Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

İlham Əliyevin 2009-cu il səfərləri


İlham Əliyev növbəti səfərə yollanır.
İlham Əliyev növbəti səfərə yollanır.
Qərb analitikləri yazır ki, hər hansı hökumətin xarici və daxili siyasətilə bağlı dolğun və düzgün təsəvvür yaradılması üçün dövlət başçısının səfərləri və qəbul etdiyi ali qonaqların sırasını gözdən keçirmək kifayətdir. Elə isə 2009-cu ildə Azərbaycanın öz siyasi kursunu daha çox hansı tərəfə köklədiyini öyrənmək üçün Azərbaycan prezidenti İlham Əliyevin il boyu keçirdiyi səfərlər siyahısına nəzər yetirək.

MACARISTAN, İSVEÇRƏ, KÜVEYT

İlham Əliyev 2009-cu ildə ilk səfərini yanvarın 23-də Macarıstana etdi. Bunun ardınca isə o, dünyanın lider ölkələrinin İsveçrədə keçirilən ənənəvi Davos forumu çərçivəsində beynəlxalq toplantıya qatılaraq bir neçə ölkənin rəsmilərilə görüşdü.

Ancaq bu səfərlərə qədər İlham Əliyev Azərbaycanda Estoniya prezidenti Tomas Hedriki qəbul etmişdi.

Fevral ayının 9-da ölkəyə Türkiyənin o zamankı xarici işlər naziri Əli Babacan gəlmiş, bir-birini «dost, qardaş» adlandıran ölkələrin liderləri regional məsələləri müzakirə etmişdilər. İlin sonunda «dost, qardaş» ölələr arasında «bayraq krizi» adlanan gərginlik yaşansa da sonradan münasibətlər Türkiyənin səyi ilə normal məcraya gətirildi.

Fevralda İlham Əliyev Küveytə getdi, daha sonra ölkəsində Çexiya baş naziri ilə görüşüb fevralın 15-də Yunanıstanda iki ölkədəki iş adamlarının biznes-forumuna qatıldı.

İMAM XOMEYNİNİN QƏBRİNİ ZİYARƏT VƏ ABŞ RƏSMİLƏRİ

Fevralın 18-də İslam dünyasının liderləri Azərbaycana toplaşmışdı. Bakını 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan etmək üçün. Toplantıya gələn İslam dünyası liderlərilə görüşlərdə İ.Əliyev Azərbaycanı İslam dünyasının ayrılmaz hissəsi saydığını bəyan etmişdi.

Martın 10-da İrana rəsmi səfərə yola düşdü. İran liderlərilə görüşüb İmam Xomeyninin qəbrini ziyarət edən İlham Əliyev vətənə dönən kimi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdü.

Təxminən 10 günlük fasilədən sonra qonaqlar sırasını bundan sonra Avropa İttifaqının Güney Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi və Litvanın xarici işlər naziri əvəz etdi. Bu, 2009-cu ildə Semnebinin Azərbaycana 2 səfərindən birincisi idi.

İlham Əliyev aprelin 9-da Ukrayna prezidenti Viktor Yuşşenkonu qəbul etdi. 2009-cu ildə Azərbaycana gələn qonaqlar sırasında Azərbaycan-ABŞ Ticarət Palatasının İH-nin həmsədri Ceyms Beyker də vardı.

RUSİYA QARDAŞ

Apreldə İlham Əliyev Avropanın enerji təhlükəsizliyi məsələlərilə bağlı müzakirələr aparmaq üçün Belçika Krallığına getdi. Ardınca isə Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə regional məsələlərdən başlayaraq, enerji təhlükəsizliyi, Qəbələ RLS-in taleyi də daxil olmaqla bir sıra məsələləri müzakirə etdi.

Aprelin 28-də Avropa Komissiyasının sədri Joze Manuel Borruzo ilə görüşdü. Mayda qonşu Gürcüstanın prezidenti Mixail Saakaşvili başda olmaqla bu ölkənin böyük nümayəndə heyətilə görüşən Əliyev ardınca ABŞ Nümayəndələr Palatasının xarici işlər komitəsinin üzvlərini, bir neçə gün sonra Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı qəbul etdi.

PERES İSLAM MƏDƏNİYYƏTİ PAYTAXTINDA

İlin ən çox danışılan səfərisə İsrail prezidenti Şimon Peresin regiona gəlişi idi. İsrailin Fələstinə çoxsaylı insan tələfatları ilə müşayiət olunan hücumlarından sonra Şimon Peresin Bakıya səfəri bir neçə gün dünya mediasının diqqətindən düşmədi. Peresin səfəri həm də onunla yadda qaldı ki, o, Bakıdan getməmiş Rusiya prezidentinin Azərbaycana rəsmi səfəri başladı. Rəsmi qaynaqlar prezidentlərin üçlü görüşünün keçirilib-keçirilməməsi ilə bağlı açıqlama verməsələr də yerli analitiklər bu səfərlər arasında xeyli əlaqə olması ilə bağlı versiyalar irəli sürdülər.

İyulun 2-də dövlət başçısı Azərbaycanda səfərdə olan Polşa prezidenti Lex Kaçinskini Azərbaycanın ən ali ordeni olan «Heydər Əliyev ordeni» ilə təltif etdi.

VARİSLƏR

Suriya prezidenti Bəşşər əl-Əsədin iyulda gerçəkləşdirdiyi Bakı səfərini siyasi şərhçilər hakimiyyətləri atalarından alan iki dövlət başçısının görüşü kimi xarakterizə etdilər.

İyulun 12-də İlham Əliyevin Britaniyaya səfəri başladı. Britaniyada əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində iştirakı müzakirə edildi.

Ölkəsinə dönüb Latviya prezidentini qəbul edəndən sonra İ.Əliyev Rumıniyaya yola düşdü. Oktyabrın 2-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıya gəldi. Noyabrın 3-də isə İ.Əliyev Naxçıvanda türkdilli dövlətlərin zirvə görüşünə qatılmaq üçün Azərbaycanda qısamüddətli səfərdə olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan prezidentlərini qarşıladı.

Oktyabrda İlham Əliyevin İordaniyaya da rəsmi səfəri oldu. Bundan bir həftə sonra isə prezident İsveçdə Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasiminə qatıldı. Ayın sonunda isə İlham Əliyev Fələstin xarici işlər nazirinin müavinini Bakıda qarşıladı, ardınca Sloveniya prezidenti Danilo Türk Azərbaycana səfər etdi.

Noyabrda İ.Əliyev Belarus və Bolqarıstana getdi. Ölkəsində isə öncə Fransa Sahibkarlar Şurası üzvlərilə görüşən Azərbaycan prezidentinin hələlik son qonağı dekabrın 1-də Azərbaycana gələn Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler olub. Bler Azərbaycana yeni zavodun açılış mərasiminə qatılmaq üçün gəlmişdi.

SİYASI ZİQZAQLAR

«Atlas» Araşdırmalar Mərkəzinin başçısı Elxan Şahinoğlu deyir ki, İlham Əliyevin səfər siyahısına nəzər yetirdikdə artıq ölkənin YAP analitiklərinin dediyi kimi, Qərblə-Rusiya arasında balanslaşdırılmış siyasət yürütməyə o qədər də meylli olmadığı görünür:

- İlham Əliyevin səfərləri və qonaqları siyahısında Rusiya başda olmaqla MDB ölkələri çoxluqdadır. Bu, Azərbaycanın həm xarici siyasətindəki ziqzaqları, həm də enerji siyasətində daha çox Rusiyaya meylləndiyini göstərir. Azərbaycan Türkiyəni strateji tərəfdaş adlandırsa da ölkələr arasında münasibətlər o qədər də rəvan getmir. Hətta son aylar Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı məsələ gündəmə gələndən sonra belə, Əliyev Ankaraya getmədi. Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsinin çözümündə Türkiyə ölkəni dəstəkləsə də indi Azərbaycan üzünü daha çox bu problemin yaradılmasında birbaşa rol oynayan Rusiyaya tutub. Hətta 2009-cu ildə Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistana 800 milyon dollarlıq silah verməsi də rəsmi Bakının Rusiyameylli siyasətinə əngəl ola bilmədi.

Bununla yanaşı, Elxan Şahinoğlu düşünür ki, Azərbaycan rəsmiləri Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olmadığını anlayır. Onun sözlərinə görə, İlham Əliyev çıxışlarında Rusiyanı ancaq strateji partnyor kimi təqdim edir. Partnyorluq isə, onun fikrincə, tərəfdaşlıqdan bir pillə aşağıda durur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG