Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:34

«Valideynlər özlərinə sərf etməyən şeylərə korrupsiya donu geyindirirlər»


Aydın Əhmədov
Aydın Əhmədov
«Attestat hədiyyə deyil ki, hər kəsə verilə».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyib. Son zəng günü efirdə qonaq olan şöbə müdiri bildirib ki, bu il 104 min şagird orta məktəbi bitirir. O, son zəng mərasiminin məktəblərdə məhdud zaman çərçivəsində keçirilməsini məktəblilərin təhlükəsizliyi ilə əlaqələndirib.

Aydın Əhmədov deyib ki, Kürqırağı, təbii fəlakət zonasından nazirliyə buraxılış imtahanlarının keçirilməsi üçün təkliflər gəlir. O, iyunun 2-i Şirvan şəhərində bununla bağlı müşavirə keçiriləcəyini deyib. Gərgin yerlərdə imtahanların keçirilməsi ilə bağlı qərar ayın 2-dən sonra qəbul oluna bilər.

Aydın Əhmədov deyib ki, yaxın vaxtlarda orta məktəblərdə təhsilin icbariliyi haqda qərar qəbul olunacaq.

Məktəblərdə rüşvət halları məsələsinə toxunan nazirlik rəsmisi deyib ki, bəzi valideynlər özlərinə sərf etməyən şeylərə korrupsiya donu geyindirirlər:

«Əgər belə hallar varsa rəsmi şəkildə çıxsınlar ortaya, nazirliyə müraciət etsinlər».

Nazirliyin «qaynar xətt»inə gələn müraciətlərin araşdırıldığını deyən Aydın Əhmədov, belə halların çox vaxt böhtan xarakterli müraciətlər olduğunu bildirib.

Təhsil işçilərinin əməkhaqqı məsələsinə gəldikdə isə, Aydın Əhmədov deyib ki, müəllimlərin maaşı normal deyil:

«Müəllimlərin yaxşı işləməsi üçün yaxşı maaş lazımdır. Amma imkanımız bu qədərdir».

Aydın Əhmədov deyir ki, təhsil baxımından Azərbaycanın gələcəyinə nikbin baxmaq lazımdır.


/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG