Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Nazarbayevin «Millətin lideri» olması barədə qanun qəbul edildi


Qazaxıstan parlamentinin aşağı palatası prezident Nursultan Nazarbayevin «Millətin lideri» adlandırılması barədə qanun layihəsini mayın 12-də yekdilliklə qəbul edib. Bu status Nazarbayevə hətta prezident vəzifəsini tərk etsə belə, ölkənin daxili və xarici siyasətinə dair bütün məsələlərdən son söz sahibi olmağa, bu cür qərarları təsdiq etməyə səlahiyyət verir.

Bu qanun həmçinin «Qazaxıstanın ilk prezidenti» statusunda olan Nazarbayevin ömrünün sonuna qədər hər hansı məsələ ilə bağlı istintaqa cəlb edilməsini qadağan edir.

İndi Qazaxıstanda müxalifət qrupları və təhlilçilər bu cür statusun Nazarbayevin nəyinə lazım ola biləcəyi barədə suallara cavab tapmağa çalışırlar.

Qanun layihəsinin üç müəllifindən biri, hakimiyyətyönlü Nur-Otan partiyasından millət vəkili Amzebek Jolşibekov bildirir ki, onlar sadəcə olaraq «xalqın istəklərinə uyğun cavab» veriblər:

ONUN SAYƏSİNDƏ

- Biz hesab etmirik ki, burda yeni nəsə var. Biz sadəcə olaraq Nazarbayevin ölkəmizdəki inkişafın arxitektoru, yaradıcısı olması barədə xalqın fikirlərini nəzərə almışıq. Onun sayəsində biz indi ATƏT-in sədriyik, gələn il də İslam Konsfransı Təşkilatına rəhbərlik edəcəyik. Qazaxıstan dünyada tanınan bir dövlət olub.

2001-ci ildə qəbul edilmiş «Qazaxıstanın ilk prezidenti haqqında» qanun Nazarbayevə hətta, prezidentlikdən gedəndən sonra da istədiyi vaxt parlamentdə çıxış etmək, milli televiziya və radio ilə xalqa müraciət etmək hüququ verir.

Bu qanunda həmçinin prezident olmasa da yeni qanunları «ilk prezident»in təsdiq etməsini məcburi norma kimi müəyyən edib. «Millətin lideri» haqqında qanunda isə bir qədər də irəli gedərək Nazarbayevin prezident olduğu dövrdə hər hansı hərəkəti ilə bağlı istintaqa cəlb edilməsi qadağan edilir.

2007-ci ildə «Birinci prezidentə» prezidentlik müddətinə məhdudiyyət aradan qaldırılıb. Amma iyulun əvvəlində 70 yaşı olacaq Nazarbayevin xələfinin kim olacağı hələlik aydın deyil.

BU QADAĞA NAZARBAYEVİN ÜÇ QIZINA DA AİD EDİLƏCƏKMİ?

İndi «Millətin lideri» haqqında qanun layihəsi təsdiq üçün Senata – parlamentin yuxarı palatasına gedir
On il əvvəl Nazarbayevin adı bir ABŞ iş adamı ilə korrupsiyada hallanmışdı. Orada iddia edilirdi ki, dövlət büdcəsindən oğurlanan pullar İsveçrə banklarına yerləşdirilib. 2003-cü ildə məmurlar bunu belə əsaslandırdılar ki, Nazarbayev pulu sadəcə olaraq ölkənin ehtiyat fondu kimi İsveçrə bankına qoyub. Bundan qısa zaman sonra parlament ölkədən çıxarılmış kapitala amnistiya verilməsi haqqında qərar qəbul etdi. Həmin tarixə qədərki bütün vergi hesabatları ləğv edildi.

Daha ciddi ittihamları isə Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev səsləndirib. Rahat Əliyev keçmiş qayınatasını 2006-cı ilin fevralında bir müxalifət liderinin qətlində ittiham edib.

Nazarbayevin tərəfdarları bunu prezidentin nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirirək ittihamı rədd ediblər. İndiki qanunun qəbulundan sonra bu cür ittihamlarla bağlı istintaq aparılması ümumiyyətlə qadağan olunur.

Yeni qanun Nazarbayevin və onun ailəsində yaşayanların əmlakının müsadirə edilməsinə də qadağa qoyur. Hələlik məlum deyil ki, bu qadağa Nazarbayevin üç qızına da aid ediləcəkmi? Onun qızlarından ikisi Dariqa və Dinara Qazaxıstanda qabaqcıl banklarda, iri biznes təşkilatlarında böyük paylara sahibdirlər.

Məlum olmayan bir də odur ki, əmlakı müsadirə edilməkdən azad olmaq Nazarbayevin nəvələrinə də aid edilirmi? Onların bir çox hələ çox gənc olsalar da, Qazaxıstanda biznes sahələrində olduqca böyük uğurlar əldə ediblər.

BU QANUNUN ÖMRÜ ALLAHIN NAZARBAYEVƏ VERDİYİ ÖMRÜN UZUNLUĞU QƏDƏRDİR

Bu ilin aprelinə qədər Qazaxıstanda Kommunist partiyasına rəhbərlik etmiş Serilkbolsın Abdildin hesab edir ki, Nazarbayevi indi də «Millətin lideri» etmək sadəcə hansısa deputatların ideyası deyil, bu fikir ölkənin lap yuxarıdakı ali rəhbərliyindən gəlir.

Azat (Azadlıq) partiyasından Bulat Abilov da bildirib ki, bu cür qərarlar əslində Nazarbayev və onun tərəfdarlarının öz gələcəklərindən narahatlıqlarının məhsuludur.

Qazxıstanda belə fikirlər də dolaşır ki, qanun layihəsi ölkə siyasətində Nazarbayevin dominantlığının zəifləməsindən narahat olmuş çox güclü bir iş adamının təşəbbüsüdür.
Amma «Novaya qazeta»nın Qazaxıstan versiyasının redaktoru Amantai Dandıqulev hesab edir ki, bu qanunun ömrü də Allahın Nazarbayevə verdiyi ömrün uzunluğu qədərdir.

İndi «Millətin lideri» haqqında qanun layihəsi təsdiq üçün Senata – parlamentin yuxarı palatasına gedir. Mayın 13-də Senatın da onu təsdiq etməsindən sonra sənəd qanun kimi qüvvəyə minəcək. Belə görünür, Senatda da layihəni yalnız formal təsdiq gözləyir.
XS
SM
MD
LG