Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Məscid tikdirənin pulu hardandır?


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni şura yaradılıb
«BU, MÜDAXİLƏDİR…»

Azərbaycanda məscid tikintisinə və ya təmirinə yeni şura rəy verəcək. Həmin şura isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yaradılıb. Komitə sədri Hidayət Orucov mətbuata belə deyib. Şura hansı prinsiplərlə işləyəcək, bu haqda Komitə sədri heç nə deməyib. Bircə onu əlavə edib ki, Şurada yerli icra hakimiyyəti orqanlarının, Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri təmsil olunurlar.

Belə bir şuranın yaradılmasına isə dini sferada bir qədər ehtiyat və həssaslıqla yanaşılır. İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli deyir ki, bu, tənzimləmədən daha çox məscid tikintisinə müdaxiləyə bənzəyir:

- Məscid tikintisinə dövlət idarəsinin müdaxiləsini əlbəttə düz saymarıq. Din əgər dövlətdən ayrıdırsa, başqa cür olmalıdır. Amma bu cür baxış müəmmalıdır, təzadlıdır.

- Sizcə məqsəd nədir? Dini sferaya nəzarəti gücləndirməkmi istəyirlər?



- Şübhəsiz belə alınır. Bu, məqsəddir ya nədir, bilmirəm. Amma belə alınır…

«İCAZƏ VERƏCƏK, YOXSA…»


Son iki ildə Azərbaycanda bir neçə məscid sökülüb, bir neçəsinin fəaliyyəti isə dayandırılıb. Din eksperti Elşad Miri deyir ki, əslində, indiki şəraitdə belə bir quruma ehtiyac vardı. Amma əsas məsələ bu qurumun hansı məqsədlə yaradılmasındadır:

- Bu nə işə yarayacaq? Azərbaycanda yeni məscid tikiləcək, bağlı qalan məscidlərin açılmasına imkan yaradılacaq, köhnə məscidlərin bərpasınamı imkan yaradacaq, bilmirəm. Əsas nəticəni gözləyək.

Din eksperti Elşad Miri
MƏSCİD TİKİNTİSİNƏ HANSI HALLARDA «YOX» DEYİLƏ BİLƏR?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov isə AzadlıqRadiosuna bildirir ki, şura ilə bağlı yeni heç nə deyə bilməyəcək. Yaxın günlərdə toplantı keçiriləcək. Yalnız bundan sonra ictimaiyyətə təfsilatlı məlumat veriləcək. Hələliksə bunu deyir ki, şura «Dini etiqad azadlığı haqqında» qanuna edilən dəyişikliklərdən sonra yaradılıb. Qanunun 29-cu maddəsində deyilir ki, dini ibadət yerlərinin tikintisinə və ya yenidən qurulmasına müvafiq icra hakimiyyəti orqanları rəy verir. Saleh Aslanovun sözlərinə görə, artıq bununla bağlı təlimat da müəyyənləşdirilib.

Həmin təlimata görə, dini ibadət yeri tikdirmək və ya onu təmir etdirmək istəyən şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərizəylə müraciət etməlidir. Sənəddə inşaat və ya təmir üçün xərclənməli vəsaitin mənbəyi də mütləq göstərilməlidir. Quruma Komitə sədri rəhbərlik edir. Rəy almaq üçün müraciət edən şəxsə 40 gün ərzində cavab verilməlidir. Bu müddətdə şura obyektə dini-memarlıq ekspertizası keçirməlidir.

Təlimata görəsə, bəzi hallarda məscidin inşasına və ya təmirinə rədd cavabı da verilə bilər. Əgər dini ibadət obyektinin tikiləcəyi yer dini-memarlıq baxımından məqsədəuyğun deyilsə. Yaxud da yeni binada dini, irqi, milli, sosial ədavətə yol verilərsə, insanpərvərliyə zidd dinin və ya cərəyanların yayılması ehtimal edilərsə. Üstəlik, həmin yerdə ictimai təhlükəsizlik pozularsa… Bu hələ hamısı deyil.

Təlimata görə, icra hakimiyyəti həmin yerdə məscidin inşasını və ya təmirini məqsədəuyğun saymadıqda, ən ümdəsi, təmirə və ya inşaata xərclənəcək maliyyə qaynaqları bəlli olmadıqda rədd cavabı verilə bilər.

«NARAHATLIQ VƏ NARAZILIQ YARADACAQ»

İslam Partiyası mətbuat xidmətinin rəhbəri Akif Heydərli
İslam Partiyası mətbuat xidmətinin rəhbəri Akif Heydərliyə görə, bu şərtlər ölkədəki dindarların narahatlığına və ya narazılığına səbəb ola bilər.

«VERGİLƏR NAZİRLİYİ KİMİ PULUN HARDAN GƏLMƏSİYLƏ MARAQLANMAQ…»

Elşad Miri isə deyir:

- Türkiyədə bu işlə məşğul olan Diyanət İşləri Başqanlığı var. Həmin qurum ordakı məscidlərlə bağlı memarlıq üslubu ilə bağlı sadəcə tövsiyələr verir. Yoxsa Vergilər Nazirliyi kimi pulun hardan gəlməsiylə maraqlanmır. Ya da hansısa məzhəbin, sektanın, icmanın məsciddə fəaliyyət göstərməsiylə maraqlanmır. Məscid tikilirsə, müxtəlif dini icma üzvləri də ora yığışa bilər. Gəlib-gəlməməyi necə müəyyənləşdirmək olar?...

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğluna görə isə, vətəndaşların vicdan azadlığı məhdudlaşdırıla bilməz. Amma o eyni zamanda düşünür ki, bəri başdan nəsə demək çətindir, şuranın fəaliyyətinə baxıb qiymət vermək lazımdır.

Komitədə əvvəllər də buna bənzər bir qurum - Dini Ekspertlər Şurası təsis edilib. Sonra isə onun əvəzinə Qafqaz Müsəlmanları İdarəsinin və başqa dini icmaların təmsil olunduğu Məşvərət Şurası yaradılıb.

Buna da bax:

XS
SM
MD
LG