Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:51

Xuraman Hüseynzadə YENİ ŞEİRLƏR


Xuraman Hüseynzadə

Yeni şeirlər

Saqi

Saqi, mənə bir yol göstər,
Misralardan keçib gedim.
Yorulanda bumbuz şərab
Bulağından içib gedim.

Bir az dəyişsin həyatım,
Gözümdə arzum qalmasın.
Alnımı özün yaz, saqi,
Bir bənddən artıq olmasın.

Gecəyə oxşasa gündüz,
Nolar, dünya ki dağılmaz?!
Bircə qədəh xoşbəxtlik süz,
Sərxoş olum mən də bir az…


***
Yıxılıb qalım qucağında,
unudum səni.
Ayrılım özümdən.
Ayayğım yerdən üzülsün,
gözlərim süzülsün,
yox olum,
bir az ölüm.
Gələcəyi istəmirəm,
keçmişi istəmirəm.
Bir az sərxoş olmaq istəyirəm, a dünya,
Mən kişi istəmirəm!!!

***
Dostum, bir tək sən
anlayırsan məni.
Bu şərab deyil, dostum,
Bir daş ürəyin yaraladığı sevgimin
al qanıdır.
Çəkdiyim isə tənhalığın nazıdır.
Bu dumanı da dağlar göndərib mənə.
Özləri gələ bilməyən dağlar
arxa-dayağımdı, dostum-onlara söykənib
ayrılığa dözəcəyəm.
Bir azdan dumanları dağlara qovacam başımdan.
Bir az da göylərə verəcəm göz yaşımdan.
Yenə başıma düşən,
sümüyümə düşməyən
bu sevda havasına oynamaq çətin, dostum,
bilirəm,
sonu yoxdu bu məhəbbətin, dostum…


Bir qədəh soyuq gecə

Bütün sədlər ilk misraya qədərdir…
Bütün sədləri keçək, dostum,
Gəl, içək, dostum!
Bir qədəh soyuq gecə içək
bir bənd təzə şeirin üstündən.
İçək
bizi ilk misrayadək qovan
ilk məhəbbətimizin sağlığına!
Bir sağlıq da
qafiyələrdə gizlənpaç oynadığımız
sevgilərə deyək!
Doyunca içək, dostum!
Unudaq bu dünyanı
içə-içə,
yaza-yaza.
… Bir azdan yenə bizi son misradan
sürüyə-sürüyə aparacaqlar
xarabamıza.


Mamed

Kənddə suçu işləyirdi Mamed,
Onu yoldan çıxartdılar-
kənd yolundan…
Şəhərə gedən yola çıxdı Mamed,
Şəhər onu çəkdi özünə-
Çiçək
bal arısını özünə çəkən kimi.
«Şəhər» deyibən kənddən çıxdı Mamed.
Fəhlə işlədiyi göydələndə
başına yekə bir daş düşdü.
Suçu Mamed…
Heç bir suçu olmayan Mamed…
Yazıq Mamed…
Qara tabutda qara taleli bir qara
fəhlə döndü kəndə…
Ruhunu
göydələnin son qatında
göylərə əmanət edib.


Bulvarda


Quzum, heç nə istəmə sən,
Bax dənizə, doyunca bax.
«Bulvar» adlı bu aləmdən
Yadında tək o qalacaq.

Ona pay ver göz yaşından…
Bir az hava alaq, gedək.
Gəl, dənizin yaddaşında
Biz də belə qalaq, gedək.

Bu da dənizin qırağı,
Eləcə bax, ötüb keçək.
İstədiyin oyuncağı
Sənə leylək gətirəcək.

Ləngər vurur, yuxuludur,
Gəmi suda batar birdən.
Karusellər qorxuludur,
Tut əlimi, gedək burdan.

Yesən, boğazın ağrıyar,
Dondurmadan gözünü çək.
20-cə qəpik pulum var,
Onunla da evə gedək…


Gecə

Tənhalığın qorxusundan,
yatan bəxtin yuxusundan,
məhəbbətdən, həsrətdən,
müqəddəs bir məqamda
edilən niyyətdən
doğulan-Gecə…
Oğlan-Gecə…
Gözlərim həsrət qalsın
sənin işıqlı gündüzlərinə.
Qara tellərinə,
aypara qaşlarına,
ulduz gözlərinə
yenə şeir yazmaq istəyirəm…
Sən də müvəqqətisən mənim həyatımda.
Səhər açılan kimi
çıxıb gedəcəksən…


Mən, sən, Torqovı…

Sevinc üçün

Mən, sən, Torqovı…
Yenə olaq üçümüz…
Bir az mağazaları gəzək,
gözlərimiz bayram eləsin.
Sonra baxa-baxa qalsın
ala bilmədiyimiz paltarlara…
Bir az da kədərə bürünsün gözlərimiz.
Tanrı taleyimiz kimi
Gözlərimizə də sevinci şişin burnunda verir…
Mən, sən, Torqovı…
Yenə olaq üçümüz…
Bir az da vaxt itirək türk kafelərində biz.
Ürəyimizdə cibimizi sayaq,
son qəpiyimizi də burda qoyaq.
Vitrinlərin önündən şütüyüb keçək
zaman kimi,
qan ağlasın içimiz.
Mən sən, Torqovı,
Yenə olaq üçümüz…

Həmçinin oxu
Xuraman Hüseynzadə "Özgürlüyün tam tanımı"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG