Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:53

İmtahan sualları tələbələrə niyə verilmir?


Qərar qəbul etməkdə təhsil müəssisəsinin rəhbərliyi sərbəstdir
Qərar qəbul etməkdə təhsil müəssisəsinin rəhbərliyi sərbəstdir
«İmtahana düşəcək suallar tələbələrə verilmir. Tələbələrə bircə onu deyiblər ki, imtahan test üsulu ilə və kompyuterlə götürüləcək. Deyirlər imtahana düşəcək suallar barədə tələbələri məlumatlandırmağa ixtiyarımız yoxdur. Rektorluq buna icazə vermir. Ayın 1-dən sonra imtahanlar başlayır, uşaqlar psixoloji gərginlik keçirirlər».

RƏML ATIRAM, FALA BAXIRAM, AMMA...

Bunu Azərbaycan İqtisad Universitetinin 1-ci kursu bitirmək üzrə olan tələbəsi Fəridə Məmmədovanın anası Güləsər xanım deyir. Ananı narahat edən odur ki, qızı imtahanqabağı psixoloji gərginlik yaşayır. Çünki imtahanların başlamasına 1 həftə qalmasına baxmayaraq, Fəridə hələ də imtahanlarda onu gözləyən suallardan xəbərsizdir. Hər gün kitabları qarşısına töküb necə deyərlər, rəml atmaqla məşğuldur ki, görəsən bu kitablardakı mövzulardan hansı imtahan suallarına düşəcək. Güləsər Məmmədova deyir ki, tələbələr imtahana sanki gözüyumulu gedirlər:

«İstər-istəməz ruhdan düşürlər. Az da olsa məlumatları olmalıdır ki, imtahana düşəcək sualların mahiyyəti nədir, heç olmasa oxşar suallar veriləydi, hazırlaşaydılar».

Güləsər xanım tələbələrin bu şəkildə imtahan qarşısına çıxarılmalarının ürəkaçan nəticə verməyəcəyini düşünür: «Bu uşaqlar da 1-ci kursdular, «patok»da 56 tələbə var. 56 tələbənin qeyri-kafi qiymət alması
Təhsil Nazirliyi
ağlasığmaz vəziyyətə gətirib çıxaracaq».

«İMTAHANI HANSI QAYDADA GÖTÜRMƏK MÜƏSSİSƏ RƏHBƏRLİYİNİN SƏLAHİYYƏTİNDƏDİR»


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, kursdan-kursa keçən tələbədən imtahanların hansı formada götürülməsi heç bir əsasnamə ilə tənzimlənmir. Bu məsələdə qərar qəbul etməkdə təhsil müəssisəsinin rəhbərliyi sərbəstdir: «Testlə imtahan vermək hər bir müəssisənin daxili prosedur qaydalarıdır. Eləsi var ki, fənnin profilinə uyğun olaraq imtahanı ancaq şifahi götürə bilər, eləsi də var testlə götürə bilər. Bu, hər kafedranın özünün daxili işidir. Hansı kafedralar ki, əvvəldən cavablar toplusunu verir ki, getsinlər hazırlaşsınlar, bu da o müəllimin, kafedra müdirinin səlahiyyəti çərçivəsindədir. Müəllim onu verə də bilər, verməyə də bilər».

Bayram Hüseynzadənin tələbənin imtahanqabağı nigarançılığına münasibəti isə belə oldu: «Tələbə getsin imtahanına hazırlaşsın, nə vaxt sual verərlər, onda da cavabını verər. Əsas odur ki, tələbə imtahana həmişə hazır olmalıdır».

«YENİ QAYDALAR TƏHSİLDƏ KORRUPSİYANI MƏRKƏZLƏŞDİRMƏYƏ XİDMƏT EDİR»

«XXI Əsr» Təhsil Mərkəzinin direktoru Etibar Əliyev deyir ki, bu yeni qayda, yəni tələbələrə imtahan suallarının verilməməyi ikinci ildir ki, tətbiq olunur. Ekspertin fikrincə, bu qayda təhsildə korrupsiyanın daha da şaxələnməsinə xidmət edir:

Etibar Əliyev
«Əgər imtahan test üsulu ilə həyata keçirilirsə, istər tədris prosesinin ortasında, istərsə də sonuna yaxın həmin suallar tələbələrə verilməlidir, tələbələr həmin suallarla tanış olmalıdırlar. Bunun hamısı ona xidmət edir ki, imtahanlardan kəsilən tələbələrin sayı çox olsun, belə tələbələrin sayı çox olduqca korrupsiya da artır. Bu proses Bakı Dövlət Universitetində də var, Pedaqoji Universitetdə də var, adını çəkdiyiniz İqtisad Universitetində də var. Bu, birbaşa korrupsiyanın mərkəzləşməsinə xidmət göstərir».

Ekspert deyir ki, son illər tətbiq olunan metodlar tələbələrin əleyhinə işləyir və bu metodlarla tələbə qəsdən sıxışdırılır: «Yeni metodologiya tətbiq ediblər, tələbələr kompyuterlə imtahan verir, tələbələrə əvvəlcədən sualları vermək olmaz, qayıblara görə tələbə cərimə olunmalıdır, qayıblara görə tələbəni qorxudurlar ki, sən ali məktəbdən xaric olunursan və sair. Bu, Boloniya bəyannaməsinin şərtlərinin kobud şəkildə pozulmasıdır. Tələbələr bu məsələdə haqlıdırlar».

Azərbaycan rəsmi surətdə 2005-ci ildə Boloniya təhsil sisteminin prinsiplərini həyata keçirmək məqsədini üzərinə götürərək və konvensiya imzalayaraq bu sistemə qoşulub. Artıq bütün dövlət ali məktəbləri Boloniya sisteminə keçib.

Boloniya sistemi – yeganə Avropa Ali Təhsil Məkanı yaratmaq məqsədilə Avropa ölkələrinin təhsil sisteminə yaxınlaşma və onunla harmoniya təşkiletmə prosesidir.
XS
SM
MD
LG