Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:52

AYB və Nazirlər Kabinetinin mətbuat katibləri kəllə-kəlləyə gəldi


Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlunun Milli.Az Xəbər Portalına müsahibəsi

- Ədalət müəllim, Akif Əli Milli.Az-a müsahibəsində AYB-ni bir xeyli sərt ifadələrlə tənqid edib. Sizcə, Akif Əlinin bu tənqidi müsahibəsi hansı zərurətdən meydana gəlib?

- Müsahibədən başa düşdüyüm odur ki, bu, ədəbiyyat yanğısı deyil. İnanmıram ki, bu, Akif Əlinin ədəbiyyata olan sevigisindən, qayğısından irəli gələn fikirlərdir.

Ədəbi mühitdə olan adamlar, Akif Əlinin yaradıcılığına bəlli olan adamların hamısı təsdiqləyər ki, onun yaradıcılığında heç bir fövqəlbəşəri ideya, güclü fikir, dəyərli fraza yoxdur.

Şəxsən mən bir oxucu kimi bunu Akif Əli yaradıcılığında görməmişəm. İkincisi də, həmin müsahibədə səsləndirdiyi fikirlərin səmimiyyətinə inanmıram. Səmimi söz, səmimi ifadə o dəqiqə bilinir.

Akif Əli bu cür yazıları illərdir yazır. Hələ təəccübləndim ki, nə əcəb Akif Əli həmişə yazdığı kimi bu dəfə də AYB-dəki "maxinasiya"lardan yazmayıb. Əvvəllər tez-tez yazardı ki, ay nə bilim, AYB-ni yeyirlər, dağıdırlar.

O vaxt dediyimi, yenə təkrarlayıram, belə bir iddianız varsa, faktlarla çıxış edin. Ortada yeyinti faktı varsa, niyə buna Maliyyə Nazirliyi və ya digər aidiyyatı qurumlar müdaxilə eləmir?

Bunlar cılız söhbətlərdir, məqsəd diqqəti əsas mövzulardan yayındırmaqdır.

Bilirsiniz, məsələ burasındadır ki, bizim ədəbi çevrəyə - AYB və AYB-dən kənar – aid olan adamların özlərinin səmimiyyəti də şübhə altındadır. Akif Əli nə zaman oturduğu kürsüdən bir şairin, bir yazarın problemini, evsizliyini, qayğılarını dilə gətirdi, məsələ qaldırdı?

İndi adamlar deyir ki, AYB kolxozdur, sovxozdur.

AYB kolxozdursa, onu deyənlərin oturduğu yer də bostandır. Akif Əli oturub o boyda idarənin başında (Akif Əli Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəridir - "Oxu zalı"), guya bilmir ki, harada yeyinti gedir, ya harada getmir? Nə böyük şeydir Nazirlər Kabinetində bir adama tapşırıq vermək ki, filan yerdə gedən yeyinti barəsində ölçü götürülsün.

Yaxud da, öz gözündə tiri görməyən, başqasının gözündə çöp axtarır.

Yeyinti, dağıntı bir dənə AYB-dədir? Şəxsən mənim burada maaşdan başqa bir gəlirim yoxdur. İstəmirəm ki, dediyim sözlər AYB rəhbərliyinin sözləri kimi başa düşülsün. Bunlar şəxsi fikirlərimdir. Mənim də Yazıçılar Birliyinə iradlarım çoxdur.

"Niyə AYB kimlərə təqaüd verdiyini və ya verəcəyini ictimaiyyətə açıqlamır?"

- Bu iradları eşitmək maraqlı olardı.

- Bir çox məsələlərdə şəffaflığın olmaması məni narahat edir. Məsələn, təqaüdlərin verilməsində. Sual yaranır, niyə AYB kimlərə təqaüd verdiyini və ya kimlərə verəcəyini ictimaiyyətə açıqlamır?

Burada gizlədiləcək nə var ki? Doğrudan da təqaüd verdiyiniz yazarların, gənclərin istedadlı olduğunu düşünürsünüzsə, bunu cəmiyyətə açıqlamaq lazımdır. Əgər belə deyilsə, onda bu adamları hansı prinsiplə təqaüd siyahısına salmısınız?

Məsələn, kasıb, istedadlı bir gəncin adının bu siyahıdan çıxarılaraq, başqa bir imkanlı yazarın ora əlavə edilməsi...

Olur belə hallar.

"AYB-də kimlərsə orda-burda gizlicə ev siyahısı tutur"

- Yazıçılar Birliyinin adı bir müddət əvvəl "ev qalmaqalında" da hallandı. Bu söz söhbətlər haradan yarandı?

- Doğrusu, bu ev məsələsi də AYB-də dolaşıq mövzulardan biridir.

"Abidə" MTK şirkəti quruma ümumi həcmi 980 kvadratmetr olan mənzillər verdiyini deyir. Yazıçılar Birliyi isə, deyir ki, bizə mənzil verilməyib. Əvəzində deyilir ki, haradasa "Ukrayna" meydanında torpaq sahəsi götürülüb, orada nə vaxtsa, nəsə tikiləcək və s. Bu gün Yazıçılar Birliyində evə, normal yaşayış şərtlərinə malik olmayan yazarlar çoxdur.

Bunlardan biri də mən. Bir neçə kvadratmetrlik mənzildə yaşayırıq. Başımıza su damır. Amma AYB-də kimlərsə orda-burda gizlicə ev siyahısı tutur, iş görür. Demək istədiyim odur ki, şəxsən mənim özümə AYB-də ögey münasibət var.

Hələ mən qurumun fəal üzvlərindən, onu mətbuatda təmsil edən əsas şəxslərdən biriyəm... Səmimi deyirəm, burada şəkər xəstəliyi tapmışam.

- Səmimiyyət demişkən, Akif Əli deyir ki, “saxta qəlbli bir yazı yazanın “ürək parçalayan” sızıltılı lövhələrinə dalmağa, sönük təfəkkürlü bir qələm tutanın “alovlu” çıxışlarına qapılmağa, gerizəkalı bir ədabazın “müdrikanə” məsləhətlərinə varmağa” ehtiyac yoxdur.

“Belələri isə məmləkətdə maşallah, boldur və ədəbi-mədəni mühitə xışma ilə daraşıblar.”

AYB-də necə, belələri var?

- Yazıçılar Birliyində də, Yazıçılar Birliyindən kənarda da və bütün sahələr də belə adamlar var. Belələrinin bu gün çoxluq təşkil etməsi o demək deyil ki, biz pessimizmə qapılmalıyıq.

Niyə nikbin olmayaq? Bu gün belədir, sabah başqa cür olacaq.

Bu o demək deyil ki başımızı tutaq başlayaq ağlamağa, amandır Allah, hər şey əldən getdi. Mən bu mühiti də, bu mühitdən kənardakıları da yaxşı tanıyıram. Ümumiyyətlə, yazıçı-şairlərin bir araya gəlməsi müşkül məsələdir. Təsəvvür edin, qələm adamları hamısı həmrəylik göstərərək bir araya gəlirlər.

O zaman onlar sözü bir yerə qoyaraq istənilən problemi həll edə bilərlər. Akif Əli kimiləri ziyalıların, şair-yazıçıların bir araya gəlməsini əngəlləmək üçün onların arasında süni intriqalar yaratmaqla öz işini görür.

Müsahibədə deyir ki, bəzi gənc istedadlı adamların “siyasi publisistika” ilə məşğul olmalarına təəssüf edir? Niyə belə deyir? Məsul vəzifədə işlədiyi üçünmü?

- Həmin məsələdə də AYB-ni günahlandırır...

- Axı AYB-nin nə günahı ola bilər ki?

Yenə deyirəm, sözlərimin AYB-nin adından başa düşülməsini istəmirəm. Bunlar şəxsi fikirlərimdir. Deyə bilmərəm ki, AYB bütdür, təmiz məkandır, pirdir, məbəddir, müqəddəs yerdir və s.

Amma buranın işçisi kimi, bu evin bir üzvü kimi müdafiə eləməliyəm iş yerimi. Heç kəs öz ayranına turş deməz. Bunlar elə danışır ki, guya, Yazıçılar Birliyi dünya əhəmiyyətli böyük bir təşkilatdır.

Elə deyil axı! AYB-ni tənqid edənlər də, ancaq bir-birini təhqir etməklə məşğuldur. Tutarlı bir tənqid ortaya qoyan yoxdur.

Ki, biz də razılaşaq ki, bəli, filan məsələdə siz haqlısınız. Tənqidlər ancaq bir tiplidir: AYB-dəkilər savadsızdır, AYB-dəkilər kolxozdur və s. Axı bunların nə faydası var? Akif Əlinin müsahibəsi də, indiyə qədər orda-burda yazılmış yazılar da hamısı demoqogiyadır, başqa bir şey deyil. Problem varsa, gəlin hamımız birlikdə çözələyək o problemləri. Görək, ədəbiyyatımızda, mənəviyyatımızda hansı aşınmalar gedir?!

Bu cür ciddi şeylərdən yazmaq əvəzinə, götürüb Anar müəllimin hansısa hərəkətindən yazırlar. Ümumiyyətlə, məncə yaxşı yazar giley-güzarla məşğul olmamalıdır. Bu giley-güzarlar hamımızı məhvə aparır.

"... AYB-yə ayrılan pulları qoysunlar ortalığa və desinlər, gəlin bunu bölək"

- Bayaq dediniz ki, Akif Əli özünə dəyən zərbələrin əvəzini çıxmaq üçün belə danışır? Akif Əliyə hansı zərbələr dəyib ki?

- O vaxtı Akif Əli AYB-nin üzvü ola-ola qurumun ünvanına əsassız tənqidi yazılar yazırdı. Yazıçılar Birliyinin katibləri yığışdı və Akif Əlinin yazılarının qərəzli, əsassız olduğu qənaətinə gələrək, onu Birliyin üzvləri sırasından xaric elədilər.

Əgər AYB-nin daxilində tənqid edənlərin fikirləri tutarlıdırsa, onunla bağlı heç bir tədbir görülmür. Mən bir şeyi müşahidə edirəm ki, Yazıçılar Birliyini tənqid edən adamlar heç vaxt başqa yerdə haqq sözü müdafiə etmirlər, başda Akif Əli olmaqla.

- Akif Əli deyir ki, AYB-yə büdcədən ayrılan pulları gənclərdən gizlədirlər, demokratik fikirli adamları sıxışdırırlar...

- Mən yenə deyirəm, burada maaşdan başqa bir qazancım yoxdur. Yazıçılar Birliyi elə bir yer deyil ki, bura ayrılan pulları qoysunlar ortalığa və desinlər, gəlin bunu bölək. AYB ictimai təşkilatdır. Hər şey planla, proqramla, hesabatla həyata keçirilir. Burada nə gizlədilə bilər axı?! Onsuz da hamıya məlumdur ki, Yazıçılar Birliyinə büdcədən nə qədər pul ayrılır?!

"Həm nizamnamə pozulur, həm də yersiz ittihamlarla qarşılaşırıq"

- Ümumiyyətlə, fikir vermisinizsə, son aylarda AYB-nin sədri Anar Rzayev və AYB haqqında tənqidlər yenidən güclənməyə başlayıb. Sizcə, bu yeni tənqid dalğasının səbəbi nə ola bilər?

- Deyərdim ki, əksinə, səngiyib. Yalnız bir-iki qəzet var ki, onlar elə dövri-qədimdən Anar müəllimi tənqid etməklə məşğuldur. Yavaş-yavaş cəmiyyət formalaşacaq.

Cəmiyyət formalaşdıqca bu tip tənqidlər də aradan çıxacaq, çünki inananı və oxuyanı qalmayacaq. Hazırda ictimai qınaq mövcud olmadığı üçün kim nə istəyir, onu da danışır, yazır. İctimai qınaq olandan sonra heç kim yalan danışa bilməyəcək, qara yaxa bilməyəcək. Yeri gəlmişkən, mən bir məsələyə də toxunum. Baxın, televiziyaların vəziyyəti bərbad gündədir.

İnsanlarımızın mənəviyyatını sarsıtmaqla məşğuldurlar. Amma elə Akif Əlinin özü nə vaxtsa bu problem barədə tənqidi fikir bildiribmi? Niyə bütün ölkəyə təsir edə bilən televiziyaların bərbad durumu haqqında fikir bildirmirlər, amma cəmi 1500 üzvü olan AYB haqqında palaz-palaz yazılar yazırlar?

“ANS” telekanalında bir oğlan veriliş aparır, adı “Günəbaxan”dı.

Bir də görürsən o oğlan verilişdə deyir şair dur, şair otur, şair dur, şair otur. Ziyalını, şairi hörmətdən salırlar. Şair sözünü, yazıçı sözünü təhqir etməkdə məqsəd nədir axı? Buna görə də, yaradıcı qurumları da tənqid edib hörmətdən salırlar ki, ziyalı sözü dəyərdən düşsün, onu dinləyən olmasın.

- Yazıçılar Birliyinin qurultayı niyə gecikir?


- Gecikməyin bir sıra səbəbləri var. Xatırladım ki, Yazıçılar Birliyi 1 il təmirə dayandığı vaxt, fəaliyyətini dayandırmışdı. Bundan sonra da bir il ərzində işləmədiyimiz zamandakı boşluğu aradan qaldırmaq üçün vaxt itirdik.

Beləliklə, bir il də getdi. Yəni, Yazıçılar Birliyi axırıncı qurultaydan sonra fəaliyyətinin 2-2,5 ilini sırf bu cür işlərə sərf edib. Qurultayı keçirmək də iki günün işi deyil axı! Ona hazırlaşmaq lazımdır.

İndi hazırlıqlar gedir, böyük ehtimalla, bu ilin axırında qurultay keçiriləcək. Əslində qurultayın gecikməsi bizim özümüzə də ziyandır. Həm nizamnamə pozulur, həm də yersiz ittihamlarla qarşılaşırıq.

- Sizcə, növbəti qurultayda Anar Rzayev yenə sədr seçiləcək, yoxsa?

- Yazıçılar Birliyinin sədrini qurultayın nümayəndələri seçir. Nümayəndələr kimə səs versə, o da seçiləcək. Anar müəllim yenidən sədr olmaq istəyərsə, buna qurultay qərar verəcək.

- Siz, AYB-nin mətbuat katibi olaraq kimin sədr olmağını istəyərdiniz?

- Yazıçılar Birliyinə elə bir adam sədr olmalıdır ki, o ən azı Anar müəllim qədər nüfuzlu olsun.

Dünyada tanınan və qəbul edilən bir ədəbiyyat adamı olsun, ən azı MDB məkanında tanınsın. Mənim kimin sədr olmağını istəməyimə gəldikdə isə qurultay zamanı namizədləri görərik və rəyimizi bildirərik. Amma yenə deyirəm, sədr elə biri olmalıdır ki, AYB-nin nüfuzunu, çəkisini daşıya bilsin.

Ancaq mən bu gün Anar müəllimin durumuna, əhval-ruhiyyəsinə baxıram və aydın görürəm ki, Anar müəllim bu işdə mənəm-mənəm deyənlərdən daha gümrahdır, daha həvəslidir. Anar müəllim bu peşənin ən mükəmməl örnəyidir. Mənim ümumiyyətlə təkəbbürlü insanlardan zəhləm gedir.

Yəni, heç kimi saya salmaq istəməyən, “burada mənəm, Bağdadda kor xəlifə” deyən adamlardan. Sədrlik məsələsində də heç kimin təkəbbürü rol oynamayacaq, qurultay nümayəndələrinin səsləri yeni sədrin kimliyini müəyyən edəcək.

"Qucaqdan düşsünlər, görək bir addım gedə bilərlər?"


- Günün ədəbi mənzərəsi haqqında nə deyə bilərsiniz?

- Bu gün bəzi maddi imkanlı şəxslərin özlərini ədəbiyyata sırımaq cəhdləri çoxalıb. Elə bilirlər pul gücünə ədəbiyyatda özlərinə əbədiyyət qazana biləcəklər. Bəzi kasıb yazarlar bilərəkdən məcburən belələrini tərifləyib nəsə qazanır ki, dolana bilsin.

Baxırsan ki, kiminsə milyonu var, ciddi bir qurumun rəhbəridir, amma çıxıb deyir ki, mən də gecələr vaxtım olanda şeir yazıram.

Madiyyatın yaratdığı şeiriyyət əsl şeiri hörmətdən salır.

Digər bir təbəqə də var. Söhbət himayə olunan, kobud desəm, qucaqda gəzdirilən yazarlardan gedir. Qucaqdan düşsünlər, görək bir addım gedə bilərlər? Bilirsiniz, elə söhbətlər var ki, onun arxasında dayanmaq müşkül məsələdi. Ona görə də yaxşısı budur, heç bu söhbətlərə toxunmayaq...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG