Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:50

Seçki islahatı olacaq, olmayacaq?


Bakıda bələdiyyə seçkiləri, 23 dekabr 2009
Bakıda bələdiyyə seçkiləri, 23 dekabr 2009
Parlament seçkilərinə 7 ay qalsa da, Seçki Məcəlləsinin dəyişdiriləcəyinə ümidlər getdikcə azalır. Əslində bu günlər prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun mövcud Seçki Məcəlləsi ilə də azad və ədalətli seçkilər keçirməyin mümkün olduğunu vurğulaması da hakimiyyətin bu istiqamətdə güzəştlərə hazır olmadığından xəbər verirdi.

Hələ ötən ilin noyabrında əsas müxalifət partiyalarının bir araya gəldiyi Qarabağ və Respublika Uğrunda Hərəkat Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı parlamentə 2 layihə təqdim etsə də, onlardan heç bir xəbər yoxdur.

MÜXALİFƏTİN LAYİHƏLƏRİNİ GÖRDÜM DEYƏN YOXDUR…

Layihələrdən biri ümumilikdə Seçki Məcəlləsi, ikincisi isə sırf komissiyaların formalaşma qaydası ilə bağlıdır. Layihələri Milli Məclis aparatına təqdim edən Müsavat Partiyasından olan millət vəkili İkram İsrafil deyir ki, indi heç bir sorğularına da cavab verilmir:

«Bir neçə dəfə biz Mili Məclisin tribunasından bu məsələylə bağlı Milli Məclis rəhbərliyinə, Mili Məclisin aparatına sorğular vermişik. Ancaq sorğularımıza cavab almamışıq».

Milli Məclis aparatından isə bizə bununla bağlı mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət bildilər. Mətbuat xidmətində isə, dediklərinə görə, müxalifətin layihələrindən ümumiyyətlə
Əli Kərimli
xəbərsizdilər.

MÜXALİFƏTİN TƏKLİFİ ATƏT-İN MASASINDA?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, hakimiyyət onların layihələrinə biganə yanaşsa da, artıq bir neçə dəfə Seçki Məcəlləsi ilə bağlı öz təkliflərini beynəlxalq təşkilatların nəzərinə çatdırıblar. İlkin müzakirələr zamanı onlara vəd verilib ki, bu layihələr gələn ay ATƏT-in Bakı ofisinin təşkil edəcəyi dəyirmi masaların ixtiyarına veriləcək:

«Biz əsasən seçki komissiyalarının yenidən formalaşmasını istəyirik. Bundan başqa, namizədlərin qeydiyyatı mərhələsində süni maneələr aradan qaldırılmalıdır. Üstəlik təbliğat-təşviqat müddəti əvvəlki müddətə çatdırılmalıdır və müşahidəçilərin səlahiyyətləri artırılmalıdır».

Yeri gəlmişkən, Seçki Məcəlləsinə bundan əvvəl edilən dəyişikliklərdə təşviqat müddəti 60 gündən 28 günə endirilib.

VURAN OĞUL ATASINA BAXAR, BAXMAZ?

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev isə deyir ki, təşviqat müddətinin artırılmasına heç bir lüzum yoxdur. Onun fikrincə, xalqın səsini qazanmaq istəyən şəxs təkcə təşviqat müddətinə arxalanmamalıdır.
Musa Quliyev
Musa Quliyev müşahidəçilərin səlahiyyətlərini artırmağa da ehtiyac görmür. O hesab edir ki, əgər komissiyalar müxalifətin istəyinə uyğun olaraq paritet əsasda formalaşsa, bu, seçki prosesinin pozulmasına gətirib çıxarar. Musa Quliyev düşünür ki, müxalifətin yenidən Seçki Məcəlləsinə dəyişiklikləri gündəliyə gətirmək istəməsi onların öz güclərinə inamsızlığının göstəricisidir:

«Necə deyərlər vuran oğul dədəsinə baxmaz. Odur ki, özünə inanan şəxs Seçki Məcəlləsinin hansısa maddəsinə istinad etməməlidir. O, öz seçicisinə və öz qabiliyyətinə arxalanmalıdır».

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov isə deyir ki, hakimiyyətin seçki islahatlarına maraq göstərmədiyi təqdirdə dəyişikliklər üçün yalnız bir çıxış yolu qalır: beynəlxalq təşkilatlar və yerli siyasi qüvvələr hakimiyyətə təzyiqləri artırmalıdır. Əks halda, nə qanunvericilik dəyişəcək, nə də acı praktika.

Müxalifət isə kütləvi aksiyalarla bu məsələləri bir daha hökumətin diqqətinə çatdırmaq niyyətindədir. Ancaq bu kütləvi aksiyaların reallaşıb-reallaşmayacağının özü də hələ sual altındadır.
XS
SM
MD
LG