Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 20:13

21-ci əsrin kitab müharibələri


Təsəvvür edin ki, evinizdə beş şkaf kitab var! İndisə təsəvvür edin ki, bütün bu kitablar sizin ovcunuzdadır.

Iki ildir ki dünya bazarlarına elektron formatda olan kitabları oxumaq üçün xüsusi qurğular çıxarılıb - eni-uzunu elə kitab boydadı, amma qalınlığı 1 santimetrdən az, çəkisi isə 300 qramdır.

İçərisinə 1500-ə qədər kitab yerləşir.

Evdə, qatarda, təyyarədə, parkda – harda istəyirsən oxu!

Bir tərəfdən kompüter, mobil telefon və İnternetin müasir dövr insanının həyatında getdikcə daha çox rol oynaması, digər tərəfdən isə “e-kitab qurğu”larının sürətlə populyarlaşması Amerika və başqa inkişaf etmiş ölkələrdə nəşriyyat biznesini əməlli-başlı qorxuya salıb.

Necə ki getdikcə daha çox adam musiqi və film disklərini dükandan almaqdansa, onları İnternetlə mp3 və başqa formatlarda öz kompüterinə və mobil telefonuna yükləyir, nəşriyyatlar da ehtiyat edirlər ki, kağız kitablara olan tələbat azala və onların biznesi təhlükə altına düşə bilər.

Bu yaxınlarda “Simon & Schuster”, “Harper Collins” and “Hachette Book Group” kimi nəşriyyat nəhəngləri qərara gəliblər ki, bəzi kitabların elektron versiyasını kağız versiyasından bir neçə ay sonra yaysınlar.

Nəşriyyatların elektron kitab bazarını “öldürmək” cəhdi cavabsız qalmayıb.

Dünyanın ən nəhəng İnternet satışı şəbəkələrindən olan “Amazon” e-kitabların qiymətini kəskin şəkildə aşağı salıb.

Bəzi populyar kitabların qiyməti 7,99 dollara salınıb.

Bundan başqa “Amazon” bəzi müəlliflərlə məxsusi müqavilələr bağlayır.

Məsələn dekabrın 15-də yayılan xəbərə görə, populyar biznes yazarı Stephen R. Covey özünün bir neçə kitabının satışının eksklüziv hüququnu sözügedən şirkətə verib.

Bəziləri nəşriyyatların bu addımını dövrün tələblərinin əleyhinə getmək kimi qiymətləndirirlər. Necə ki vaxtilə bir çoxları kompüterə qarşı çıxırdılar, indisə müasir insanın bunsuz keçinməsi çox çətindir. Nəşriyyatların da bu “köhnəfikirliliyə görə” sonda doğrudan da məhv olacağını proqnozlaşdıranlar var.

Üstəlik də bu qərar piratlar üçün əsl “hədiyyə” sayıla bilər.

Kitab nəşr ediləndən sonra onun elektron versiyasının yubadılması e-kitabların satışı ilə məşğul olan piratların “biznesinin” daha da çiçəklənməsinə yol aça bilər.

Bu isə piratlığa qarşı mübarizənin başında gedən nəşriyyatların özünə dəyən “bumeranq”a çevrilə bilər.

21-ci əsrin kitab müharibələrinin nəylə bitəcəyini hələ ki az adam dəqiq proqnozlaşdırmağa cürət edir.

Əsrlərdir ki dünya kağız kitablara öyrəşib. Üstəlik də elektron kitab oxumaq üçün qurğuların daha geniş kütlələr üçün əlyetərli olmasının qarşısını alan bir amil var – onların qiyməti ortalama 250 dollardır.

Həmçinin oxu!

Ramiz Mehdiyev ədəbiyyat məsələsinə bir də qayıtdı

Fransa məhkəməsi “Google” şirkətini 300 min avro cərimələdi
XS
SM
MD
LG