Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07

"Mən heç vaxt Məhəmməd peyğəmbərin çadraya qarşı olduğunu yazmamışam"


Əslən Banqladeşdən olan feminist yazıçı Təslimə Nəsrin deyib ki, Hindistanın cənubunda baş vermiş iğtişaşların səbəbi heç də onun yazıları deyil.

Parisdə yaşayan yazıçı bildirib ki, sadəcə, yerli qəzetlərin biri onun fikirlərindən “sui-istifadə” edib və bunu onun məqaləsi kimi təqdim edib.

“Mən heç vaxt – heç bir məqaləmdə Məhəmməd peyğəmbərin çadraya qarşı olduğunu yazmamışam” – deyə yazıçı vurğulayıb.

Martın 1-də Şimoqa şəhərində baş verən iğtişaşlarda 2 nəfər ölüb, 15 nəfər yaralanıb, 50-dən çox adam həbs edilib. Şəhərdə kamendant saatı tətbiq edilib.

Nəsrin deyib ki, qəzetin onun fikirlərini qəsdən təhrif etdiyini və bununla cəmiyyətdə gərginlik yaratmaq istədiyini düşünür.

“Mən sülhün və əminamanlığın bərpa olunmasını istəyirəm”.

Martın 1-də baş verən iğtişaşlarda yüzlərlə müsəlman iştirak edib, onlar Təslimə Nəsrinə məxsus olduğu deyilən yazıya kəskin etirazlarını bildiriblər.

Bu, Nəsrinlə bağlı ilk qalmaqal deyil.

1994-cü ildə o, vətəni Banqladeşi tərk etməyə məcbur olmuşdu. Radikal müsəlmanlar “Lacca” (“Utanc”) adlı romanına görə onu kafirlikdə ittiham etmişdi.

Romanda müsəlmanlar tərəfindən təqib edilən hind ailəsindən danışılır.

Sonrakı on ili yazıçı qərbi Avropada və Amerikada keçirib.

2004-cü ildə Hindistan ona müvəqqəti yaşayış icazəsi verib.

Nəsrin Banqladeşlə həmsərhəd Qərbi Benqal ştatında – Kəlküttə şəhərində məskunlaşıb.

Amma onun şəhərdə yaşaması müsəlmanların etirazlarına səbəb olub, 2007-ci ilin noyabrında şəhərdə kütləvi iğtişaşlar baş verib.

Şəhərə hətta qoşun yeridilib.

Bundan sonra Nəsrin paytaxt Dehlidə gizlənməyə məcbur olub. Amma 2008-ci ildə ölkəni tərk etməyə məcbur olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG