Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 12:31

«Soçidə nəsə bir sənəd imzalanmalıdır»


Prezidentlər Kişinyovda, 9 oktyabr 2009
Prezidentlər Kişinyovda, 9 oktyabr 2009
Azərbaycan və Ermənistan prezidentləri –İlham Əliyev və Serj Sarkisyan yanvarın 25-də Soçidə görüşürlər. Əlbəttə ki, Rusiyalı həmkarları Dmitri Medvedevin iştirakı ilə. Bu işi təşkil etmək üçün ATƏT-in Minsk qrupu həmsədrləri artıq Bakıdadırlar. Həmsədrlərin Ermənistan KİV-lərinə verdikləri açıqlamadan aydın olur ki, onlar Yerevanda Serj Sakisyanla məsələni razılaşdırıblar.

PREZİDENTLƏR NƏDƏN DANIŞIRLAR?

Adətən belə görüşlərdən sonra prezidentlər öz ölkələrinə qayıdan kimi ziddiyyətli bəyanatlar verirlər. Biri Dağlıq Qarabağın müstəqilliyinin mümkün olmadığını, digəri isə bölgənin artıq müstəqil olduğunu vurğulayır. Belə hallarda ortaya çox sadə bir sual çıxır. Əgər dövlət başçıları əsas fikirlərini bir-birinə Bakıdan və Yerevandan ismarıc yollamaqla çatdırırlarsa, bəs onda bəzən hətta 3-4 saat çəkən görüşdə nədən danışırlar?

Frankfurt Sülh Tədqiqatları İnstitutunun elmi əməkdaşı Azər Babayev deyir ki, prezidentlərin bağlı qapılar arxasındakı görüşlərində səslənən fikirlərlə bəyanatları fərqlidir. Və bu təbii haldır. İlham Əliyev və Serj Sarkisyanın bəyanatları əsasən öz cəmiyyətləri qarşısında imiclərini qorumağa yönəlib. Ancaq görüşlər də çox əhəmiyyətlidir. Çünki Türkiyənin prosesə qoşulması, Gürcüstan müharibəsindən sonra regionda müşahidə olunan hadisələr göstərir ki, Dağlıq Qarabağ ətrafında ciddi proseslər gedir.

«Soçi görüşü təbii ki, Rusiyanın təşəbbüsü ilə keçirilir. Rusiya isə Qarabağ prosesində əsas həlledici ölkədir. Yeni ilə təbii ki, bu cür sülh proseslərində də yeni bir təşəbbüslə hər bir tərəf qatılır. Yəni Rusiya hər hansı bir mənada bu məsələyə öz töhfəsini vermək istəyərsə təbii ki, Soçi görüşü uğurlu bir sülh prosesinin başlanğıcı kimi də ola bilər. Bu mənada ümidləri heç də tam kəsmək olmaz ki, bu sadəcə olaraq məcburi bir görüşdü».

MİNSK QRUPUN NƏSƏ ETMƏK İSTƏYİR

Mübariz Əhmədoğlu
Azər Babayevin fikrincə, görüşlərin intensivliyi də onu göstərir ki, hər iki tərəfdə – o cümlədən də Minsk qrupunda nəsə etmək istəyi var. Çünki vəziyyətin uzun müddət indiki kimi qalması perspektivdə yaxşı heç nə vəd etmir.

Azərbaycan və Ermənistan prezidentləri 2009-cu ildə 6 dəfə görüşüblər. Bu görüşlərin ikisi Rusiyada gerçəkləşib. Bundan başqa ötən il ərzində müxtəlif vaxtlarda İlham Əliyev və Serj Sarkisyanın Rusiyada Dmitri Medvedevlə ayrı ayrılıqda da görüşləri olub. Bu görüşlərin əhəmiyyətli olduğu həmin ərəfələrdə bəzi ekspertlər tərəfindən dəfələrlə səslənsə də, ilin sonunadək həmin əhəmiyyət özünü konkret nəticə kimi büruzə verə bilməyib.

PREZİDENTLƏRİN RUSİYADA GÖRÜŞMƏLƏRİ TƏSADÜFİ DEYİL

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun fikrincə, prezidentlərin Rusiyada görüşmələri təsadüfi deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən il Ermənistanda olarkən qarşıdakı vəzifəni müəyyənləşdirmişdi ki, 2010-cu ildə Dağlıq Qarabağa dair ən azı hüquqi gücə malik hansısa sənəd imzalanmalıdır:

«Rusiyanın nəzərincə, 2010-cu ildə Dağlıq Qarabağa dair hüquqi öhdəlikli bir sənəd imzalanmalıdır. Bunun yanvarda, ya martda olacağını deyə bilmərəm. Amma belə başa düşürəm ki, Soçidə nəsə bir sənəd imzalanmalıdır. Çünki ötən il dekabrın 1-də Afinada həmsədr dövlətlərin təmsilçiləri Azərbaycan və Ermənistanının iştirakı ilə 5 tərəfli bəyanat qəbul olundu ki, artıq sənəd hazırlanmalıdır».

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə il başlayan kimi Rusiyanın belə bir təşəbbüslə çıxış etməsi Moskvanın bu il də prosesi öz nəzarətində saxlamaqda israrlı olduğundan xəbər verir.
Ərəstun Oruclu
Politoloqun qənaətinə görə, əgər münaqişələr həll olunsa, Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi olan Ermənistan da əlindən çıxacaq. Bununla da Rusiya üçün regionu itirmək təhlükəsi reallaşacaq. Görüşlər də bunun qarşısını almaq üçün təşkil edilir:

«SADƏCƏ BƏYANATLARLA NƏTİCƏLƏNƏN SIRADAN BIR GÖRÜŞ»

«Hamı da bilir ki, Soçidə əvvəlkilər kimi heç bir prinsipial addımla yadda qalmayan, sadəcə bəyanatlarla nəticələnən sıradan bir görüş olacaq. Ancaq Qərb bununla növbəti xallar toplamış olacaq ki, Rusiya bu görüşləri ardıcıl olaraq təşkil edir. Amma nəticədə heç bir şey ortaya qoya bilmir, yaxud qoymaq istəmir. Deməli Rusiya bu münaqişələrin həllinə bir qədər səmimi yanaşmalıdır».

Ərəstun Oruclu deyir ki, Ermənistan və Azərbaycan rəhbərləri isə belə görüşlərə imitasiyanı davam etdirmək, eləcə də qayıdandan sonra bir-birlərinə yumruq silkələmək imkanı əldə etmək niyyəti ilə gedirlər. Bu onlar üçün daxili auditoriyanın rəğbətini qazanmaq baxımından bir vasitədir.
XS
SM
MD
LG