Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:01

Azərbaycanın ABŞ-a «adekvat addımı» nə olacaq?


Əli Həsənov
Əli Həsənov
Son günlər Azərbaycan rəsmiləri tez-tez anti-Amerika bəyanatları səsləndirirlər. Ölkə prezidenti İlham Əliyev hökumətin iclasında ad çəkməsə də, bəzi hökumətləri Dağlıq Qarabağ məsələsinə görə Azərbaycana təzyiq göstərməkdə günahlandırdı.

AMERİKANIN AZƏRBAYCANA MÜNASİBƏTİNƏ ADEKVAT ADDIMLAR ATILACAQ


Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə son müsahibəsində hədəfdə olan ölkənin adını açıqca göstərib. Hətta Əli Həsənov deyib ki, Amerikanın Azərbaycana münasibətinə adekvat addımlar atılacaq:

- Bu adekvat addımlar artıq görünməkdədir. Biz birtərəfli qaydada Azərbaycana normal dost, tərəfdaş münasibət bəsləməyən ölkəyə niyə dost, tərəfdaş münasibət bəsləməliyik. Mən hesab edirəm ki, bu anlamda Azərbaycan hakimiyyəti və ictimayyəti artıq adekvat addımlar atmaqdadır, Dağlıq Qarabağ probleminin həllilə bağlı alternativ yollar axtarmaqdadır. ABŞ-ın Minsk qrupundakı həmsədrliyinə qarşı artıq rəy formalaşır ki, bu təmsilçilik Azərbaycana heç nə vermədi, Amerikanın enerji və digər maraqlarının müdafiəsilə bağlı Azərbaycan indiyə qədər ortaya qoyduğu, reallaşdırdığı cəhdlərdən bir az ayaq saxlayır və s.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan həmişə ABŞ-ın maraqlarını nəzərə alıb, istər enerji, istər geosiyasiyasi məsələlərdə. Hər zaman milli maraqlardan çox ABŞ-ın maraqlarını diqqətə alıb, amma qarşılığını görməyib.

Əli Həsənovun fikrincə, ABŞ əksinə, Dağlıq Qarabağ probleminə töhfə verməkdən və münaqişənin həllinə ciddi səy göstərməkdənsə, Azərbaycan torpaqlarını işğal edən Ermənistanı düşdüyü vəziyyətdən
İsa Qəmbər
çıxarmaq istəyir.

AZƏRBAYCAN HAKİMİYYƏTİNİN KİFAYƏT QƏDƏR ƏSASI VAR

Milli Məclisin deputatı Asim Mollazadə isə hesab edir ki, Azərbaycan hakimiyyətinin ABŞ-a etiraz etməsi üçün kifayət qədər əsası var. Onun fikrincə, Türkiyə-Ermənistan arasında imzalanmış protokollar Qafqaza sülh gətirməyəcək.

Görəsən Əli Həsənovun dediyi adekvat addım nə olacaq? Azərbaycan hökuməti öz strateji siyasətini dəyişəcək, yoxsa sadəcə, ABŞ-a qarşı bir jest edir?

Müsavat Partiyasının sədri İsa Qəmbərin fikrincə, Azərbaycan indiyə kimi düşünülmüş və köklü xarici siyasət yürütmür, daha çox hakimiyyətin saxlanılması maraqlarını güdür.

BU OVQATA SƏBƏB DAĞLIQ QARABAĞ MNÜQAŞİƏSİ DEYİL

İsa Qəmbər hesab edir ki, hakimiyyətin anti-Amerika ovqatına səbəb heç də Dağlıq Qarabağ yox, Əliyev hakimiyyətinin ABŞ-ın yeni rəhbərliyindən dəstək ala bilməməsidir:

- ABŞ-ın Azərbaycandan narazılığının əsas səbəbləri starteji məsələlərdir, İran-Rusiya məsələsinə Azərbaycan loyal münasibət göstərir. İkinci səbəb də Azərbaycanda insan haqlarının pozulması, korrupsiyanın genişlənməsidir.

Müsavat başqanı deyir ki, ona görə də hakimiyyət ABŞ-a narazılığını Dağlıq Qarabağla əlaqələndirməkdə səmimi deyil. İsa Qəmbərin fikrincə, əgər bu münaqişədə Rusiyayla ABŞ-ı müqayisə etməyə ehtiyac yaransa,
İlqar Məmmədov
onda Ermənistana dəstək münasibətində tərəzinin Rusiya gözü çox ağırlıq təşkil edir.

AMERİKA REGİONDA SƏHV SİYASƏT APARIR

ReAl Vətəndaş Birliyinin həmtəsisçisi İlqar Məmmədov isə düşünür ki, ölkələr arasında münasibətlərin pisləşməsinə görə hər iki ölkənin başçıları məsuliyyət daşıyır:

«Bir tərəfdən, Vaşinqton hazırda keçmiş SSRİ ölkələrinə yönəlik yanlış siyasət aparır. Bu siyasətin nəticəsində Amerika Ukraynanı, Qırğızıstanı itirdi, indi də Azərbaycanı itirmək təhlükəsini yaşayır. Elə olsa, ABŞ-ın Mərkəzi Asiyaya heç çıxışı olmayacaq, yəni o region da tam Rusiyanın nəzarətinə keçəcək».

İlqar Məmmədovun fikrincə, rəsmi Bakının məsuliyyəti ondadır ki, ölkədə demokratik dəyərlərə, siyasi və iqtisadi azadlıqlara söykənən rejim qura bilməyib:

«Bunlar qurulsaydı, Amerikada ölkəmizə qarşı mövcud olan bəzi qərəzli yanaşmalar ayaq tutub yeriməzdi».

Yerli təhlilçilər hesab edirlər ki, Azərbaycan rəsmiləri tez-tez Qərb ölkələrinə «bizim daxili işlərimizə qarışmayın» mesajları verməklə, korrupsiya halları ilə bağlı özbaşınalıqlarını beynəlxalq qınaqdan sığortalamaq məqsədi güdürlər.
XS
SM
MD
LG