Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:51

Attestat bazarı


İmtahandan kəsilən uşaqlardan lap çox alırlar
İmtahandan kəsilən uşaqlardan lap çox alırlar
- Məktəb elə bil bazara çevrilib. Hər il bir qiymət qoyurlar. Keçən il qardaşımdan 50 manat aldılar. Bu il də bizdən 80 manat istəyirlər. İmtahandan kəsilən uşaqlardan lap çox alırlar.

- Nə qədər istəyirlər?

-100 manat, 200 manat, baxır da...

Aytən bu il Gəncədəki 22 saylı məktəbi bitirib. Böyük həyəcanla həkim olmağa hazırlaşan Aytənin qayğılarına biri də əlavə olunub. Deyir ki, orta təhsil haqqında attestatı almaq üçün onlardan böyük məbləğdə pul tələb edilir. Gəncənin orta məktəblərində şagirdlər attestatın müxtəlif qiymətlərə «satıldığını» deyirlər:

DƏRSƏ GƏLƏNLƏ GƏLMƏYƏNİN QİYMƏTLƏRİ FƏRQLİDİR

- 24 nömrəli məktəbdə oxuyuram. 70 manat pul istəyirlər. Biz də narazılıq edirik, sinif rəhbərimizə demişik, amma baxan yoxdur. Dərsə gələnlə gəlməyənin qiymətləri fərqlidir.

Gəncədəki 24 saylı məktəbin direktoru Şərafət Məmmədova deyir ki, uşaqlar böhtan atır, məktəbdə pul söhbəti gedə bilməz:

UŞAQLAR QƏLƏT EDİRLƏR

- Uşaqlar qələt edirlər, gəlib mənə desin, görüm kim ondan pul istəyir? Qətiyyən ola bilməz.

Nadir 8 saylı məktəbdə oxuyur. Mikrofona danışmağa çəkinir, amma deyir ki, valideyni ilə məktəb direktoru attestat qiymətində razılaşa bilmədikləri üçün mübahisə ediblər. Nadir attestat alacağına və ali məktəbə sənəd verə biləcəyinə ümidsizdir.

GETSİN PROKURORLUĞA DESİN

Etibar Əliyev
Məktəblərdə attestat alveri ilə bağlı Gəncə şəhər Təhsil Şöbəsinin rəis müavini İsmayıl İsmayılovla danışdıq. İsmayıl İsmayılov bu barədə məlumatsız olduğunu dedi:

- Mənim məlumatım yoxdur, kimdən istəyirlər, getsin prokurorluğa desin.

BU MƏSƏLƏ KÜTLƏVİ XARAKTER DAŞIYIR

«XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də deyir ki, attestatlara görə orta məktəblərdə böyük məbləğdə pul tələb olunur və təşkilata bu barədə müraciətlər daxil olur. Etibar Əliyev ötən il Goranboy rayon Təhsil Şöbəsinin direktorunun rüşvət tələb etdiyinə görə həbs edilməsinin məktəblərdəki vəziyyəti təsvir edən ən bariz nümunə olduğunu deyir:

- Bizim təşkilata da siqnallar daxil olub. Bu məsələ kütləvi xarakter daşıyır və qarşısı alınmır. Hiss olunur ki bu, mərkəzləşmiş şəkildə təşkil olunur.

Etibar Əliyevin sözlərinə görə, son vaxtların təcrübəsi sübut edir ki, valideynlər hüquq-mühafizə orqanlarına şikayət etsələr belə nəticə olmur. Odur ki, valideynlər tələb olunan pulu verməyə məcbur qalırlar.
XS
SM
MD
LG