Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:16

«Ən yaxşı iş qarşılıqlı etimad əsasında olacaq»


İyulun 16-da Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya Sazişi üzrə danışıqların birinci plenar iclası keçirilib
İyulun 16-da Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya Sazişi üzrə danışıqların birinci plenar iclası keçirilib
İyulun 16-da Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya Sazişi üzrə danışıqların birinci plenar iclası keçirilib. İclasda çıxış edən Avropa Birliyinin nümayəndə heyətinin rəhbəri Con Krayer bildirib ki, saziş onun təmsil etdiyi təşkilatın Azərbaycanla, eləcə də regionla münasibətlərinin dərinləşdirməsində nə dərəcədə maraqlı olduğunun göstəricisidir. Avropa Birliyinin bu regionda strateji maraqları var. Bunlar sabitlik, demokratiyanın inkişafı, iqtisadiyyatın güclənməsi kimi məsələlərdir. Ötən ildən başlayaraq Avropa Birliyi Şərq qonşuları ilə yaxın münasibətlərin qurulmasına mümkün qədər xüsusi önəm verir:

DANIŞIQLAR ÖHDƏLİKLƏRƏ CİDDİ ƏMƏL OLUNMASI İLƏ MÜŞAYİƏT EDİLƏCƏK

«Bu, daha dərin, daha geniş əməkdaşlıq formasıdır. Odur ki, biz müntəzəm qiymətləndirmə aparacağıq. Əlbəttə ki, danışıqlar öhdəliklərə ciddi əməl olunması ilə müşayiət ediləcək. Bura demokratiya, qanunun aliliyi və bazar iqtisadiyyatı qanunları kimi öhdəliklər də daxildir».

Con Krayer əmindir ki, ən yaxşı iş qarşılıqlı etimad əsasında olacaq. Onun sözlərinə görə, Assosiasiya sazişlərinə dair müzakirələrin başlanmasına Avropa Birliyi bütün şəraiti yaradır.

Con Krayer əmindir ki, ən yaxşı iş qarşılıqlı etimad əsasında olacaq
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyir ki, Assosiasiya Sazişi Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin daha da dərinləşməsi, gücləndirilməsi işində növbəti və mühüm addımdır. 1995-ci ildə Azərbaycanla Avropa Birliyi tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş hazırlanmışdı. Cənab Məmmədquliyevin sözlərinə görə, artıq bu sənəd öz vəzifələrini yerinə yetirib. İndi onun yerinə yeni hüquqi sənəd imzalanmalıdır. Bu saziş yeni hüquqi sənəddir. Onun imzalanması tərəflər arasında münasibətlərin hüquqi bazasını yaradır:

«ARTIQ LAZIMİ İŞLƏR GÖRÜLÜR»

«Saziş siyasi təhlükəsizlik dialoqunun aparılması, daha yüksək səviyyədə iqtisadiyyatın inteqrasiyası və sair məsələləri nəzərdə tutur. Artıq Azərbaycanın iqtisadi qanunvericiliyinin Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırılmasına baxılır, lazımi işlər görülür. Şübhəsiz ki, bütün sahələrdə də və mən belə başa düşürəm ki, bu sazişdə də Azərbaycan qanunvericiliyinin Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırılması məsələsi duracaq».

Mahmud Məmmədquliyev
Cənab Məmmədquliyev hesab edir ki, Avropa Birliyinin regionda stabillik və Ermənistanla Azərbaycan arasında problemin həll edilməsi prosesində iştirak etməsi üçün imkanları var və Assosiasiya Sazişində bu məsələlər də öz yerini tapacaq.

Avropa Birliyi Azərbaycanla yanaşı Ermənistan və Gürcüstanla da Assosiasiya Sazişi imzalanmasına dair danışıqlara başlayır. Gürcüstanla danışıqların ilk raundu iyulun 15-də Batumidə keçirilib.

«SƏNƏD BU ÖLKƏLƏRDƏ İSLAHATLARA TƏKAN VERƏCƏK»

Həmin toplantıda çıxış edən Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton deyib ki, «Azərbaycan, Ermənistan və Gürcüstanla Avropa Birliyi arasında bu razılaşma təkcə siyasi əlaqələr yox, həm də insanların həyat şəraitinə müsbət təsir göstərəcək. Sənəd bu ölkələrdə islahatlara təkan verəcək».

Ərəstun Oruclu
«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu düşünür ki, Assosiativ Əməkdaşlıq haqqında saziş Azərbaycanla Avropa Birliyi arasında uzun illərdən bəri başlayan əməkdaşlığın növbəti və çox önəmli bir mərhələsidir. Çünki bunun arxasınca faktiki olaraq üfüqdə Azərbaycanın Avropa Birliyinə üzvlük məsələsi görünməyə başlayır. Ona görə də bu prinsipial olaraq çox gözəl təşəbbüsdür.

«SİYASİ HAKİMİYYƏTİN BUNU EDƏCƏYİNƏ ŞÜBHƏ İLƏ YANAŞIRAM»

Ancaq bir məsələ var ki, Avropa Birliyi ilə istənilən əməkdaşlıq formaları tərəflər üzərinə çox konkret öhdəliklər qoyur. Azərbaycan isə indiyədək Avropa Birliyi ilə imzaladığı bir çox sazişlərdə imitasiya, «sabotaj» siyasəti həyata keçirdiyi üçün dəfələrlə tənqidlərə məruz qalan ölkədir:

«Əgər Azərbaycan bu saziş imzalanandan sonra onu da əvvəlki proqramlar kimi imitasiya, «sabotaj» şəklində icra etməzsə, təbii ki, bu, ölkənin gələcəyi üçün xeyli pozitiv məqamlar vəd edir. Amma siyasi hakimiyyətin bunu edəcəyinə mən bir qədər şübhə ilə yanaşıram. Çünki demokratik dəyərlərin cəmiyyətdə təsbit olunması, siyasi hüquq və azadlıqların, söz və mətbuat azadlığının real olaraq təminatını Azərbaycan iqtidarı öz mövcudluğuna təhdid kimi qəbul edir».

Ərəstun Orucluya görə, Azərbaycan iqtidarı sadəcə olaraq beynəlxalq qurumlar qarşısında açıq şəkildə inkar etməsə də, imitasiya yolu ilə bu öhdəlikləri yerinə yetirməkdən yayınır.
XS
SM
MD
LG