Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:56

Ramiz Rövşənin susmaq dəlili


Şair Ramiz Rövşənin Azadlıq Radiosunda yayımlanan müsahibəsinə müxalifət mətbuatında reaksiya

Şahvələd Çobanoğlu ("Azadlıq qəzeti")

"RAMİZ RÖVŞƏNİN SUSMAQ DƏLİLİ"

Bu mövzuya Beynəlxalq Söz Azadlığı günündə qayıtmağım səbəbsiz deyil.

Susdurulmaq və susmaq günümüzün ən ağrılı ictimai dərdlərindəndir.

Bizi susdurmaq istəyən cinayətkar bir rejimin caynağından illərdir qurtara bilmirik.

Amma getdikcə daha çox adam anlayır ki, söz azadlığı təkcə jurnalistlər üçün deyil və burada bütöv bir toplumun, eyni zamanda hər bir vətəndaşın vazkeçilməz hüququndan söhbət gedir.

Jurnalistika isə söz azadlığının yetənəkliyini (funksionallığını) təmin edən bir peşədir.

Cəmiyyətin və insanın özül hüquqlarından olan söz azadlığını təmin etdiyi üçün onun önəmi böyükdür.

Onsuz hər kəsin səsi boğulur, bütünlükdə toplumun ağzı yumulur, vətəndaşlar sözünü, haqqını dilə gətirə bilmir.

Bu yaxınlarda Cəlilabadda bir nəfər yerli hakimiyyətdən şikayət etdiyi üçün həbs edilib, ailə üzvləri isə işdən çıxarılıb.

Həmin vətəndaşın qızı jurnalistlərə deyib ki, hətta qonşularını onlarla danışmağa qoymurlar.

Siz yəqin naxçıvanlı Ələsgər kişini də xatırlayırsınız, haqsızlığa qarşı səsini çıxardığı üçün babamız yaşında olan bu adamı dəlixanaya saldılar.

Amma belə bir vaxtda Ramiz Rövşən kimi ünlü və istedadlı bir şair deyir ki, o, iyrəndiyi üçün susur.

Həm də bu sözləri Söz Azadlığı günündə deyir. Yəqin ki, gün təsadüf idi.

Lakin... Bu ölkədə bircə susmağa haqq qazandıran doktrin və fəlsəfə çatışmır. Ən qorxulusu budur. Antisöz fəlsəfəsi yaratmaq cəhdləri topluma çox ağır başa gələ bilər.

Bu yalnız bizi susdurmaq istəyənlərin işinə yaraya bilər...

Bu sözləri Ramiz Rövşən deyir: “Mən iyrənib susa bilərəm. Bəzən elə mühit yaranır ki, iqtidarlı, müxalifətli - bunun siyasi fərqi yoxdur - bütün hamısı bir yerdə insanı iyrəndirə bilər”.

Ramiz Rövşən bənzər ovqat və fikirlərlə əvvəllər də çıxış edib...

Əslində, bu söhbəti başqalarından da çox eşitmişik.

Iqtidar tərəfə keçənlər də, ictimai problemlərə qarışmağını tamam dayandıranlar da, qorxub səsini içinə çəkənlər də çox vaxt belə deyir: müxalifət də iqtidarın bir tayıdır.

Çoxlu adamlar var ki, uyğunlaşıb yaşayır və deyir: mən hakimiyyətdən də, müxalifətdən də iyrənirəm.

Bəs əxlaq davası, bəs həqiqət? Ən sonda bunun iqtidara və müxalifətə nə dəxli var?

Məgər dünən siz iqtidardan və müxalifətdən iyrənmədiyiniz üçün danışırdınız?

Məgər dünən sizi bizim ictimai dərdlər, vicdanınızın ağrısı danışdırmırdı?

Dərd ki, durur. Müxalifət də, iqtidar da iyrəncdirsə, ən sadə məntiqə görə, dərd daha böyükdür... Dərd böyük olanda susurlar?

Hakimiyyətin istədiyi də budur ki, hamı iyrənib sussun.

Ümumiyyətlə, avtoritar neft ölkələrində xalq hakimiyyətə artıq bir yük kimi görünür, onun ödədiyi vergi də, əməyi də, hətta verdiyi rüşvət də əsas deyil.

Əsas odur ki, neft var, neft dollarları var. Odur ki, adamların nəinki susması, ölkədən rədd olub getməsi də onu sevindirir.

Lakin biz yenə də maksimalist olmayaq. Susmaq da başa düşülən ola bilər.

Aleksandr Soljenitsin yaxşı deyib bunu: susursan sus, amma yalana qarışma. Yalana qarışan Anara da qarışma.

Çəkilə bilərsən yazına-pozuna, mümkün bir işinə. Bu da mümkündür axı...

Amma onu da xatırlayaq ki, Soljenitsinin vaxtında heç müxalifət də yox idi...

Ramiz Rövşəni də başa düşmək çətin olmazdı.

Amma iyrənib susan adam cəmiyyətdə susmağa haqq qazandıran ovqat aşılamaz axı. Nə də bunun üçün əxlaqi, siyasi, fəlsəfi zəmin hazırlamaz.

Iyrənib susan adam ekrandan, efirdən sanki hər şeyin bitdiyini deyib, iyrənib sanki getdiyini söyləyib, dalınca özünün doğruluğunu göstərməyə yönələn fikirlərlə çıxış etməz.

Halbuki indi bizdə elə zamandır ki, susmaq hətta yalan danışmağa bərabər sayıla bilər.

Bu qədər adam susmasaydı, çoxluq susub qınına çəkilməsəydi, bu iqtidarın ömrü də belə uzun olmazdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG