Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

«Serbaz» şirkətində çalışanların sərgüzəştləri Dövlət Departamentinin hesabatında


«Serbaz» şirkətində çalışan fəhlələr, 23 oktyabr 2009
«Serbaz» şirkətində çalışan fəhlələr, 23 oktyabr 2009
90 nəfərə bir tualet. Yataq otağına çevrilmiş hamam. Soyuducuda bir neçə yüz qram kolbasa və masa üzərində quru çörək. Çarpayıların başına yapışdırılmış adlar və soyadlar…

Ötən ilin payızında həmkarım «Serbaz» şirkətində çalışan 90 nəfər fəhlənin yaşadığı yerdə bu mənzərəylə üzləşmişdi. Dil bilməyən, yarım ildi maaş almayan, düz 13 gün ac qalan fəhlələr Bosniyadan gəldiklərini bildirmişdilər. Və burda qul kimi işlədiklərini demişdilər:

- Pulunuzu ala bilirsiz?

- Yox, yox.

- Alacağınız nə qədərdir?

- 8 min dollar…

Bosniyadan gələn, «Serbaz» şirkətində çalışan fəhlələrin sərgüzəştləri ABŞ Dövlət Departamentinin insan alveri hesabatına da düşüb. Sənəddə bununla bağlı deyilir ki, 2009-cu ilin oktyabrında Şərqi Avropadan 496 adamın Azərbaycan tikintilərində işə məcbur edildiyi üzə çıxanda, hökumət qurbanlardan heç kimi müəyyənləşdirmədi.

Hesabat müəlliflərinə görə, ümumiyyətlə, Azərbaycan hökuməti işləməyə məcbur edilənləri müəyyənləşdirməkdə və onlara kömək göstərməkdə adekvat cəhdlər etmir.

Hökumətin insan alverinin kökünü kəsmək üçün atdığı addımlar isə minimum standartlara cavab vermir. Ancaq bununla belə, hökumət əhəmiyyətli cəhdlər də edir.

«ONLAR QURBAN DEYİLLƏR»

Azərbaycanda istismara məruz qalan işçislər yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev belə deyir. Konkret «Serbaz» şirkətinə gəlincə, rəsmi deyir ki, bu yöndə araşdırmalar aparılıb. Və həmin şirkətdə çalışanları insan alverinin qurbanı kimi qiymətləndirmək
Rauf Tağıyev
olmaz.

İnsan alverinə qarşı mübarizə üzrə Azərbaycanın milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə parlamentdə hesabat verərkən demişdi ki, Bosniya, Serbiya və Xorvatiyadan gətirilən işçilərin Azərbaycan dövlətinə heç bir aidiyyatı yoxdur. Bu onları bura gətirən xarici şirkətlərin öz problemidir.

Rauf Tağıyevsə deyir ki:

«Bizim nazirlik həmin müəssisədə olub. Məlum olub ki, bir qisim əməkdaşa maaş vaxtında verilməyib. Amma buna səbəb odur ki, maaşı Serbiyadan almalıymışlar. Onlar bura əməkçi miqrant kimi yox, müəyyən işi görmək üçün dəvət olunublar. Bir işi görüblər, amma vaxt yetərli olmayıb deyə, məcbur qalıb vaxtı uzadıblar. Bununla belə, dövlət qurumları işə qarışandan sonra onlara çatası məbləğ alıblar».

Şərqi Avropalıların Azərbaycanda istismarı ilə bağlı faktları Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi aşkara çıxarıb. AzadlıqRadiosunun müxbirləri hadisəni işıqlandırarkən hökumət qurumları xəbərsiz olduqlarını bildirmişdilər. Məlum olmuşdu ki, bosniyalı fəhlələr nəinki qeyri-insani şəraitdə yaşamağa məcbur edilib, hətta pasportları əllərindən alındığı üçün ölkəni tərk etmək imkanından da məhrum edilmişdilər. Miqrasiya Mərkəzinin hüquqi yardımı ilə onlar maaşlarının yalnız bir hissəsini alıb, ölkədən çıxarılmışdılar.

QHT-LƏR FƏRQLİ FİKİRLƏR SÖYLƏYİR

«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova diqqəti ona yönəldir ki, bu fakt beynəlxalq qurumlarla birgə araşdırılıb. Amma dəqiq rəy verilməyib:

«ABŞ səfirliyinin və ATƏT nümayəndəsi, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələni arşadırdılar. Tam rəy alınmadı ki, bu əməyin istismarıdır ya yox. Çünki bəzi hüquq pozuntuları vardı ki, əmək istismarı saylıa bilməzdi...».

Əlövsət Əliyev
Dövlət Departamentin hesabatında o da deyilir ki, Azərbaycan hökuməti 2009-cu ildə alver qurbanlarına köməyə 625 min dollar ayırıb, bu yardımdan o sözügedən əməyə məcbur edilənlərə pul vermədi. Nəticədə yüzlərlə qurbana təcili yardımı beynəlxalq ictimaiyyət verdi.

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev isə bu fikirdədir ki, hesabat reallığı əks etdirir. Əlövsət Əliyev «Serbaz» şirkətinin Azərbaycana gətirdiyi bosniyalı fəhlələrin heç şübhəsiz insan alverinin qurbanı olduğunu deyir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hansısa səbəblərdən vəzifələrini yerinə yetirməkdən – bu işlə bağlı müvafiq maddələr üzrə cinayət işi açmaqdan imtina edirlər:

«Dövlət Departamentinin dediklərilə razıyam. Azərbyacanı gözəlləşdirən tikililərin içərisindəki bədbəxtliklərdən hökumətin ya xəbəri yoxdur, ya da xəbrsiz qalmaq istəyir. Bununla bağlı çoxlu faktlarımız olub. Biz Azərbaycan hökumətinə dəfələrlə müraciət etsək də, əmək istismarı ilə bağlı cinayət işi başlanmayıb…».

Dövlət Departamenti insan alveri hesabatında Azərbaycana məsləhət görür ki, əməyə məcbur edilənləri müəyyənləşdirməkdə cəhdlərini artırsın, hökumət qurbanlara yardım fondu yaratsın, bu yardım ölkə miqyaslı olsun.
XS
SM
MD
LG