Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:38

ABŞ-Azərbaycan hərbi əlaqələri niyə vacibdir?


ABŞ-Azərbaycan təlimləri, Bakı, 24 aprel 2009
ABŞ-Azərbaycan təlimləri, Bakı, 24 aprel 2009
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair müzakirələr getdikcə intensivləşməkdədir. Azərbaycanda səfərdə olan ABŞ müdafiə katibi müavininin köməkçisi xanım Seleste Uollanderin keçirdiyi görüşlər də bunu deməyə əsas verir.

Bundan əvvəl isə Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts və dövlət katibi Hillari Klinton Azərbaycanda səfərdə olublar.

Xanım Seleste Uollander parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komuitəsinin sədri Ziyafət Əsgərovla görüşdə deyib ki, iki ölkə arasında hərbi təhsil və təcrübə sahəsində əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir.

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Kiss Bieen isə AzadlıqRadiosuna deyib ki, bu cür müzakirələr əslində hər il həyata keçirilir və məqsəd təhlükəsizlik məsələlərini müzakirə etməkdir:

- Bu əməkdaşlıq Amerikanın təhlükəsizliyi məsələsini, hərbi təlimlər kimi məsələləri əhatə edir. Bilirsiniz ki, Azərbaycan Əfqanıstana beynəlxalq yardım cəhdinə dəstək verəcəyini bildirib. Bu görüşlər də bu məsələləri əhatə edir.

ÜMUMİ ƏMƏKDAŞLIQDA POZİTİV İNKİŞAF

Cəsur Sümərinli
Doktrina Jurnalistlərin Hərbi Araşdırma Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə düşünür ki, indi Azərbaycanla Birləşmiş Ştatlar arasında ümumi hərbi əməkdaşlıq pozitiv istiqamətdə inkişaf etməkdədir.

Onun fikrincə, bu əməkdaşlıq özünü əsasən 4 istiqamətdə göstərə bilər. Birincisi Birləşmiş Ştatlar Əfqanıstana hərbi və humanitar yardımların çatdırılmasında Azərbaycandan daha geniş şəkildə tranzit ölkə kimi istifadə etmək niyyətindədir.

Üstəlik, Birləşmiş Ştatlar Azərbaycan ordusunun NATO standartlarına uyğun qaydada hərbi texnika ilə təchiz edilməsində maraqlıdır.

Cəsur Sümərinlinin fikrincə, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlığın üçüncü istiqaməti isə Xəzərin təhlükəsizliyi ilə bağlıdır.

Hərbi ekspert yada salır ki, Azərbaycanla Amerika Birləşmiş Ştatların Avropa Komandanlığı arasında Xəzərin təhlükəsizliyi ilə bağlı 2006-cı illə 2008-ci ili əhatə edən bir saziş var idi. Bu saziş uğurla başa çatsa da onun 2008-ci illə 2010-cu ili əhatə etməli olan ikinci hissəsi Azərbaycanın tərəddüdləri üzündən hələ də reallaşa bilməyib.

ABŞ-Azərbaycan təlimləri, Bakı, 24 aprel 2009
Cəsur Sümərinli güman edir ki, indiki danışıqlarda bu məsələlər yenidən gündəliyə gələ bilər. Onun fikrincə, Birləşmiş Ştatlarla Azərbaycan arasında hərbi təlimlərin təxirə salınması da həmin sazişin ikinci mərhələsinin Azərbaycan parlamentində ratifikasiya olunmasının gecikdirilməsi ilə izah edilməlidir.

O, iki ölkə arasında əməkdaşlığın dördüncü mühüm elementini isə Azərbaycan hərbiçilərinin Birləşmiş Ştatlarda təhsil almasında görür. Cəsur Sümərinli düşünür ki, Rusiya həm Azərbaycan hərbçilərinin Birləşmiş Ştatlarda təhsil alması, həm də ordunun NATO standartlarına uyğun bir şəkildə texnika ilə təchiz edilməsinə qısqanclıqla yanaşır. Ekspert bunu bütünlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının qarşısını almaq niyyətilə əlaqələndirir

HƏRBİ DOKTRİNADA NATO-YA İNTEQRASİYA MƏSƏLƏSİ NİYƏ YOXDUR?


Rusiya Gürcüstan münaqişəsindən sonra Azərbaycanın hərbi siyasi prioritetlərində bir sıra dəyişikliklər oldu. Bunu münaqişədən sonra Ziyafət Əsgərov da açıqca etiraf etdi. Nəticədə doktrina layihəsinə də bir sıra dəyişikliklər edildi. Biz bunu doktrina qəbul edildikdən sonra gördük. Artıq orada NATO-ya inteqrasiya başlıca məqsəd kimi qarşıya qoyulmurdu.

Bəxtiyar Sadıqov
Cəsur Sümərinlinin fikrincə, son illər Birləşmiş Ştatlarla Azərbaycan arasında hərbi əməkdaşlıqda soyuqluğun başlıca səbəbi Rusiyanın qısqanclıqları ilə bağlıdır. O hesab edir ki, Azərbaycan Rusiyanı acıqlandıracağından ehtiyat edərək Birləşmiş Ştatlara daha soyuq münasibət bəsləyirdi.

AZƏRBAYCAN RUSİYADAN HƏLƏ DƏ EHTİYATLANIRMI?

İndiki əməkdaşlıq fonunda Azərbaycan ehtiyatlı siyasətindən əl çəkmək niyyətindədirmi?

Parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komitəsinin üzvü Bəxtiyar Sadıqov deyir ki, Azərbaycan balanslı siyasətindən əl çəkmək niyyətində deyil:

- Mən burada ulu öndər Heydər Əliyevin bir kəlamını yada salmaq istəyirəm. O deyirdi ki, bizim siyasətimiz tükün üzərində qurulmuş bir siyasətdir. Azacıq o tərəfə, bu tərəfə səhv etsən, aşa bilərsən. Bu siyasət indi də davam edir.

Bəxtiyar Sadıqovun fikrincə, Rusiya - Gürcüstan münaqişəsi göstərdi ki, Birləşmiş Ştatlara bu regionda əlinin bulaşacağından ehtiyatlanaraq əlcəklə işləmək niyyətindədir. Odur ki, Azərbaycanın tələsib hansısa səhvlər buraxmasına ehtiyac yoxdur.
XS
SM
MD
LG