Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:18

İşgəncənin sübut olunma işgəncəsi


Müzəffər Baxışov
«Mənə polisdə işgəncə veriblər. Gecə 12 olardı. Dəyənəklə başıma, kürəyimə vururdular. İşgəncə ilə etmədiyim hərəkəti boynuma qoymaq istəyirdilər. Şikayət də eləmişəm. Ancaq kimdir şikayətimə baxan?».

Bakı sakini Aygün Rəhimova deyir ki, törətmədiyi əməli boynuna qoymaq üçün ona işgəncə veriblər. Ona işgəncə verənlər haqqında hüquq-mühafizə orqanlarına şikayət də edib. Ancaq cavab almayıb.

İŞGƏNCƏDƏN DANIŞDIĞI ÜÇÜN HƏBSİ İSTƏNİLİR


Azərbaycanda işgəncələrin olması haqqında adətən yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları danışırlar. Bu günlərdə isə işgəncə haqqında danışdığı üçün «Hüquqi Dövlət» Araşdırmaları Mərkəzinin rəhbəri Müzəffər Baxışovu məhkəməyə veriblər.

M.Baxışovu məhkəməyə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov verib. O bildirib ki, Azərbaycanda işgəncə yoxdur, hüquqşünas böhtan atır, ona görə də məsuliyyətə cəlb olunmalıdır. Bu işlə bağlı proses iyulun 5-də Yasamal rayon Məhkəməsində keçiriləcək.

Dövlət Neft Akademiyasında törədilmiş qətl hadisəsi ilə bağlı keçirilən məhkəmədə ittiham olunan Nadir Əliyev isə bu günlərdə deyib ki, ona Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ayaqlarından asmaqla işgəncə veriblər.

Ehsan Zahidov
Müzəffər Baxışov işgəncə haqqında danışdığı üçün məhkəməyə verilən ilk şəxsdir. Hüquqşünas deyir ki, o əslində heç kimə böhtan atmayıb, olan vəziyyətdən danışıb. Həmin fikirləri isə məhkəmə proseslərində müttəhimlər, beynəlxalq təşkilatlar öz hesabatlarında tez-tez səsləndirirlər:

«Mən demişəm ki, Azərbaycanda işgəncə var. Bu, bütün beynəlxalq təşkilatların sənədlərində də var, insanların məhkəmədə dediyi ifadələrdən də görünür. Bu faktlar ümumi məlum olan faktlardır. Azərbaycanda olan hər bir şəxsə məlumdur ki, belə faktlar var. Məni məhkəməyə verənlərə tövsiyə edərdim ki, belə məsələlərlə ictimaiyyəti aldatmasınlar».

İŞGƏNCƏ YOXDUR?!


Hüquq-mühafizə orqanları isə işgəncələrlə bağlı deyilənləri yaxına belə buraxmırlar, bunu hüquq müdafiəçilərinin uydurması adlandırırlar. Elə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da bu mövzuda verilən suala həmişə eyni cavabı verir:

«Hüquq-mühafizə orqanlarında işgəncə yoxdur. Niyə görə işgəncə verilməlidir ki?».

İŞGƏNCƏNİ VƏTƏNDAŞ SÜBUT ETMƏMƏLİDİR


Ekspertlər deyilər ki, Azərbaycanda vətəndaşların işgəncəni sübut edə bilməmələrinin səbəbi məhkəmələrin müstəqil olmaması ilə bağlıdır. Güc strukturları, məhkəmələr faktları araşdırmaqda maraqlı deyillər, buna görə də işgəncə faktları hüquqi qiymətinin tapa bilmir. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri
İntiqam Əliyev
İntiqam Əliyev vəziyyəti belə izah edir:

«Adam şikayət edir ki, həbsdə məni döyüblər. Azərbaycan məhkəmələri isə deyir ki, səni döydüklərini sübut elə. Avropa Məhkəməsində, ümumiyyətlə dünyada buna yanaşma fərqlidir. Əgər kiminsə işgəncəyə məruz qalması haqqında şikayət daxil olursa, bu halda sübutetmə yükü keçir dövlətin üzərinə. Dövlət ciddi araşdırma aparıb izahatlarla, faktlarla, ekspertiza rəyləri, ifadələrlə bunu və əksini sübut edir. Azərbaycanda isə bu cür şikayətlər araşdırılmır, sübutetmə yükü adamın üstünə qoyulur».

Polisin ona işgəncə verdiyini iddia edən Aygün Rəhimova isə deyir ki, üstündən bir neçə ay keçsə də, onun bədənindəki işgəncə izləri işgəncələr əleyhinə qeyd olunan bu günə kimi qalır. Baxmayaraq ki, bu izlərin ona işgəncə verildiyinin sübut kimi qəbul ediləcəyinə çox az inanır: «Çünki işgəncənin sübut olunması özü bir işgəncədir».

ABŞ Dövlət Departamentinin 2009-cu il Azərbaycanda İnsan Haqlarının vəziyyəti ilə bağlı hesabatında göstərilir ki, keçən il azı 4 nəfər işgəncə nəticəsində ölsə də hüquq-mühafizə orqanları bu ölümlərə görə məsuliyyət daşımayıb.

Bu ilin 5 ayı ərzində isə işgəncələrlə bağlı İşgəncələr Əleyhinə Komitəyə 80 müraciət daxil olub.
XS
SM
MD
LG