Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:10

Azərbaycan Rusiyadan razılıq, ABŞ-dan isə giley edir


Nazirlər Kabinetinin iclası, 14 aprel 2010
Nazirlər Kabinetinin iclası, 14 aprel 2010
Son vaxtlar Azərbaycan rəsmiləri Dağlıq Qarabağ danışıqlarında güzəşdə getmək üçün təzyiqlərlə üzləşdiklərini birbaşa və ya dolayısı ilə ictimaiyyətin diqqətinə çatdırır.

Prezident İlham Əliyev də aprelin 14-də Nazirlər Kabinetinin iclasında deyib ki, həlledici məqamda Ermənistana elə bir siyasi dəstək verilir ki, bundan sonra onlar danışıqlardan ümumiyyətlə imtina edə bilər. Prezidentin fikrincə, Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək tamamilə səhvdir və Azərbaycanın milli maraqları ilə ziddiyyət yaradır. Həmin toplantıda prezident İlham Əliyev bu məsələlərlə bağlı bir neçə sual da səsləndirib.

PREZİDENT KİMİ HƏDƏF SEÇİB?

Siyasi dairələrdə prezidentin bu fikirləri kimə ünvanlandığı və nə məqsəd daşıdığı barədə müxtəlif rəylər var. Hər halda bu mövzuda bu çıxışdan əvvəl və sonrakı rəsmi bəyanatlardan da bəllidir ki, İlham Əliyevin hədəfi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri - Rusiya deyil.

Aprelin 15-də Bakıda «Rusiya və Azərbaycan: regional əməkdaşlığın genişləndirilməsindən strateji tərəfdaşlığın möhkəmləndirilməsinə doğru» mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə iştirak edən Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə bildirib ki, ölkənin Rusiya ilə münasibətlərinin inkişafından məmnundur.

RƏSMİLƏR RUSİYA İLƏ MÜNASİBƏTLƏRİNDƏN RAZIDIRLAR

«Son illər Azərbaycan və Rusiya arasında iqtisadi, sosial, mədəni əlaqələr xeyli intensivləşib. Tərəflər bu və ya digər məsələlər üzrə qarşılıqlı maraqlarını razılaşdıra biliblər».

Əli Həsənov
Həsənova görə bu, Rusiyanın Azərbaycana bərabərhüquqlu tərəfdaşı kimi baxmasına əsaslanır. Azərbaycan da öz növbəsində, Rusiyaya böyük dövlət, dost və tərəfdaş kimi baxır, bu ölkə ilə münasibətlərə böyük əhəmiyyət verir.

Birləşmiş Ştatlara gəlincə Prezident Adminstrasiyasının şöbə müdiri bunları deyir:

«Biz ümumiyyətlə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin təmzimlənməsindəki Minsk qrupunda nümayiş etdirdiyi fəaliyyətğdən razı deyilik. Azərbaycan dəfələrlə bu məsələdə müxtəlif səviyyələrdə ərazi bütövlününün pozulmasını qaldırıb. Lakin təəssüflər olsun ki, ABŞ-ın bəzi institutları, bəzi dairələri erməni lobbisinin təsiri altında bəzən neytrallığı itirirlər, Ermənistana açıq aşkar dəstək verirlər. Son zamanlar bu ölkənin siyasəti ona yönəlib ki, Ermənistanda yaranmış çətin sosial iqtisadi vəziyyətdən bu xalqı çıxartsın».

Əli Həsənov hesab edir ki, Ermənistanın işğalçılıq siyasətini nəzərə almadan ona dəstək olmaq üçün region dövlətlərinə təzyiq göstərmək ABŞ-ın Minsk qrupunun həmsədri kimi missiyasına da uyğun gəlmir.

Bəzi siyasətçilər isə hesab edirlər ki, artıq bir müddətdir Azərbaycan rəhbərliyi Rusiyanı təqdir etməklə yanaşı Qərbi ölkə ictimaiyyətinin gözündən salmağa çalışır:

QƏRB BİLƏRƏKDƏN GÖZDƏN SALINIR

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının sözlərinə görə, əslində Azərbaycan iqtidarının daxili siyasəti vəziyyəti elə bir həddə gətirib çıxarıb ki, indi ölkə rəhbərliyi təkcə müxalifət və cəmiyyətlə deyil, həmçinin beynəlxalq aləmlə də üz-üzə qalıb.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı deyir ki, bu vəziyyətin qarşıdan gələn parlament seçkiləri zamanı yaxşı heç nə vəd etmədiyini hakimiyyət də bilir. Buna görə də Dağlıq Qarabağ danışıqlarında güya təzyiqlərə məruz qaldığını bildirərək bütün məsuliyyəti ABŞ-ın üzərinə atmaq istəyir. Ən azı ölkə ictimaiyyətinin belə düşünməsinə çalışır:

QARABAĞ NƏ VAXT YADA DÜŞÜR?

«Vaşinqton Post»da dərc olunmuş yazılardan sonra bunlar çox ciddi siyasi, mənəvi zərbə almış durumdadırlar. Narahatçılıq yaranıb ki, artıq seçkilərdə əvvəlki saxtalaşdırma əməliyyatlarını həyata keçirə bilməyəcəklər. Ona görə də indidən ictimai rəydə haqlı görünmək üçün məsələni Qarabağ problemi ilə əlaqələndirirlər. Öz aləmlərində əks hücum təşkil edirlər. Amma bu, təbii ki, effekt verəsi deyil».

Fuad Qəhrəmanlı deyir ki, əgər Azərbaycan Madrid prinsipləri deyilən sənədin yenilənmiş variantı ilə razıdırsa, onda nəyə görə Qərb ölkə iqtidarına təzyiq göstərməlidir. Həmin sənəddə Qarabağın statusunun referendum yolu ilə həll olunması məsələsi də öz əksini tapır. Yəni milli maraqların əksinə gedən hakimiyyətə təzyiq göstərilməsi inandırıcı deyil.

İlham Əliyev isə çıxışında belə bir sual səsləndirir. «Əgər Azərbaycanın maraqları kənara qoyulursa, işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərilirsə,
İlqar Məmmədov
Azərbaycan ictimaiyyəti bunu necə qəbul edə bilər?!»

ÜÇBUCAĞIN ABŞ TƏRƏFİ

Politoloq İlqar Məmmədova görə, indi Azərbaycanda Qərb, xüsusilə də ABŞ əleyhinə kampaniya aparılır. Bunu dövlət və iqtidara məxsus informasiya vasitələrindəki təbliğatdan da aşkar hiss etmək olur. Bütün bunların fonunda prezidentin son fikirlərini də başqa cür qəbul etmək mümkün deyil:

«İlham Əliyev bu çıxışında məhz Birləşmiş Ştatların mövqeyini tənqid atəşinə tutur. Bu fikirlər başqa şəraitdə səslənsəydi, Azərbaycan torpaqlarının zəbt olunmasında və işğalda saxlanılmasında əsas rol oynayan Rusiyanın nəzərdə tutulduğunu düşünə bilərdik. Amma indi ABŞ əleyhinə aparılan kampaniyanı nəzərə alaraq əminlikdə deyə bilərik ki, tənqid hədəfi Amerikadır».

İlqar Məmmədov ABŞ–ın siyasətində Azərbaycana qarşı şantaj görmədiyini deyir. O hesab edir ki, həqiqətən də Azərbaycana qarşı bəzi ədalətsiz yanaşmalar var. Onların üzərində də işləmək lazımdır. Yəni bu yanaşmanı üstələmək üçün ölkədə demokratik siyasi sistem və azad liberal iqtisadiyyat yaratmaq lazımdır.
XS
SM
MD
LG