Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:05

Hökumət gənclərlə «danışmır»?


Polis «Gül bayramı»nın ləğvini istəyən 50-dən çox gənci həbs etdi. Bakı, 10 may 2009
Polis «Gül bayramı»nın ləğvini istəyən 50-dən çox gənci həbs etdi. Bakı, 10 may 2009
«Mən bu yaxınlarda İmişlinin bir kəndində oldum, məlum oldu ki, bir ayın içində 50 nəfər Rusiyanın bir vilayətinə iş dalınca gedib. Bu bilirsiniz nə deməkdir? Bu, İlham Əliyevin «regionun lider dövləti», «gənclik İlham Əliyevi dəstəkləyir», «Beynəlxalq arenada biz tanıdırıq» şüarlarının hamısının nağıl olduğunu göstərir.

Bu fikri AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosunun «14-24» verilişində səsləndirib.

«14-24» bu həftə «12 avqust Beynəlxalq Gənclər günü»nü bloqqer Əli Novruzov, Aqil Familoğlu və Əbülfəz Qurbanlı ilə müzakirə edib.

AZƏRBAYCAN GƏNCLƏRİNİ HANSI UĞURUNA GÖRƏ TƏBRİK ETMƏK OLAR?
Əbülfəz Qurbanlı


Əbülfəz Qurbanlı hesab edir ki, çox az gəncin bu gündən xəbəri var. Hətta ictimai-siyasi sektorda olan gənclərin hamısının bunun haqqında xəbəri yoxdur.

Onun fikrincə, Beynəlxalq Gənclər Günündə Azərbaycan gəncini ona görə təbrik etmək olar ki, o, heç nəyə baxmadan demokratik dəyərlər uğrunda mübarizə aparır:

«Nəyin bahasına olursa-olsun geri çəkilmir, təşkilatlanır. Azərbaycan gənci başa düşür ki, onun gələcəyi bu gün apardığı mübarizədən asılıdır. Amma çox böyük sosial, siyasi problemlər də var ki, bu, təbii ki, Azərbaycan gəncliyinin durumundan asılı deyil, bu ölkəni idarə edən hakimiyyətlə bağlıdır. Bu problemlər beynəlxalq gənclər gününü bayram tədbiri kimi keçirilməsinə imkan vermir. Biz 12 avqustdan istifadə edib gənclərin problemlərini qabardıb, onların həllini tələb edə bilərik».

Bloqqer Əli Novruzov Azərbaycanda bütün gəncləri əhatə edən bir uğur görmədiyini deyir:

«Ancaq sevindiricidir ki, Azərbaycan gəncləri Qafqazda ən mütərəqqi ideyaların daşıyıcısıdırlar. Azərbaycan gəncliyinin qabaqcıl kəsiminin ürəyi dünyanın ürək döyüntüsüylə bir döyünür. Amma bu uğurlar müəyyən bir qismi əhatə edir».

GƏNCLƏR BƏLƏDİYYƏDƏ TƏMSİL OLUNUR

Bloqqer Əli Novruzov və Aqil Familoğlu
Aqil Familoğlu isə həmsöhbətləri ilə razılaşmır. O deyir ki, 12 avqust hər il Azərbaycanda qeyd olunur:

«Gənclər və idman nazirliyi səviyyəsində bu günlə bağlı tədbir keçirilib. Hər il bu tədbirlər keçirilir. əgər digər düşərgədə bu keçirilmirsə, bu o demək deyil ki, ümumiyyətlə, Azərbaycanda bu günü heç kəs qeyd etmir».

Aqilin fikrincə, Azərbaycan gəncliyinin son illər aktivliyi müşahidə olunur:

«Statistika da göstərir ki, hər rayon bələdiyyəsində 1, 2, 3 gənc var. Bu, gəncliyin uğurudur. Beynəlxalq arenada da Azərbaycan gəncliyi sıx birləşib. Azərbaycanın çox ağrılı problemi olan Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılmasında çox aktiv rol oynayır».

HÖKUMƏT MÜSTƏQİL GƏNCLƏRLƏ «DANIŞMIR»

- «Gənclər siyasəti haqqında» qanun Azərbaycanda gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Azərbaycan gənci bu qanunun, ümumiyyətlə, gənclərlə bağlı sərəncam və fərmanların verilməsində hansı rolu oynayır?

Əli Novruzov: «Məndə belə təəssürat var ki, hər halda gənclərlə məsləhətləşmədən verilən fərmanlardır, qanunlardır. Bizdə ümumiyyətlə «feedback» (əks əlaqə) yoxdur. Mən gənclər sektorundayam, müxtəlif gənclər qrupları var, təşkilatları, hərəkatları var, bu işlərdə onların fikirləri ilə maraqlanmırlar. Bəlkə kimdənsə soruşurlar, amma müstəqil gənclər təşkilatlarından gəlib soruşmayıblar ki, «filankəs, sizin bu məsələ ilə bağlı mövqeyiniz nədir». Hökumətlə müstəqil gənclər arasında dialoq demək olar ki yoxdur».

SON DƏYİŞİKLİK GƏNCLƏRİN TƏKLİFİ İDİ

Aqil Familoğlu – «Gənclər siyasəti haqqında» qanuna son dəyişikliklər ümumi gənclərin fikirləri əsasında tərtib edilmişdi. Milli Məclisdə də qeyd olundu ki, bu dəyişikliklər QHT sektorunun təkliflərinə görə zəruri hesab olunur».

Hökumətlə gənclərin dialoqu niyə baş tutmur?

Müxalifət gəncləri niyə Gənclər Nazirliyində təmsil olunmaq istəməyiblər?

Hansı gənclərin qarşısında həmişə yaşıl işıq yanır?

Bəs hansı gənclərin adı qarşısında «iqnor» düyməsi basılır?

Daha ətraflı: «14-24»ü dinləyin.

XS
SM
MD
LG