Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Prokurorluqdakı son cəzalar nəyin göstəricisidir?


Respublika Prokurorluğu
Respublika Prokurorluğu
Baş prokuror Zakir Qaralovun əmri ilə Sumqayıt şəhər prokurorluğu və Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin bir sıra vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb olunub. (Onların adları çəkilmir) Həmin idarənin rəis müavini Məhəmməd Cabbarov isə vəzifəsindən azad edilib.

Respublika Prokurorluğunun məlumatında cəzalandırılanların konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmədikləri, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələn qanunsuzluqlara yol verdikləri göstərilir.

5 İLDİR PROKURORLUQDAN ŞİKAYƏT EDİR


Prokurorluq orqanlarından şikayətlər həmişə olub. Ən çox da məhkəmələrdə təqsirlənən şəxslər hüquqlarının pozulması ilə bağlı şikayətləniblər. Elə Elçin Süleymanov da 5 il əvvəl həbsdən çıxsa da, indiyə qədər prokurorluq orqanlarının onun qanunsuz həbs etməsi haqqında şikayət edir:

«Günü bu gün də prokurorluğa, ora-bura yazıram, ancaq baxan yoxdur».

Uzun müddət prokurorluq orqanlarında işləmiş hüquqşünas Müzəffər Baxışov deyir ki, prokurorluq orqanlarındakı son cəzalandırılma gözdən pərdə asmaq üçündür.
Müzəffər Baxışov
O deyir ki, görünür, həmin şəxslər kimlərsə sərf eləməyib ki, onun haqqında araşdırma aparıblar:

ƏGƏR PROKURORLUQ HƏQİQƏTƏN OBYEKTİVDİRSƏ...


«Görünür həmin vəzifəli şəxslər prokurorluğun rəhbərliyi səviyyəsində bu və ya digər şəkildə maneçilik törədir. Ona görə də onların fəaliyyətini yoxlayırlar. Ona qalsa, bütün istintaq bərbad vəziyyətdədir. Onda gərək heç kim istintaqda nəzarət funksiyasını həyata keçirməsin. Neft Akademiyasında baş verən qətldə ittiham olunanlar məhkəmədə bar-bar bağırırlar ki, bizə işgəncələr verilib. Əgər həqiqətən prokurorluq obyektiv, tam, hərtərəfli istintaq aparılmasında maraqlıdırsa, onda niyə bu faktları araşdırmır?»

İŞDƏN ÇIXARILMANIN SƏBƏBİ ŞƏXSİ MÜNASİBƏTLƏRDİR?


Vəkil Aslan İsmayılov isə deyir ki, prokurorluq orqanlarında kiminsə işdən uzaqlaşdırılması və ya tənbeh olunması araşdırma nəticəsində olur. Ancaq belə məsələlərdə əsas vətəndaşların şikayətləri yox, şəxsi münasibətlər rol oynayır:

«Mən Məhəmməd Cabbarovun oradakı işini bilirdim. O, heç də pis işçilərdən deyildi. Ən təcrübəli işçilərdən idi, həqiqətən, işi bilən adam idi. Ancaq indi hansı xətaya yol verib-vermədiyini deyə bilmərəm. Sumqayıt şəhər prokurorluğu ədalət naminə demək lazımdır ki, qanunsuzluqlar başında duran bir prokurorluqdur.
Aslan İsmayılov
Ancaq istənilən prokurorluğun işi prokurordan asılıdır. Prokurorluq orqanlarında baş verənlər hamıya bəllidir. O qədər orqandan qovulmalı adamlar var ki? Bu dəqiqə hər şeydə əsas şəxsi münasibətdir. Vergiyə, gömrüyə nəzarət baş idarəsi var. Bu dəqiqə vergidə, gömrükdə baş verən özbaşınalıqlar heç harda yoxdur. Niyə ora irad tutulmur. Kaş elə olaydı, elə vətəndaşların qeydinə qalaydılar».

QƏRAR VƏTƏNDAŞLARIN ŞİKAYƏTLƏRİNƏ GÖRƏ VERİLMİR


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, bu cür qərarlar, adətən vətəndaşların şikayətləri əsasında yox, araşdırmalar nəticəsində verilir. Şəxsi münasibətlərin rolundan isə danışmağına dəyməz:

«Yox, vətəndaşların müraciəti əsasında deyil, aparılan araşdırmaların nəticəsində olur. Vətəndaşların müraciətləri də ola bilər. Amma bu baş prokurorluğun özü tərəfindən aparılan araşdırmaların nəticəsi idi. O ki qaldı şəxsi münasibətlərə, bizdə şəxsi zəminində hər hansı məsələyə reaksiya verilmir. Hər bir əməkdaş peşəkar ola bilər. Ancaq peşəkar əməkdaş tərəfindən qanun pozuntusuna yol verilirsə, o da cəzalandırılır. Kimliyindən asılı olmayaraq qanun pozuntusuna yol vermiş prokurorluq əməkdaşı cəzalandırıla bilər».

Ötən il ümumilikdə Azərbaycan prokurorluq orqanlarının 65 əməkdaşı müxtəlif pozuntulara yol verdiklərinə görə intizam məsuliyyətinə cəlb olunub. Respublika Prokurorluğunu məlumatına görə, xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə, 6 əməkdaş prokurorluq orqanlarından xaric edilib, onlardan üçü haqqında cinayət işi başlanılıb.
XS
SM
MD
LG