Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Eynulla Fətullayevlə bağlı rəsmi məlumat yayılıb


Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir
Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir
Məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı Eynulla Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib.

Fevralın 3-də Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı yaydıqları birgə məlumatda belə deyilir.

Məlumatda deyilir ki, E.Fətullayevlə aparılan üzləşdirmələr zamanı şahidlər qeyd olunan narkotik vasitənin E.Fətullayevdən aşkar edilərək götürülməsini bir daha təsdiq ediblər.

Sənəddə həmçinin bildirilir ki, E.Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.

Məlumatda cinayət işi üzrə istintaqın yekunlaşmaq üzrə olduğu bildirilir.

Toplanmış sübutlara əsasən dekabrın 31-də Eynulla Fətullayevə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunub.

Jurnalistin vəkili İsaxan Aşurov isə hələ bir müddət əvvəl «Turan» a verdiyi müsahibəsində ona təqdim edilmiş nəticələrin etibar doğurmadığını deyib:

«Buna görə biz müstəqil ekspertiza keçirilməsini tələb etdik», deyə o qeyd edib:

«Həkimə etibar-etməmək üçün əsas var və biz onun dindirilməsini də tələb etdik. Analizlərin nəticələri Eynulla Fətullayevin özünə təqdim edildikdə o, bu rəyi qəti şəkildə rədd edərək, tamamilə saxta adlandırıb. Fətullayev bildirib ki, heç vaxt nəinki heroin, başqa heç bir narkotik vasitədən belə istifadə etməyib və bu ekspertiza onu həbsdə saxlamaq məqsədilə qanunsuz əməllərin tərkib hissəsidir».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru olan Eynulla Fətullayevə qarşı yeni cinayət işi açılıb.

Dekabrın 29-da Penitensiar Xidmət bildirib ki, Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyə bilər.

Baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər. Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycana qarşı işi yekunlaşmaq üzrədir.
XS
SM
MD
LG