Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:35

Ermənistan təşəbbüsü ələ keçirdi


Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə ilə razılaşdırılan Sürix protokollarını yanvarın 12-də təsdiq etdi
Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə ilə razılaşdırılan Sürix protokollarını yanvarın 12-də təsdiq etdi
Köşə yazarları Türkiyə-Ermənistan münasibətləri barədə

Semih İdiz («Milliyət»)

İsraillə yaşanan böhran Yerevanla münasibətlərimizi yaxından maraqlandıran bir prosesi kölgədə qoydu. Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə ilə razılaşdırılan Sürix protokollarını yanvarın 12-də təsdiq etdi. Daha doğrusu, haqqında söhbət gedən protokolların Konstitusiyaya zidd olmadığını müəyyənləşdirdi. Hər iki protokol iki ölkənin parlamentlərində hələ də təsdiq edilməyi gözləyir. Ancaq son prosesin Türkiyə baxımından önəmini «Diplomatik münasibətlər yaradılmasına dair» ilk protokolu oxuyanlar bilir. Bu protokola görə, tərəflər, bir-birinin ərazi bütövlüyünü tanıyır və mövcud sərhədlərə sayğı göstərməyi öhdəyə götürürlər. Bu baxımdan protokolun III və V maddələri açıq-aşkardır.

Ancaq Türkiyədə bu konsensus cəhdinə qarşı çıxanların əsas arqumenti «Ermənistan Kars sazişini və mövcud Türkiyə-Ermənistan sərhəddini tanımır. Bunu da Konstitusiyada əks etdiriblər» şəklindədir. Əlbəttə ki, istəyənlər hələ də «Protokolda Kars sazişindən adı ilə bəhs edilmir» deyə bilərlər. Ancaq mətnə hüquqşünas gözü ilə baxanlar oradakı sözlərin hansı mənanı daşıdığının fərqindədirlər. Konstitusiya Məhkəməsi öz qərarını açıqlayarkən bəzi ermənilərin «Xainlər, siz erməni ola bilməzsiniz» deyə çığırmaları da əslində protokolun hansı mənanı daşıdığını ortaya çıxarır.

MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI QARABAĞA BAĞLIDIR

Uzun sözün qısası Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması nöqteyi-nəzərindən çox önəmli bir addım atıldı. Ancaq bu addım problemi həll etmək üçün kifayət deyil. Çünki AKP iqtidarı bilavasitə baş nazir Ərdoğanın sözləri ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Qarabağ probleminin həllinə bağlayır.

Ərdoğan bu yanaşmasını Rusiyaya son səfərində də əks etdirdi. Hökumətin Ermənistan açılımındakı ən zəif həlqəsi də - bax, budur. Çünki hökumət Azərbaycandan gələcək və Türkiyədə milliyyətçi müxalifəti hərəkətə gətirəcək olan reaksiyaları hesablaya bilmədən bu işə girişdi. Bu reaksiyalardan sonra da «Qarabağ ön şərtini» ortaya atdı. Elə isə bu problemdən dolayı yolla bəhs edən protokolda belə bir ön şərt yoxdur.

Xülasə, Yerevan hal-hazırda razılaşdırılan protokolların ruhuna uyğun şəkildə addım atarkən, Türkiyə getdikcə «əks cinahda» qalır. Çünki ABŞ, Rusiya və AB protokollarla Qarabağ problemi arasında birbaşa əlaqə olmadığını deyirlər. Rusiya xarici işlər naziri Sergey Lavrov, Ərdoğanın Moskvaya səfərindən sonra getdiyi Yerevanda bunu təkrarlayaraq açıq danışdı. Jurnalistlərin suallarına cavab verən Lavrov, «Türkiyə ilə Ermənistanın bir an əvvəl diplomatik münasibət yaratmaları regionun faydasına olacaqdır.Məncə, bu iki məsələni süni şəkildə bir-birinə bağlamaq, doğru deyildir» dedi.

Göründüyü kimi, Vaşinqton kimi Moskva da Qarabağ məsələsi ilə Türkiyə-Ermənistan konsensusu arasında birbaşa əlaqə yaratmır. Hətta bir addım qabağa gedərək yaradılan əlaqənin «süni olduğunu» deyir.

XEYİRLİ YANAŞMA DEYİL

Bu, təbii ki, Türkiyə ilə Ermənistan arasındakı prosesi Qafqazdakı mənafeyinə görə Rusiyanın pozacağını gözləyənlər üçün xeyirli bir yanaşma deyil. Moskvaya bu nöqteyi-nəzərdən güvənən Bakının, Lavrovun sözlərindən pərt olduğunu təxmin etmək heç də çətin deyildir. Xülasə, AKP iqtidarı özünün başlatdığı, ancaq hələ də arxasını gətirə bilmədiyi bu prosesə görə sıxıntı yaşayacaq. Diaspora erməniləri də 24 aprel yaxınlaşdıqca bu sıxıntının artması üçün əllərindən gələni edəcəklər.

Bu arada, Konstitusiya Məhkəməsinin təsdiqindən sonra təşəbbüs yenidən Yerevanın əlinə keçib. Hərçənd Sarkisyan iqtidarı «Türkiyə Böyük Millət Məclisi təsdiq etməzsə, bizim məclis də bu protokolları təsdiq etməz» deyir. Ancaq bir siyasi manevr ilə Ermənistan məclisindən gərəkli təsdiq əldə edilərsə, diplomatik nöqteyi-nəzərdən «əks cinahda» Ankara qalaca. Hökumət ya AKP-nin məclisdəki gücünə söykənərək bu protokolları təsdiq etdirəcək və beləliklə, Azərbaycanla münasibətlərdə təzyiq yenə yüksələcək və ya təsdiq etdirməyərək öz başlatdığı prosesi özü blok edəcək və bunun sıxıntılarını yaşayacaq.

Bu labirintdən Ankaranın siyasi və diplomatik uğurla çıxıb-çıxmayacağını bu yaxınlarda görəcəyik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG