Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:10

«Mərkəzi Asiya dövlətləri müxtəlif dini qrupların təsirinə hazır deyildilər»


Daşkənd məscidində namaz, noyabr 2001
Daşkənd məscidində namaz, noyabr 2001
Kommunizmin çökməsindən sonra Mərkəzi Asiyada ideoloji boşluq yarandı ki, bu boşluğu da din doldurdu. O vaxt rəsmən qadağan olunmuş islam dini xarici təsirlərə məruz qaldı. Bu da yerli hakimiyyət orqanları üçün ciddi problemlər yaratmağa başladı. Mərkəzi Asyada islam dini min il əvvəllərə gedib çıxır. Lakin 20-ci əsrin xeyli hissəsində bu ərazi Sovet İttifaqının tərkibində olduğundan islam dünyasından təcrid olunmuşdu.

SSRİ-nin dağılmasından sonra isə tezliklə bu ölkələr islam mədəniyyətinə qovuşdular. Vaşinqtondakı Hidson İnstitunun Avrasiya siyasət mərkəzinin direktoru Zeyno Baran deyir ki, Mərkəzi Asiya dövlətləri ölkəyə nüfuz etməyə başlamış çoxlu müxtəlif dini qrupların təsirinə hazır deyildilər:

BÜTÜN İSLAM QRUPLAŞMALARI EYNİ CÜR DEYİL

«Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan o vaxt dərk etmədilər ki, bütün islam qruplaşmaları eyni cür deyil. Onlar anlamadılar ki, belə qruplar arasında radikal olanları və siyasi ideologiya daşıyanları da var».

Zaman keçdikcə Mərkəzi Asiya dövlətləri xarici dini qruplaşmaların səsini boğmaqla rəsmi dini təfsiri gücləndirmək üçün xeyli iş gördülər.

Huzbu Təhrir, Pakistandakı Təbliği Camaat, ərəb dünyasından Sələfiyə, Türkiyədəki Nurçular və başqa qruplaşmaların fəaliyyəti qadağan olundu. Lakin bütün bu tədbirlərə baxmayaraq, qadağan olunmuş qruplaşmaların tərəfdarlarının həbsinin davam etməsi onu göstərir ki, onların regionda kifayət qədər tərəfdarları var.

Düşənbədə mərkəzi məscid, 21 sentyabr 2009
Qırğızıstanın baş müftisi Muratəli Hacı Cumanov xarici islam qruplaşmalarına qarşı mübarizə aparmağın vacibliyini belə izah edir:

BUNUN QARŞISINI ALMALIYIQ

«Onların bizim vətəndaşların beynini doldurması əsas problemdir. Biz öz başımızı quma soxub özümüzü görməməzliyə vura bilmərik. Bunun qarşısını almalıyıq. Əks halda sonra daha böyük problemlərimiz olacaq».

Muratəli Hacı Cumanovun etiqad etdiyi dini cərəyan isə ölkənin ənənəvi dini cərəyanı sayılan hənəfi qanadıdır. Çoxları bunu sünnilərin ən liberal qanadı sayır və bu Mərkəzi Asiya üçün xarakterik dindir.

Ölkənin tarixi üçün başqa bir element də xarakterikdir. Bu ölkələrdə sultanlar, əmirlər və başqa rəhbərlər əsrlər boyu ölkənin din adamlarını özlərinə tabe etməyə çalışıblar. Çünki onlar yaxşı başa düşürdülər ki, islam regionda insanları birləşdirən ən böyük qüvvədir. Ona görə də din həm onların hakimiyyəti üçün potensial təhlükədir, həm də hakimiyyətlərini legitləmləşdirmək üçün ən yaxşı yoldur. Bu günkü hakimiyyətlər də bu baxımdan heç də öz sələflərindən fərqlənmirlər.

Hacı Əkbər Turaconzadə Tacikistan müstəqil olanda 1992-97-ci illərdə vətəndaş müharibəsi zamanı hökumət qüvvələrinə qarşı çıxan islamçı müxalifətin nümayəndələrindən olub.
Hacı Əkbər Turaconzadə
Sonradan o ölkəni tərk edib. Bir müddət sonra isə əfv olunaraq ölkəyə qayıdıb. Qayıdandan sonra müxtəlif vəzifələr tutub:

HÖKUMƏT MƏSCİDLƏRƏ NƏZARƏT EDİR

«Ölkədə imamların 90 faizini yerli hakimiyyət orqanları təyin edir. Qanuna görə, imamların namizədliyi məscidin etiqad edənləri tərəfindən irəli sürülməli, hökumət isə onları təsdiqləməlidir. Reallıqda isə hökumət onları irəli sürür və təyin edir. Bununla da hökumət məscidlərə nəzarət edir».

Hökumətin məscidlərə nəzarəti bütün Mərkəzi Asiya ölkələri üçün xarakterikdir. Adını tam bildirməyən qırğız Qüdrət deyir ki, rəsmi din adamları azad deyillər, onlar istədiklərini deyə bilmirlər. Qüdrət deyir ki, gündə 5 dəfə namaz qılır, məscidə gedir. Ancaq o deyir ki, din adamlarının əl-qolu bağlıdır. Onlar yalnız dinə görə necə hərəkət etmək haqqında danışırlar. «Ancaq bizi siyasət haqqında məlumatlandırmalarını istəyirik»,- deyə Qüdrət bildirir.

Tacikistanlı dini ekspertlər də Qüdrətin fikirlərini bölüşürlər. Deyirlər ki, dövlət imamları mühüm mövzulardan, ölkənin bugünkü problemlərindən, sabahdan, sosial ədalət məsələlərindən yox, 500 əvvəl nə olubsa, ondan danışırlar. Belədə onlar islamı çətin vəziyyətə salırlar. İnsanlar ədaləti kənarda axtarırlar.
XS
SM
MD
LG