Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:55

Azərbaycan rəsmilərinə qarşı viza və maliyyə sanskyalarını təklif edirlər


Elmar Şahtaxtinski
Elmar Şahtaxtinski

Aprelin 16-da Demokratiya naminə ABŞ Azərbaycanlıları - AZAD təşkilatı Vaşinqtonda Con Hopkins Universitetində forum keçirib. “Sınan dayanqlar: ABŞ-Azərbaycan münasibətlərində demokratiya” mövzusunda müzakirələrə ABŞ Dövlət katibinin keçmiş yardımçısı David Kramer, Sərhədsiz reportyorlar Təşkilatının Vaşinqtondakı ofisinin direktoru Clothilde Le Coz, Richmond universitetinin professoru doktor Uliana Gabra, Dövlət Departamentinin, Konqresdə Helsinki Komissiyasının nümayəndələri, Vaşinqtodakı demokratiya və insan haqları sahəsində çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

Məruzəçilər çıxışlarında Azərbaycan insan haqları sahəsində vəziyyətin ildən-ilə pisləşdiyini bildiriblər. AZAD təşkilatının rəhbərləri insan haqlarının kobud şəkildə pozulmasına, vətəndaş azadlıqlarının məhdudlaşdırılmasına, korrupsiya qalmaqallarına görə Azərbaycan rəsmilərinə qarşı maliyyə və səyahət sanksiyalarının tətbiq edilməsinə çağırıblar.

Bu müzakirələr haqqında daha ətraflı məlumat almaq və Bakıdan da ABŞ-a qarşı tənqidlərin artmasına Vaşinqtondakı fikirləri öyrənmək üçün AZAD təşkilatının direktoru Elmar Şahtaxtinski ilə əlaqə saxlamışıq.
Con Hopkins Universitetində AZAD təşkilatının forumu, 16 aprel 2020

- Elmar bəy, müzakirələrin mövzusu kimi “Sınan dayanqlar” adından istifadə edirsiniz. Zəhmət olmasa, bunu bir qədər izah edin, bu nə dayaqdır, niyə hesab edirsiniz ki, sınıb, və s.

- ABŞ rəsmi olaraq Azərbaycanla əlaqələrin 3 əsas dayaq üzərində inkişaf etdiyini bildirir: təhlükəsizlik, enerji və demokratiya. Amma Azərbaycanda demokratiyanın vəziyyəti, insan haqları sahəsində durum getdikcə pisləşir və ABŞ-Azərbaycan əlaqələrinin bu dayağı lazımi qədər inkişaf etmir. Forumda da buna diqqət çəkmişik.

- Bəs, Azərbaycan hökumətinin mövqeyini orada kim ifadə etdi?

- Biz Azərbaycan hökumətinin də mövqeyinin ifadə edilməsini istərdik. Bunun üçün Azərbaycanın Vaşinqtondakı səfirliyinə, Los-Angelesdə konsulluğa, BMT-dəki nümayəndəliyə, hətta, ticarət palatasındakı nümayəndəliyə e-mail vasitəsilə dəvətnamə göndərdik. Amma onlardan rəsmi iştirakçı olmadı.

- Son günlər Bakıdan Vaşinqtona çox sərt tənqidlər səslənir. Bugünlər Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da bildirdi ki, Vaşinqtonun Qarabağ məsələsində mövqeyi Bakını qane etmir. Ona görə də Azərbaycan ictimaiyyəti alternativ yollar axtarmaqdadır. Siz Vaşinqtonda siyasətin içindəsiniz. Sizcə, Bakını Vaşinqtondan narazı salan səbəb doğrudan da Qarabağ məsələsində ABŞ-ın mövqeyidir? Orada bu mövzuda hansı fikirlər dolaşır?

- Əlbəttə, burada real səbəb ABŞ-ın dağlıq Qarabağ münaqişəsinə baxışı ola bilməz. Çünki ABŞ-ın bu münaqişəyə münasibəti 20 ilə yaxındır ki, demək olar dəyişmir. Azacıq dəyişiklilər olsa da bu daha çox Vaşinqtonun Qarabağ münaqişəsi ilə maraqlanmasının dərəcəsində ola bilər. Amma bütövlükdə problemə baxışda ciddi dəyişiklik yoxdur.

Azərbaycan hökumətinin narazı olmasının əsas səbəbi odur ki, ona dəstək əvvəlkilərdən azalıb. Yəni, indi Bakını narahat edən ABŞ-dan Azərbaycana təzyiqin artması yox, hökumətə dəstəyin azalmasıdır. Çünki Azərbaycanda tipik diktatura olduğuna görə, onu maraqlandıran ən birinci məsələ Qarabağ münaqişəsi yox, özünün hakimiyyətdə qalmasıdır. ABŞ tərəfdən öz hakimiyyətlərinə əvvəlki dəstəyi görməyəndə də narahat olurlar.

Dubayda Əliyev familiyalı azyaşlının 45 milyon dollarlıq sarayı olması haqqında “Vaşinqton post” qəzetində çap olunan məqalə, Azərbaycan rəhbərliyinin Vaşinqtona nüvə təhlükəsizliyi sammitində dəvət edilməməsi kimi hallar da narahatlığı artırır.

- Yəni, bu iki məsələ dəstəyin azalmasının əlaməti sayıla bilərmi?

- Əlbəttə, təkcə bunlar deyil.

Bir şeyi də deməliyəm ki, qəzetlərdə nə çap olunmasını Azərbaycandan fərqli olaraq ABŞ-da hökumət müəyyən etmir. Amma ümumilikdə ABŞ-dan, o cümlədən də onun hökumətindən Azərbaycan rəhbərliyinə dəstək azalır.

Həm də əlavə edim ki, ABŞ və onun hökumətindən, eləcə də ümumilikdə dünya ictimaiyyətindən, hətta xaricdə yaşayan azərbaycanlılardan Azərbaycan hakimiyyətinə dəstəyin azalmasının səbəbi ölkədə insan hüquq və azadlıqlarının getdikcə daha çox pozulması, korrupsiyanın baş alıb getməsidir. Azərbaycan hökuməti özünə münasibətin dəyişməsini istəyirsə, həmin problemlərə daha çox diqqət ayırmalıdır.
Con Hopkins Universitetində AZAD təşkilatının forumu, 16 aprel 2020

- İndi Bakıdan da demarşa bənzədilən addımlar atıldığı görünür. Müdafiə Nazirliyi bugünlərdə bildirdi ki, ABŞ-la birlikdə may ayında keçirilməsi razılaşdırılmış bir hərbi təlimi birtərəli qaydada təzirə salır. Parlamentdə hökumətin siyasətini müdafiə edən siyasi qrupların nümayəndələri Azərbaycanın neft yataqlarının işlənməsinə dair müqavilələrdə ABŞ şirkətlərinin payına yenidən baxılmasını təklif edib. Bu cür ziddiyyətlərin perspektivi haqqında fikirləriniz nədir?

- Əlbəttə ki, ABŞ-ın neft müqavilələrində, xüsusilə də təhlükəsizlik məsələlərində maraqları var. Ancaq mən onu da vurğulamaq istərdim ki, bütün bu neft şirkətləri ilə əlaqələrdə də, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsində də Azərbaycanın və onun hökumətinin marağı ABŞ-dan daha çoxdur. Azərbaycan vacib dövlət olsa da, ABŞ-la müqayisədə kiçik bir dövlətdir. Ona görə Azərbaycandan demək ki, ABŞ-a adekvat addımlar atılacaq, bu, ciddi məsələ deyil. Xüsusilə də öz xalqının hüquqlarını pozan, azad və ədalətli seçki keçirməyən hökumətin bunu deməsi olduqca qeyri-ciddi səsələnir. Amma bu cür ifadələrin işlənməsi onu göstəririr ki, Azərbaycan rəhbərliyi ABŞ-dan gördüyü münasibətdən getdikcə daha çox narahat olur.

- Amma Bakıda mediada, rəsmilərin çıxışlarında Azərbaycanın ABŞ-a daha çox tərəfdaş kimi baxdığı qeyd edilir. Bildirilir ki, Azərbaycan beynəlxalq terroa qarşı koalisiyada çıxış edir, Əfqanıstandakı yenidənqurma işində fəallıq göstərir, özünün hava məkanından bu məqsədlə istifadə olunmasına razılıq verib, Avropanın enberji təchizatında çox vacib rol oynayır. Sizcə, bunlar ABŞ-a qarşı yetərli təsir vasitələri deyilmi?


- Əlbəttə ki, bütün bunlar vacib tərəfdaşlıq sahələridir. Amma mən onu vurğulamaq istəyirəm ki, bu sadlananlar Azərbaycanın özü üçün hamıdan daha çox vacibdir.

Məsələn, götürək, neft şirkətləri ilə əməkdaşlığı. Bu, olmasaydı, Azərbaycanın öz neftini dünya bazarlarına çıxara bilməsi qeyri-mümkün idi. Anti-terror əməliyyatları Azərbaycanın özünün təhlükəsizliyi üçün olduqca vacibdir. Əlbəttə, Azərbaycanın Əfqanıstanda iştirakının ayrı aspektrləi də var. Amma rəhbərlik özünün hakimiyyətini qorumaq üçün ABŞ-Azərbaycan əlaqələrinə vacib olan bütün bu vacib əməkdaşlıq sahələrini sual altında qoyursa, yenə də bu, o deməkdir ki, hakimiyyət ölkənin milli mənafelərini özünün məqsədləri üçün istifadə edir.

- Forumda səslənən Azərbaycan rəsmilərinə qarşı sanksiyaların qoyulması, hökumətin hakimiyyətini saxlamaq üçün milli mənafeləri xərcləməsi kimi fikriləri biz Azərbaycanda daha çox müxalifət partiyalarının sədrlərindən eşidirk. Bu baxımdan, Sizin təşkilat Azərbaycan müxalifətinin mövqeyinin ifadəçisi kimi tanıdıla bilərmi? Bəlkə, Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliyindən də ona görə bu foruma qatılmayıblar…


- Bizim təşkilat müxalifətçi, ya da iqtidarçı ola bilməz. Çünki bu, Azərbaycan təşkilatı deyil, ABŞ təşkilatıdır və azərbaycanlı amerikalıları müdafiə edir. Biz həmçinin də Azərbaycanla maraqlanan və demokratiyanın inkişafını Azərbaycan üçün də, ABŞ üçün də vacib hesab edən amerikalıları müdafiə edirik. Ona görə AZAD təşkilatını Azərbaycan daxilində iqtidarçı, ya da müxalifətçi adlandırmaq mümkün deyil. Bizim Azərbaycanın içində hər hansı siyasi təşkilata bağlılığımız yoxdur. Yeganə məqsədimiz Azərbaycanda demokratiyanın, insan hüquqlarının inkişaf etməsi və ABŞ-ın da bu işdə ona dəstək verməsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG