Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 16:41

Azərbaycan gənci ilə Avropa gəncinin fərqi...


Rəşad Şirin
Rəşad Şirin
«Avropa gəncləri ilə Azərbaycan gəncləri arasında elə də ciddi fərqlər olmasa da problemlər fərqlidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «AN» Gənclər Şəbəkəsinin yaradıcılarından biri Rəşad Şirin deyib. Onun sözlərinə görə Azərbaycanda gənclər demək olar ki, qərbdəkilərlə eyni səviyyədədir.

QƏRBLƏ EYNİLƏŞƏN GƏNCLİK


«Son zamanlar Azərbaycanda ciddi şəkildə təşkilatlanan və böyüyən bir gənclik var ki, o da bir çox hallarda özünü Avropa ilə, Qərblə eyniləşdirir. Belə bir gənclik formalaşır. Onlar daha çox xaricdə təhsil alırlar. Daha çox Qərbə səfərlər edirlər. Ordakı təcrübədən faydalanırlar. Bu mənada mən deyərdim ki Azərbaycan gəncliyi ilə Avropa gəncləri arasında o qədər də böyük fərq yoxdur. Problemlər fərqlidir».

Rəşad Şirin ilk öncə bu problemlərdən mühit problemini önə çəkib. O deyib ki, gənclərin inkişafı üçün mühit önəmli rol oynayır.

GƏNCLƏRƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ DİSKRİMİNASİYA

Gənclər Klubu İctimai Birliyinin sədri Zaur Əkbər isə deyib ki, Azərbaycan gəncliyinin kifayət qədər problemi var.
Bloqqer Əli Novruzov və Gənclər Klubu İctimai Birliyinin sədri Zaur Əkbər


«Hətta mən deyərdim ki, bataqlığın içində çapalayacaq qədər problemi var. Bu birbaşa olaraq dövlət səviyyəsində gənclərə olan diskriminasiya nəticəsində formalaşan bir mühitdən irəli gəlir. Bu istər təhsil sahəsində, istər gənclərin dövlət səviyyəli strukturlarda təmsil olunması baxımından, istər gənclərin önə çəkilməsi baxımından bu sahədə kifayət qədər ciddi problemlər var».

AVANQARD GƏNCLİK ÇOX AZDIR

Gənc bloqqer Əli Novruzov isə avanqard düşüncəli, öndə gedən gənclərin Azərbaycan gəncliyinin cüzi hissəsini təşkil etdiyini deyib.

«Azərbaycan gəncliyi deyəndə o dəqiqə bizim ağlımıza «facebook»da oturan, internetdən istifadə edən xaricdə və yaxud da universitetdə təhsil almış gənclər gəlir. Amma ümumi statistikaya baxsaq bu əslində gəncliyin cüzi bir hissəsidir. Böyük bir hissəsi rayonlarda, və ya şəhərdə bu tikintilərdə çalışırlar. Bu hissə Azərbaycan gəncliyinin böyük bir hissəsini təşkil edir. Bizdə problem odur ki, öndə gedən, avanqard düşüncəli Azərbaycan gəncliyi ilə, Azərbaycan kütləsi arasında kommunikasiya qıtlığı var».

Gənclər onları narahat edən hansı problemlərdən danışdılar?

Azərbaycan təhsili gəncləri qane edirmi?

Problemlərdən çıxış yolunu gənclər nədə görürlər?

Dövlət və vətəndaş münasibətləri gənclərin fikrincə necə olmalıdır?

Bu suallara cavab tapmaq istəyirsinizsə, verilişi ətraflı dinləyin.

XS
SM
MD
LG