Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:05

Seçki şikayətləri ilə bağlı ilk qərar


Nemət Əliyev
Nemət Əliyev
Aprelin 8-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçki şikayətləri ilə bağlı ilk qərarını verdi. Söhbət 2005-ci il parlament seçkilərində 93 saylı Bərdə Seçki Dairəsindən namizədliyini verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Nemət Əliyevin şikayətindən gedir.

Nemət Əliyev azad seçki hüququnun, ədalətli məhkəmə araşdırılması hüququnun, səmərəli hüquqi müdafiə vasitələrinə olan hüququn pozulmasından və ayrı- seçkilikdən şikayət edirdi. Qərarda qeyd edilib ki, Dairə Seçki Komissiyası rəsmi məlumatlara istinad edərək ərizəçinin şikayətini rədd edib. Apellyasiya və Ali Məhkəmə isə formal səbəbləri əsas götürərək şikayəti araşdırmaqdan imtina edib.

NEMƏT ƏLİYEVİN TƏSƏLLİSİ

Hər halda Nemət Əliyev üçün bu qərar deməsinə görə təsəlli mənbəyidir:

- Bu qərar onu göstərdi ki, 93 saylı Bərdə şəhər Seçki Dairəsində seçkilər azad və ədalətli keçirilməyib. Bu isə o deməkdir ki, oradan qalib elan edilən Zahid Oruc deputat mandatı daşımağa layiq deyilmiş.

Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, Nemət Əliyevə dəyən mənəvi ziyana görə 7 min 500 avro məbləğində kompensasiya ödənməlidir. Kompensasiyanın məbləği üzərində bir elə də dayanmayan şikayətçinin fikrincə, bu qərar Azərbaycan hökumətinə və yerli məhkəmələrə utanc gətirir.

BU QƏRAR 93 SAYLI DAİRƏDƏ SEÇKİNİN NƏTİCƏLƏRİNİ ŞÜBHƏ ALTINA ALIRMI?

93 saylı Seçki Dairəsindən millət vəkili seçilən Zahid Oruc isə düşünür ki, opponentinin şikayətini lap DSK rəsmi nəticələri əsas götürərək araşdırmayıbsa və bu seçki hüququnun pozulması kimi dəyərləndirilirsə də, onun qələbəsi şübhə altına düşmür:

Zahid Oruc
- Söhbət heç bir halda seçkinin nəticələrinin şübhə altına alınmasından, orada saxtakarlığın aşkarlanmasından, kiminsə mənəvi və siyasi qələbəsindən getmir.

Zahid Oruc hesab edir ki, seçki komissiyalarının və Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyindən asılı olmayaraq, onun mandatının arxasında xalqın iradəsi dayanır. Onun fikrincə, həm Avropa qurumları bu amillərdən qarşıdakı dönəmdə hakimiyyətə münasibətdə faydalanmaq, həm də bəzi yerli müxalifət qüvvələri təbliğatlarını gücləndirmək niyyətindədirlər.

QƏRARIN HÜQUQİ VƏ SİYASİ ƏHƏMİYYƏTİ VARMI?

Hüquqşunas Fuad Ağayev isə deyir ki, bu seçki şikayətləri ilə bağlı ilk qərar olsa da, bundan sonra seçki şikayətlərini araşdıran Azərbaycan məhkəmələrinin üzərinə müəyyən məsuliyyət qoyur:

- Ancaq nə qədər ki, qanunsuz qərarlar çıxaran məhkəmələr hüquqi məsuliyyətə cəlb edilməyiblər, mən bu sahədə ciddi dönüşün olacağını gözləmirəm.

Fuad Ağayev üstəlik hesab edir ki, seçki şikayətləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində kütləvi qərarlar çıxarılmayana qədər də, bunun ciddi siyasi əhəmiyyəti olmayacaq.

Yeri gəlmişkən, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanda 2005-ci ildə keçirilən parlament seçkilərinə yönəlik daha 30-dan çox oxşar şikayətlə bağlı qərarın veriləcəyi gözlənilir.

Rahim Hacıyev
Azərbaycanda Demokratiyanın İnkişafı Fondunun rəhbəri Rahim Hacıyev proseslərin bu şəkildə inkişafını təsadüf saymır. Onun fikrincə, istər «Vaşinqton Post» qəzetində Əliyevlərin Dubay mülkləri ilə bağlı çıxan yazı, istərsə də Avropa təşkilatlarının seçki pozuntularının qarşısının alınması ilə bağlı müzakirələrini artırması beynəlxalq aləmdə Azərbaycan hakimiyyətinin inamını itirməsinin göstəricisidir:

AVTORİTARİZM QƏRBİN AZƏRBAYCANDAKI MARAQLARINA ZƏRBƏ VURUR

- Məsələ burasındadır ki, Qərb başa düşüb ki, Azərbaycanda avtoritarizm gücləndikcə beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərin həlli müşkülə çevirilir. Nəticədə Qərbin bu regiondakı maraqlarına ciddi zərbə dəyir.

Rahim Hacıyevin fikrincə, nə qədər ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərdən rəsmən imtina etməyib, rəsmilərin beynəlxalq təşkilatları ölkənin daxili işinə qarışmaqda günahlandırması düzgün deyil.
XS
SM
MD
LG