Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 05:21

«Cəlbedici təkliflər» niyə cəlb eləmir?..


Tələbələrin fikrincə, Nazirlər Kabinetinin müəllim təyinatıyla bağlı verdiyi son qərarındakı stimullaşdırıcı təkliflər elə də «şirnikləndirici» deyil
Tələbələrin fikrincə, Nazirlər Kabinetinin müəllim təyinatıyla bağlı verdiyi son qərarındakı stimullaşdırıcı təkliflər elə də «şirnikləndirici» deyil
- Ucqar rayona getmək, orda ab-havaya öyrəşmək çox çətindir.

- Rayondan gələn uşaqlar var, onlar özləri heç geri qayıtmaq istəmirlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-gigiyena fakültəsinin dördüncü kurs tələbələri olan qızlar təyinatla gedib ucqar bölgələrdə işləmək məsələsini öz yoldaşlarıyla tez-tez müzakirə elədiklərini deyirlər. Afət deyir ki, əgər evlə təminat olsa, yaxşı maaş verilsə, məktəblərin şəraiti göz oxşasa, kənd müəllimliyini seçmək mümkündür. Amma Gəncədən gələn Kamil heç Azərbaycanın ikinci şəhəri olan yurduna belə qayıtmaq istəmir, o da qala hansısa ucqar kənddə müəllimlik etmək ola:

GERİ QAYITMAQ İSTƏMİRƏM

- Mən geri qayıtmaq istəmirəm. Burdan qurtarım bircə, öz işlərim var. Bakıda «vinetka» işinə baxıram.

Pedaqoji Universitetin tarix fakültəsinin üçüncü kursunda oxuyan qızlar isə ucqar bölgələrdə işləməyə gedə biləcəklərindən əmindilər. Onları kənd romantikası belə danışdırmır ki?

- Qətiyyən. İndi gənclikdə romantika qalıb? Biz hər şeyə real baxırıq. Kənddə böyüyən uşaqların da haqqıdır ki, onların yaxşı müəllimi olsun.

Biologiya-gigiyena fakültəsinin 4-cü kursunda oxuyan Afət isə hesab edir ki, gənc mütəxəssis kənddə inkişaf edə bilməz. Xaricdə oxumağa, hətta işləməyə gedəndə mütəxəssisin təcrübəsi genişlənir,
Pedaqoji Universitet
amma onun fikrincə, nəinki ucqar bölgələrdə, heç mərkəzi rayonlarda da müəllimin öz üzərində işləməsinə, hətta elmi işlə məşğul olmasına imkan yoxdur.

Bəzi tələbələrin fikrincə, Nazirlər Kabinetinin müəllim təyinatıyla bağlı verdiyi son qərarındakı stimullaşdırıcı təkliflər elə də «şirnikləndirici» deyil.

Pedaqoji Universitetin tədris məsələləri üzrə prorektoru Malik Cəbrayılov isə onlara verilən təyinatlara hər il 500-ə yaxın məzunun yiyə çıxdığını söyləyir:

ƏSASƏN ÖZ RAYONLARINA TƏYİNAT GÖTÜRMƏK İSTƏYƏNLƏR OLUR


- Əsasən öz rayonlarına təyinat götürmək istəyənlər olur, ancaq olmayanda başqa rayonlara təyinat götürüb gedirlər. Elə olur ki, 4-cü kursda evlənib ailəlikcə gedənlər də olur.

Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov isə deyir, bu təkliflər Bakıda yaşayan müəllimləri də cəlb edir:

- Yaşayış yeriylə təmin olunma var, güzəştli ipoteka almaq imkanları yaradılıb. Cəlbedici təkliflərdir.

Amma bunlara sahib olmaq üçün aşağısı 3 il təyinat üzrə işləmək lazımdır.

Rövşən Ağayev
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayevə görə, bu təşəbbüslər cəlbedici ola bilər, amma səmərəsi azdır. Çünki kəndlərin, ucqar rayonların infrastruktur problemləri müəllimə veriləcək maaşı dəyərdən salır:

MƏNƏVİ MÜHİT YOXDUR

- Yerlərdə işləyən üçün birinci yaşayış məsələsidir. Yaxşı bir müəllimi ucqar kənddə tutub saxlamaq üçün əməkhaqqına əlavə edilən 40 manat və 70 manat yolpulu kiçik məbləğdir. Müəllim yaradıcı peşədir. Onu saxlamaq üçün mənəvi mühit olmalıdır. Bu mühit isə yoxdur.

Rövşən Ağayev mənəvi mühit deyəndə, kitabxananı, qəzet köşkünü, asudə vaxtın keçirilməsi üçün mədəniyyət ocaqlarını nəzərdə tutduğunu və bu sarıdan nəinki kəndlərin, hətta rayon mərkəzlərinin belə kasadlıq çəkdiyini deyir:

- O cümlədən, bir çox kəndlərdə İnternet belə yoxdur. Müəllim evindən çıxıb kəndin palçıqlı yollarıyla məktəbə gedəcəksə, o müəllim kənddə oturmayacaq.

Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov isə deyir ki, onların təyinatını seçənlər kənd şəraitinə öyrəşmiş adamlardı. Rövşən Ağayev də bildirir ki, əgər hansısa gənc mütəxəssis internetsiz-kitabxanasız-qəzetsiz dərs deməyi qəbul edirsə, onda onun verəcəyi təhsil müasir dövrün tələbləriylə ayaqlaşmayacaq.
XS
SM
MD
LG