Ramiz Rövşən
ÖMRÜN BİRİNCİ YÜZ İLİ
Bu gün, mayın 19-da Rəsul Rzanın 100 yaşı tamam olur. Mən şairin adının qarşısında heç bir epitet yazmadım.
Halbuki, Xalq şairindən Sosialist Əməyi Qəhrəmanınacan bir çox fəxri adları, orden-medalları, mükafatları sadalamaq olardı.
Rəsul Rza 50-ci illərin əvvəlində Stalin mükafatı da almışdı. 60-cı illərin əvvəlində Lenin mükafatı da ala bilərdi.
Amma şairin bəzi qələm dostları Bakıdan Moskvaya imzalı-imzasız o qədər donoslar yazıb, yazdırıb şairi antisovetçilikdə, millətçilikdə, formalizmdə və başqa neçə-neçə “izm”də günahlandırdılar ki, onun “dahi rəhbərin” adını daşıyan mükafatı almağı müşkülə döndü.
Kim bilir, bəlkə də Rəsul Rza o mükafatı alsaydı, o vaxt şairdən donos yazanların övladları bu gün onu məhz sovet ideologiyasına canla-başla qulluq etdiyinə görə Lenin mükafatı almaqda günahlandırardılar.
...Ümumiyyətlə, ədəbiyyata qədəm basdığı ilk gündən ta ömrünün sonunacan R.Rzanı nədəsə günahlandıranlar, tənqid və ittiham edənlər həmişə tapılıb.
Rəsmən, bütün ədəbiyyat dərsliklərində Səməd Vurğun və Süleyman Rüstəmlə yanaşı Azərbaycan sovet poeziyasının yaradıcılarından biri sayılsa da, bu iki qələm dostundan fərqli olaraq Rəsul Rza ömrünün sonunacan “toxunulmazlıq hüququ” qazanmadı.
60-cı illərin əvvəlində Azərbaycan poeziyasına həm forma, həm də məzmunca ənənəvi şerin sərhədlərini qıran yeni şairlər nəsli gələndə, “sağlam sovet tənqidi” özünə irili-xırdalı yeni-yeni hədəflər tapsa da, yenə bu tənqidin “ağır artileriyasının” əsas hədəfi Rəsul Rza idi.
Amma 30-cu illərin əvvəlindən poeziyamızda sərbəst şerin yaradıcısı kimi tanınan Rəsul Rzanın, 50-ci iilərin sonunda mənim – 4-cü, ya 5-ci sinif şagirdi olan bir uşağın yaddaşında özünə yer eləyən və bu günəcən də unudulmayan ilk misraları heca vəznində yazılanlar idi:
Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım;
Göylər bulud, çöl-düz ağ, qardaşım;
Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkdi, ya simdir o, Bəxtiyar?
Əslində, məni sehirləyən, 1942-ci ildə, müharibənin ən ağır vaxtlarında yazılmış bu misraların məzmunundan daha çox ahəngi, musiqisiydi. Mənim o vaxtkı uşaq zövqümə görə bu misralardakı ahəngin gözəlliyi yalnız Müşfiqin “Küləklər” şeriylə müqayisə oluna bilərdi.
Və mən bu gün də o fikirdəyəm...
Amma təbii ki, XX əsrin böyük və bənzərsiz bir şairi kimi Rəsul Rza yaradıcılığının ən parlaq dövrü 50-ci illərin ikinci yarısından başlayır.
Tarixdə Xruşşovun adıyla bağlı olan, sərt və qəddar Stalin rejimindən sonra “mülayim dövr” kimi tanınan həmin illər bütün SSRİ-də, o cümlədən, Azərbaycanda da milli-mədəni oyanışın, özünüdərkin, intibahın əsasını qoydu.
Poeziyamızda bu intibahın beşiyi başında duran şair Rəsul Rza oldu. Nəsrə bu yeni nəfəs İsa Hüseynovun “Yanar ürək” romanıyla, dramaturgiyaya İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesiylə gəldi.
Rəsul Rzanın 60-cı illərin əvvəlində, ağlımın artıq çox şeylər kəsdiyi vaxt oxuduğum şeirlərində nə qulaq oxşayan ahəng, nə gözlənilməz qafiyələr, nə də qəribə təşbehlər və bənzətmələr vardı.
Hər cür pafosdan, ritorikadan azad olan bu şeirlər həyatın özü kimi sadə və təkrarsız idi; “Sarı dana və balaca qız”, “Çörək satan qızlar”, “Göy at” və s...
Əslinə qalsa, “Sarı dana” kimi bir şeirdə hansısa parlaq qafiyə və ya bənzətmə yamağa oxşayardı.
...Göytəpə kəndinə hay düşür ki, sarı dana xəstələnib. Baytardan, briqadirdən sədrə, partkomacan hamı özünü köməyə yetirir; ayaqlarına isti su gətirən kim, qulaqlarına damcı dərmanı tökən kim. Sağıcı Gülxara günlərlə sarı dananın yanından ayrılmır, gecə-gündüz ona qulluq eləyir. Nə evindən xəbəri olur, nə uşaqlarından.
...Əhvalat uzundur, nə deyim.
Bəsdir bunu desəm:
dana ölmədi azardan
Ancaq Gülxaranın
qaragöz kiçik qızı...
Beşcə qulac bez aldılar bazardan.
Quyruğunu qoyub belinə
qaçır, tullanır sarı dana indi.
Ancaq soruşan yoxdur,
Yaşıl otlar içindəki
O balaca qəbir kimindi?!..
Bu gün də oxucunu sarsıdan, öz bədii dəyərini və ictimai kəsərini zərrəcə itirməyən bu şerə ən azı bütöv bir povestin mövzusu sığışdırılıb.
1962-ci ildə yazılmış “Çörək satan qızlar” şeri isə, məncə, bu gün o vaxtkından daha təsirli və ağrılı səslənir.
Hər dəfə qırmızı işığa dayanan bahalı maşınların şüşələrini silməyə cuman balaca oğlan uşaqlarını görəndə, restoran toylarında 5 manat qonorar üçün göbək rəqsi oynayan beş yaşlı qızcığazlara baxanda şairin ürək yanğısıyla təsvir elədiyi həmin o çörək satan qızlara şükür eləyirsən.
Rəsul Rzanın altmışıncı, yetmişinci illərdə bir-birinin ardınca yazdığı şeirlər öz ictimai kəsərini, aktuallığını qətiyyən azaltmadan get-gedə daha dərin fəlsəfi məna qazanırdı.
Belə şey mümkündürmü?
Şeir həm ictimai, həm də fəlsəfi, həm ideoloji, həm də metaforik ola bilərmi?
Ola bilər! Bunun parlaq nümunəsi bu günəcən ana dilimizdə yazılmış ən gözəl şeirlərdən biri saydığım “Darısqallıq” şeridir.
Gah dünyanın dərdi, qəmi sıxdı məni,
gah corablarımın boğazı...
Qırıb çıxmaq istədim
“olar”, “olmaz” çərçivəsindən.
Dedilər, yox, yox!
Dəblərə, qaydalara gir!
Vərdişləri, adətləri gözlə!
Sığallı dillə yaz!
Sıxdılar məni
maddələrlə, sözlərlə...
Beləcə, yaşadığı mühitdə insanın canını və ruhunu sıxan “darısqallığın” tanış mənzərəsinin təsvirilə başlayan şeir sonda gözlənilməz fəlsəfi dərinliyə qovuşur:
Deyirəm, öləndə atın
ən dərin dəryaya məni:
qaldırıb buludlardan yuxarı!
Son yolum uzun,
son mənzilim geniş olsun barı.
Yox, yox, ən dərin dəryalar da
sahillərin çənbəri içindədir.
Görünür, darısqallıq kənarda deyil,
Hər meyvənin tumunda,
Hər canlının hüceyrəsində,
Hər binanın daşında, kərpicindədir.
Görünür, yolumuz budur.
Zərurəti dərk etməyincə
gedirik, gedəcəyik
Darısqallıqdan keçə-keçə...
Şair hansı ZƏRURƏTDƏN danışır? Təbii ki, AZADLIQDAN!
1967-ci ildə yazılmış və hətta çap olunmuş bu şeir öz antisovet mahiyyətiylə bu gün də adamı heyrətləndirir.
1967-ci ildə Xruşşov artıq hakimiyyətdən getmişdi, “mülayim dövr” bitmişdi, bir balaca azadlıq havasından sərxoş olmuş ölkədə vintləri, qaykaları, şurupları təzədən bərkitməyə başlamışdılar.
Cəmi bircə il sonra sovet tankları Çexoslovakiyaya girəcəkdi və SSRİ-də azacıq da olsa demokratiyanın, söz azadlığının üzünə açılmış qapı təzədən tabut qapağı kimi örtüləcəkdi.
Amma o qapı örtülənəcən Rəsul Rzanın 1962-ci ildə yazdığı məşhur “Rənglər” silsiləsi o qapıdan çıxıb özünün başqa dillərə olan səyahətinə başlamışdı. O səyahət hələ də davam eləyir.
Bu yaxınlarda latış dostumuz, gözəl şair və tərcüməçi Uldis Berzinş Bakıdaydı. Dedi ki, “Rənglər” kitabının yeni nəşrini hazırlayır. Bu dəfə kitabdakı hər bir şerin adının böyründə fırçayla çəkilmiş həmin rəng də öz əksini tapacaq.
Silsilədə rəmzi mənada işlənmiş rəngləri çıxsaq, 20-dən artıq rəng və çalar var. Rəssam fırçasıyla bu rəngləri və çalarları almaq o qədər də asan iş deyil. Bəs şair qələmiylə necə?
“Sizdə xərçəng yoxdur!”
Sözlərinin deyildiyi dəqiqə. (Bu ağ rəngdir.)
Fil ölümünə bəhanə. (Bu da, şırmayı.)
Cansız barmaqlar arasında
Sönmüş siqaretin uzun külü. (Bu boz rəngdir.)
Van Qoqun “Günəbaxanlar”ı.
Məhəbbətin barmağa dolaşmış damğası.
Cinayətin yaşıdı. (Bu da, qızılı rəng.)
“Rənglər” silsiləsindən misal gətirdiyim bu cür poetik misraların sayını qat-qat artırmaq olardı.
Amma həqiqət budur ki, intellektual poeziyanın misilsiz nümunəsi olan belə bir silsiləni yazmaq hər özündən deyən şairin işi olmadığı kimi, sətiraltı mənalar və işarələrlə dolu bu şeirlərin oxucusu olmaq da hər adamın işi deyil.
Hələ 60-cı illərdə tələbə dostlarımla bu şeirlərdəki ən “qəliz” misraların sirrini açanda necə sevindiyimizi xatırlayıram.
Rəsul Rzanın “Qızıl gül olmayaydı” poemasını oxuyarkən, orda haqqında danışılan, amma adları çəkilməyən şair və yazıçıların kim olduğunu tapanda da eyni sevinci yaşayırdıq.
Təbii ki, o vaxtlar Rəsul Rzanı bir şair kimi sevməyənlər, onun varlığına sevinməyənlər də az deyildi.
Çünki Rəsul Rza təkcə ənənəvi şeir təsəvvürünü yox, həm də, ənənəvi şair təsəvvürünü dağıtmışdı. Nə saz çalmağı vardı, nə də, ova getməyi. Heç onun damağında papiros, ya əlində qədəh olan şəklini görən də yox idi.
Xoşlamadığı adamın üzünə heç vaxt gülümsəməzdi. Amma bu zahiri sərtlik və soyuqluq kimlərisə əzmək üçün yox, öz şəxsiyyətini qorumaq üçün idi. Və təsadüfi deyildi ki, Azərbaycan poeziyasının bu ən sərt kişisi poeziyamızın ən zərif xanımını sevib evlənmişdi.
Və onların həyatı əvvəldən axıracan bir gözəl və kədərli sevgi hekayəsiydi.
...Qəribədi, bir çox böyük şairlərin öz gələcək taleləri haqqında əvvəlcədən deyilmiş peyğəmbəranə misraları olur.
Rəsul Rza belə misraları 21 yaşında yazıb:
Mübarizə
bu gün də var,
yarın da.
Mən də onun
ən ön sıralarında.
Doğrudan da, həmişə nadanların hədəfinə çevrilən Rəsul Rzanın ömrü mübarizədə keçdi.
O mübarizə bu gün, şairin ölümündən 30 il sonra da dayanmayıb. Öz təbirincə desək “nadanlığın hürr balaları” hələ də onun arxasınca hürməklə məşğuldurlar.
Amma dünən də, bu gün də şairlə dalaşanların ağlı yoxdur. Ona görə yox ki, şair hamıdan güclüdür. Yox, sadəcə, şairin vaxtı çoxdur. Çünki əsil şairin ömrü yüz illərlə ölçülür. Və onunla dalaşmağa heç kəsin ömrü çatmaz!
...Bu gün böyük Azərbaycan şairi Rəsul Rzanın ömrünün birinci yüz ili tamam olur...
Lent.az