoxdur. Bizim şöbədə 100-ə yaxın özbək, türkmən də işləyir, onların da, heç kimin müqaviləsi yoxdur.

Sement zavodunun inşasına qatılan fəhlələr maaşlarını ala bilmirlər
Fəhlələrdən aldığımız məlumata görə, tikintidə çalışan 100-ə yaxın özbək və türkmən sement zavodunun yaxınlığında - bir tikilidə yaşayırlar. Gün ərzində onlarla əlaqə saxlaya bilməsək də, həmin şəxslərin Azərbaycanda hansı əsaslarla işlədiyinə növbəti reportajlarda aydınlıq gətirməyə çalışacağıq.

KOMİSSİYA İŞİ YOXLAYIR

İşçilərin əməkhaqlarının gecikdirilməsinə gəlincə, «Akkord» Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva əmin etdi ki, işçilərin maaşları iki gün ərzində veriləcək. Maaşların gecikməsinə səbəb isə...

- Belə bir problemin yaranmasına səbəb odur ki, onlar son iki ayda çox iş görüblər və görülən işin təhvil-təslim edilməsi, işin keyfiyyətini yoxlamaq üçün komissiya araşdırma aparmalıdır. Artıq bu yoxlamalar sona çatıb və maaşlar iki günə veriləcək.

Afaq Quliyeva fəhlələrin 8 saatdan çox işləmələrini, onlarla müqavilənin bağlanmamağını bu cür izah etdi.

- Müqaviləni biz bağlamırıq, işçilərlə onları gətirib işlədən podratçı şirkət müqavilə bağlayır. Onların iş saatları, texniki şərtlərin ödənməsi, bütün öhdəliklər həmin şirkətin üzərindədir.

NİYƏ MUZDLU İŞÇİ?


İradə Cavadova
İnsan Haqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova deyir ki, bir çox şirkətlər daha az xərcə düşmək üçün muzdlu işçilərə üstünlük verirlər. Onun sözlərinə görə, ucuz əmək qüvvəsindən istifadə edən podratçı şirkətlərlə əməkdaşlıq edən bütün şirkətlər işçilərin hüquqlarının pozulmasında məsuliyyət daşıyırlar:

- Elə podratçı şirkətlə əməkdaşlıq edirlərsə, ucuz işçi qüvvəsindən istifadə edirlərsə, bu qanunsuzdur, bu halda hər iki şirkət məsuliyyət daşıyır. Əfsuslar olsun ki, biz belə hadisələrlə tez-tez rastlaşırıq. Nəinki tikinti şirkətləri, hətta böyük şirkətlər, hansına ki, fəhlə qüvvəsi lazımdır, bu cür ucuz əmək qüvvəsindən istifadə edirlər. Vergi ödəmək istəmirlər, qanunsuz olaraq işçiləri işlədirlər və buna görə onlar heç bir məsuliyyətə cəlb olunmurlar deyə, bu cür hallar baş alıb gedir.

İradə Cavadova deyir ki, sement zavodunun işçiləri hətta əməkhaqları ödənərsə belə, əmək müqaviləsinin bağlanması, iş saatından əlavə işə görə pul ödənməsi tələbi ilə məhkəmədə iddia qaldıra bilərlər.

Qazaxın Daşsalahlı kəndində sement zavodunun inşasına 2007-ci ildə başlanılıb. İllik gücü 1 milyon ton olacaq zavodun ölkənin Qərb bölgəsini sementlə təmin etməsi nəzərdə tutulub.
XS
SM
MD
LG