Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:38

Prezidentin kürəkəni beş qəzetin nömrələrini müsadirə etdirdi


Timur Kulibayev, Qazaxıstan prezidentinin kürəkəni.
Timur Kulibayev, Qazaxıstan prezidentinin kürəkəni.

Qazaxıstanda azı beş qəzetin fevralın 1-də yayılan nömrələrini müsadirə ediblər. Həmin qəzetlərdə prezident Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevi korrupsiyada ittiham edən məlumat çap edilmişdi. Bunlar müstəqil və müxalifət yönlü "Respublika," "Golos Respubliki", “Vzqlyad”, “Kursiv” və “Kursiv news” qəzetləridir.

Timur Kulibayev məhkəməyə müraciətində qəzetlərin yazdığının iftira olduğunu bildirib. Məhkəmə müsadirə qərarında həm də qeyd edir ki, “Timur Kulibayevin şərəf və ləyaqətinə ziyan vura biləcək məlumatların yayılması qadağandır”.

Timur Kulibayev təkcə prezidentin kürəkəni deyil. O, həm də Qazaxıstanda enerji ilə bağlı çox sayda şirkətlərin rəhbəridir. Qəzetlərin onun haqqında yaymaq istədikləri də hansısa jurnalist araşdırması deyil. Onlar hazırda Londonda mühacirətdə yaşayan qazax iş adamı Muxtar Ablyazovun Çinin prezidenti Hu Cintauya məktubunu yaymağa çalışırdılar.

Prezident Nazarbayevin qızı, Timur Kulibayevin xanımı Dinara Kulibayeva.

Keçən il bankı əlindən alınandan sonra ölkədən qaçmış iş adamı məktubunda Çin rəsmilərini Qazaxıstanla iş görən şirkətlərini yoxlamağa çağırır. Onun iddiasına görə bir neçə il əvvəl Qazaxıstanın AqtobeMunayGaz neft və qaz şirkətini alan Çinin Milli Neft Korporasiyası Nazarbayevin kürəkəni ilə korrupsiyada iştirak edib.

Belə ki, kürəkən Kulibayev əvvəlcə Çin korporasiyası ilə birlikdə Darley İnvestment Services adlı bir ofşor şirkət yaradıb. AqtobeMunayGaz şirkətinin səhmlərinin 49 faizini həmin ofşor şirkətə 49 dollara satıb. Sonra isə həmin ofşor şirkət aldığı 49 faiz payı təzədən Çinin Milli Neft Korporasiyasına 166 milyon dollara satıb.

Bu məzmunda məktubu ötən həftə Qazaxıstanda bəzi internet saytları yaysalar da qəzetlərə bu, nəsib olmayıb. Kürəkənin ərizəsi ilə beş qəzetin yayımı müsadirə edilib.

Bu hadisə bir neft zəngini ölkə üçün bəlkə də adi xəbər olardı. Amma indi həmin ölkə - Qazaxıstan 56 dövlətin birləşdiyi regional təşkilata - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) rəhbərlik edir. İlin əvvəlindən ATƏT-ə sədrlik Qazaxıstana keçib və qarşıdakı bir il ərzində Astana ATƏT ölkələrində azad media, ədalətli seçkilər kimi dəyərlərin həyata keçirilməsinə çalışmalıdır.

İndi ABŞ və əksər böyük Avropa ölkələri deyirlər ki, Qazaxıstanın təşkilata sədrliyinə onun öz daxilində islahatlar aparacağı vədilə razılaşıblar. ABŞ-ın ATƏT-dəki nümayəndəliyi – Helsinki Komissiyası fevralın 2-də Qazaxıstanın quruma rəhbərliyi ilə bağlı dinləmələr keçirib.Helsinki Komissiyası Qazaxıstanı salamladığını, amma sədr kimi işinin effekti olması üçün Qazaxıstanın islahata əvvəlcə öz daxilindən başlamalı olduöunu, ölkədə insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib.

Vaşinqtonda keçirilən dinləmələrdə Helsinki Komissiyasının həmsədri Alcee Hastinqs bildirib ki, hələ 2007-ci ildə Madriddə keçirilən toplantıda məsələ müzakirə ediləndə o, Qazaxıstanın sədrliyini yalnız Astananın demokratik islahatlarla bağlı vədlərini eşidəndən sonra dəstəkləyib.

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev (sağda) çinli həmkarı Hu Cintau (solda) ilə birlikdə Qazaxıstandan Çinə neft kəmərinin açılış mərasimində, 12 dekabr 2009.


- Mən inanıram ki, bu vədlər yerinə yetiriləcək. Madriddə verilən vədlərlə ATƏT sədri öhdəliklərinin uzlaşdırılmasını gözləyirik.

Qazaxıstanda son 20 ildə hakimiyyətdə eyni adam əyləşib – Nursultan Nazarbayev. Bu 20 ildə neft zəngini Qazaxıstan ABŞ-ın əsas təhlükəsizlik tərəfdaşına çevrilə bilsə də bircə dəfə də keçirdiyi seçkilər beynəlxalq müşahidəçilərdən azad və ədalətli seçki qiymətini almayıb. Ölkədə müxalifətin mövcudluöuna çox zəif dözüm var.

Qazaxıstanın Xarici İşlər naziri Kanat Sauderbayev Vaşinqtonda keçirilən dinləmədə insan haqları və demokratiyanın vəziyyətinə görə ölkəsinə yönələn tənqidlərə cavabında deyib ki, elə onların da istədikləri fundamental dəyərlərin – din, media azadlığının qorunması, qanunun aliliyinin təmin edilməsidir.

Dinləmələrdə iştirak edənlər deyiblər ki, ATƏT-ə sədrlik Qazaxıstan üçün bənzərsiz imkanlarla yanaşı, həm həm də çox ciddi sınaqdır. İndi onun Mərkəzi Asiyanın nümunəvi ölkəsi olmaq kimi nadir ələ düşən bir imkanı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG