Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:46

Sabir Əhmədlinin son kitabı


Qan TURALI

“Qələbə” kinoteatrının yaxınlığında bir yazıçı yaşayırdı. Sabir Əhmədlini deyirəm.

Cəmi bircə dəfə görüşmüşdük. Rasim Qaraca, Seymur Baycan və mən. Mən demək olar ki, heç nə danışmadım.

Sabir müəllimi dinləyirdim. Ilk dəfə qocaman bir yazıçı görürdüm. Bu, sonuncu olacaqdı. Həm yazıçı, həm görüş mənasında.

Bu görüşdən bir müddət sonra Sabir müəllim vəfat etdi.

Vəsiyyətinə görə sonuncu romanı ölümündən sonra çap edilməli idi. Həmin kitab bu günlərdə çap edildi. Adı “Yazılmayan yazı”dır. Avtobioqrafik romandır.

Bu ayın 12-si Sabir müəllimin ad günü idi. 80 yaşı olacaqdı. O gün o kitabın təqdimatı oldu. Və o təqdimatda AYB rəhbərliyindən heç kim yox idi. Dəfndə də yox idilər...

500 səhifəlik kitabı bir günə oxudum. Kitabın son səhifələrində yağış yağmağa başladı.

Nə zamandır yağış yağmırdı bu şəhərə. Yağışın altında bitirdim kitabı. Yağışı metafizik bir işarə kimi qəbul elədim.

Çox təəssüf ki, kitab cəmi 200 nüsxədə çap edilib.

Oxucuların heç də hamısının bu kitabı oxumaq imkanı yoxdur. Bunu da dövrümüzün ziddiyyəti kimi qəbul edək. Sabir Əhmədlinin özü də dövrün bütün ziddiyyətlərini dərisində hiss etmişdi.

II Dünya Müharibəsi onun özündən 10 yaş böyük qardaşı Cəmili apardı. Cəmil Sovet Ittifaqı qəhrəmanı olan 20 yaşlı leytenant idi.

Qarabağ müharibəsi isə Sabir müəllimin oğlu Məhəmmədi aldı. Üstəlik, senzuranın kəsib doğradığı, bununla belə hər dəfə MK-nın qərarlarına, Heydər Əliyevin məruzələrinə salınan romanlar...

“Yazılmayan yazı”da bir çox ictimai personalar haqqında ifşaedici faktlar (Misal üçün Anar, Ayaz Vəfalı, Mirzə Ibrahimov, Məmməd Arif) açıqlanıb. Bu faktları yeri gəldikcə yazılarımızda yazacağıq.

Sabir müəllimin həyatı haqqında da gözəl məqamlar var.

Bu məqamlar bir yazıçı və insan kimi Sabir müəllimin portretini tamamlayan dəqiq detallardır. Həcm etibarilə böyük bir kitabla oxucuları bir yazıda tanış etmək çətin olsa da, maraqlı məqamların bir qismini bölüşmək yaxşı olar.

Makinaçıları ağladan yazılar...

Qələbə gününün neçəsə illiyində “Kommunist” qəzetindən Cəmil Əhmədov haqqında yazı yazmaq sifarişi gəlir. Sabir Əhmədli tərəddüd edir, qardaşı haqqında yazmağa istedadı çatacaqmı?

Yazır. “Kommunist” qəzetinin redaktoru Sabir Əhmədliyə zəng vurub deyir:

“Makinaçılar o yazını oxuyub ağladılar”. Makinaçıları ağladan əsərlər, o cümlədən qardaşı haqqında yazılan povest senzorları ağlatmır, onlar yazıçının əsərlərindən xeyli hissəni kəsib atırlar.

Yeri gəlmişkən, başqa bir maraqlı detal. Sabir Əhmədlinin ssenarisi ilə Cəmil Əhmədov haqqında film çəkilir. Filmə baxan o zamankı MK katibi Vəli Axundov deyir: “Ananı incidiblər”.

Belə ki, ssenariyə uyğun olaraq Sabir Əhmədlinin anası 20 yaşında itirdiyi oğlu haqqında danışmalı idi. Əslində isə ananın danışıqları ssenaridə öz əksini tapa bilmir.

20 yaşında itirdiyi oğlunun həlakından 20 ildən çox keçsə də, ana ağlaya-ağlaya danışır. Ikinci dəfə ananın səsi yazılır.

Vəli Axundovun baxdığı variant da ikinci və əsas variantdır. Sabir Əhmədli bu faktı ixtisasca həkim olan, hətta şeir də yazan ölkə rəhbərinin həssaslığı kimi qələmə verir.

Sabir müəllim heç bir yerdə açıq yazmasa da, işarə vurmasa da, onun əti yeyilsə də, sümüyünün çölə atılmamasında qardaşı Cəmil Əhmədovun rolu olub.

Düzdür, onun əsərləri ciddi senzuradan sonra çap edilib.

Bununla belə o, “Ədəbiyyat” qəzetinin əməkdaşı idi, bir müddət Yazıçılar Ittifaqı partiya komitəsinin rəhbəri də olmuşdu.

Sovet hökuməti belə şeylərdə vicdanlı idi.

Digər qardaşı da Cəbrayılın partiya komitəsinin rəhbəri olmuşdu. Əlbəttə, Sabir müəllim də digər qardaşı kimi partkom ola bilərdi.

Lakin fərqlənmə diplomu alandan sonra ona təklif edilən aspiranturaya qalmayaraq Cəbrayıla qayıtması onun karyera məsələlərinə yanaşmasını dəqiq müəyyənləşdirir.

Mirzə Ibrahimov haqqında

Mirzə Ibrahimovun təzadlı həyatı, ziddiyyətli mövqeyi barədə mülahizələr Sabir müəllimin romanında da qeyd edilir. Bəzi məqamları xatırlatmaq istəyirəm. Birincisi Mirzə Ibrahimovun Sabir müəllimin “Arabaçı” hekayəsi haqqında etdiyi böyük çıxışdır.

Məhz bu çıxış Sabir müəllimin ədəbiyyata vəsiqə almasında böyük rol oynayıb. Bu çıxışı edəndə Mirzə Ibrahimov Sabir Əhmədlini şəxsən tanımırdı.

Mirzə Ibrahimovun özünə bəraət qazandırması ilə bağlı xatirə də maraqlıdır.

Heydər Hüseynovun başıbəlalı kitabının rəyçilərindən biri olan Mirzə Ibrahimov Mircəfər Bağırovun rəhbərlik, Sabir Əhmədlinin filologiya fakultəsinin tələbəsi kimi iştirak etdiyi iclasda kitab müəllifi və digər rəyçilərlə birgə məhşər ayağına çəkilir.

Çıxış üçün söz alan Mirzə Ibrahimov deyir: “Mən yazmamışam o rəyi? Qələt eləmişəm”.

Başqa bir fakt. AYB-də hansısa tədbir keçirilir. Tədbiri Mirzə Ibrahimov aparır.

Sabir müəllim onun KQB generalı olduğunu deyir. Və bu iclasda kiçik rütbəli KQB agenti olan Novruz Gəncəli adlı biri Mirzə Ibrahimovun sözünü kəsib deyir:

“Biz bunu lazımi yerə çatdırarıq”. Mirzə Ibrahimov acı-acı gülüb ona cavab verir: “Ay Novruz, biz hamımız elə o yerin adamıyıq”.

Mirzə Ibrahimovun ədəbi rolunu ifadə edən başqa bir maraqlı məqam.

Bir gün AYB-də istedadı şübhə doğrumayan və dövrün axınına qoşulmağa həvəsli olmayan yazıçı Ənvər Məmmədxanlı və dramaturq Sabit Rəhman şahmat oynayırlarmış.

Mirzə Ibrahimov onların yanından keçəndə ayaq belə saxlamayıb deyir: “Yenə şahmat oynayırsız?”.

Ənvər Məmmədxanlı isə başını qaldırmadan cavab verir: “Siz də nərd oynayırsız”. Bu, sizə ilk baxışdan çox adi bir dialoq kimi gələ bilər.

Məsələ necədir? Şahmatçının savadından başqa heç nəyi yoxdur. Nərd isə zər atmaqdır, yəni istedadı bir kənara qoyub intriqantlıq etmək, siyasətə qoşulmaqdır. Bu iki oyun əslində bu yazıçılar arasındakı fərqi ifadə edir.

***

Kitabdakı faktlardan, maraqlı məqamlardan ancaq bir hissəsini sizin diqqətinizə çatdırdım. Başqa şeyləri də yazmaq olardı.

Misal üçün, Sabir Əhmədlinin “Ədəbiyyat” qəzetinin baş redaktorluğundan çıxarılması, Anarın ona qarşı insafsızlığı, qəzetin indiki baş redaktoru Ayaz Vəfalının etdiyi naqisliklər və s.

Bütün bunlar barədə də yəqin yazılacaq.

Ancaq mən yazının sonunda Sabir Əhmədlini sevdiyini deyən, onunla bağlı tədbirlərdə başda oturan Aqil Abbasa, Sabir Rüstəmxanlıya, Sirus Təbrizliyə qısa bir müraciət etmək istəyirəm.

Eləcə də onun cibində pul olan pərəstişkarlarına... Romandan göründüyü kimi, Sabir müəllimin “Gündəlik”ləri hələ də çap edilməyib.

Roman özü isə utancverici bir tirajda çap edilib. Bu romanı normal tirajla yenidən çap etmək lazımdır. “Gündəlik”ləri kitab kimi buraxmaq lazımdır.

Sabir Əhmədlinin başqa romanlarını yenidən çap etmək lazımdır. Xatirə danışmaqla, yazı yazmaqla iş bitmir. Mən bu romanın cəmi 200 nüsxədə çap edilməsindən utanıram.

Əli Kərim Cəmil Əhmədov haqqında yazdığı poemanı “Heykəl və onun qardaşı” adlandırmışdı.

Dövran elə gəldi ki, Sabir müəllimin oğlu Məhəmməd də heykəlləşdi. Amma ən böyük heykəl Sabir müəllimin özüdür.

Yazıçının heykəli kitabdır.

200 tirajla buraxılan kitab. Bu heykəli möhtəşəm etmək gərəkdir.

www.adyazar.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG