Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:36

Əli İsa Cabbarov: «Ziyalı öz ətrafında kiçik ada yaratmalıdır»


Əli İsa Cabbarov
Əli İsa Cabbarov
«Fokus» analitik kino jurnalının 5-ci sayı çapdan çıxdı. Yaranışının 2-ci ilini jurnal necə yaşayır? Hansı çətinlikləri var? Öz oxucularını tanıyırmı? Satışı necə gedir? Ümumiyyətlə, ölkədə ağıllı, intellektual jurnal buraxmağın hansı enişli-yoxuşlu yolları var? Bu suallara cavab almaq üçün jurnalın layihə müəlliflərindən biri - Əli İsa Cabbarovu «İz»ə qonaq çağırdıq.

S.İ.: Əli İsa bəy, «Fokus» ikinci yaşında özünü necə hiss edir? Ayağa durmağa çalışan uşaq kimi, yoxsa...

Ə.İ.C.:
Hələlik qarşımızda özünütəsdiq məqsədi durur. 1 ilin içində 5 nömrə buraxmışıq. Əsas məsələlərdən biri bu məhsulun maliyyə cəhətdən özünü doğrultması, rentabelliyi, kommersiyalaşmasıdır. Xüsusi gəlirdən söhbət getmir. Sadəcə, öz-özünü doğrulda biləcəkmi? Sırf oxucu baxımından, peşəkarların rəyi baxımından problem yoxdur. Bir təsərrüfat subyekti kimi özünü doğrultmaqdan söhbət gedir.

S.İ.: Nə dərəcədə doğrulda bilir? Məsələn, mən öz təcrübəmizdən deyim ki, təxminən 10 il öncə bu ölkədə bir dərginin özünü doğrultması çox müşkül iş idi...

Ə.İ.C.:
10 il öncə müşkül iş idi. 20-25 il öncə isə, deyilənə görə, hətta üzçıxarmaya (kseroks) görə dövlətdən icazə alınmalı idin (gülüşmə). Hələ xarici kanallara baxanlara, radioları dinləyənləri demirəm. İndi qeydiyyat problemi yoxdur. Nəşriyyat tapmaq da həmçinin. Müəyyən bir azadfikirli insanların icması yaranıb. Bizim jurnalı dəstəkləyən Açıq Cəmiyyət İnstitutudur. Həm də jurnalın öz heyətidir - Vəfa Cəfərova, Sevda Sultan, Aygün Aslanlı, Aliyə Dadaşova. Bunlar fədakar insanlardır. Heç bir gəlir olmadan bu işi görürlər. Mən bir filmə baxmışdım. Hitler dövründə yaşamış alman ziyalısından soruşurlar ki, diktatura zamanı ziyalı neyləməlidir? Cavab: Ziyalı öz ətrafında ada yaratmalıdır. Bu adacıqlar böyüyüb materikə çevrilməlidir. Bu şüar təkcə diktaturaya deyil, bazar iqtisadiyyatına da aiddir. Bu bizim dirəniş vasitəmizdir. Kütləviləşməyə qarşı, bayağılaşmaya qarşı bu oksigen kimi bir şeydir!

S.İ.: Əli İsa Bəy, biz sizinlə ilk sayınız çıxanda görüşmüşdük. İndi 5-ci sayınız çıxıb. Nələr dəyişdi bu keçən saylarda?

Ə.İ.C.:
Bayaq «azadfikirli insanların icması» ifadəsini işlətdim. Sizi də bu icmanın üzvü sayıram.

S.İ.: Çox böyük şərəfdir. Təşəkkürlər!

Ə.İ.C.
Bizi hər zaman dəstəkləyirsiniz. Mənə elə gəlir ki, hər bir işlə o işin peşəkarı məşğul olmalıdır. Təzə başlayanda jurnalın təsisçilərindən ikisi kinematoqrafçı idi, biri jurnalist. Artıq təsisçilərdən bir - Asəf Rüstəmov redaksiya heyətindən çıxıb. Layihəni peşəkar jurnalistlərə təhvil verdi. Yəni jurnalda peşəkarlaşma prosesi gedir. Biz öz oxucularımızın dairəsini genişləndirməyə çalışırıq. İstəyirik ki, kinoya biganə olanlar da burada nə isə tapsınlar. Ona görə də, kino-iqtisadiyyat, kino-siyasət, kino-sosium mövzularına daha çox yer ayırırıq. Texniki məsələlər də var. Dizaynın cəlbedici olmasına çalışırıq. Parlaq cildli jurnallarla rəqabətə girmək istəyirik. Amma parlaqlıq hesabına yox, öz dəst-xəttini, öz üslubunu tapmaq hesabına. İntellektə ünvanlanmış məhsulun kommersiyalaşması mənim üçün son məqsəddir. Hər hansı bir naşir, televiziyaçı, kinematoqrafçı ağıllı bir məhsulu reytinqli bir məhsula çevirməyi bacarsa, bu çox inqilabi iş olar. Qərbdə bunun təcrübəsi var. Amma Qərbdə ən intellektual məhsulun da stabil auditoriyası var. Azərbaycan üçün bu yenidir. Məsələn, Vaqif İbrahimoğlunun teatrının, tamaşalarının öz pərəstişkarları var. Ancaq kifayət qədər geniş deyil. Və yaxud, Nizamini zorən orta məktəb çərçivəsində öyrənirik, sonra oxucu kontingenti genişlənmir. Sözüm odur ki, intellektual məhsulun kommersiyalaşdırılması, kütləviləşdirilməsi çox vacib məsələdir. Bu baxımdan, az da olsa, uğurumuz var. Artıq oxucuların bizim dalımızca qaçmaq variantı da var.

S.İ.: Yeri gəlmişkən, jurnalınızı kimlər oxuyur, öz oxucunuzu tanıyırsınızmı?

Ə.İ.C.:
İlk növbədə kino ictimaiyyəti. Biz bir kinematoqrafçı olaraq, kimlərləsə də mübarizədəyik, kimlərləsə də ittifaqdayıq. Jurnal həm də mübarizə vasitəmizdir. Demək, insanlar hər nömrədə göndərdiyimiz mesajları oxumaq istəyirlər. İkincisi, kinodan kənar adamlar müqavimət göstərən adamlardır. Mən çox şərəf duydum ki, «Müsavat» başqanı İsa Qəmbər bizim oxucumuzdur. Gənc yazar Əli Əkbər də bizim jurnalımızın ən diqqətli oxucularındandır. Onlar üçün bu bir müqavimətdir. Bayağı zövqə, əyalət təfəkkürünə, hər şeyi pula satmaq fəlsəfəsinə qarşı müqavimət, dirəniş formasıdır. Özümüz üçün də belədir. Bu bizim yaratdığımız kiçik bir adadır və dirəniş vasitəmizdir.

S.İ.: İlk sayınızdan bu yana yeni müəllifləriniz necə, çox oldumu?

Ə.İ.C.:
Təbii ki, oldu. Birinci sayımızdan sonra geniş spektrli fəaliyyəti olan sənətşünas, rəssam, rejissor Teymur Daiminin çox sanballı analitik yazıları çap olundu. Hətta bir neçə saydan sonra onun yazdıqlarını toplayıb, kitab halında çap etməyi düşünürük. Dərs vəsaiti ola bilər. İngilis dilindən orijinal kino ədəbiyyatının tərcüməsinə başladıq. Qiyabi də olsa, o ingilisdilli şəxslər bizim müəlliflərimiz sayılırlar. «Ssenarilər» rubrikasında ilk dəfə Ramiz Fətəliyevin, Nadejda İsmayılovanın (Hacı Zeynalabdin Tağıyev barədə), Moskvada yaşayan Alla Axundovanın ( o bizim «Şərikli çörək», «Alma almaya bənzər» filmlərinin ssenari müəllifidir) yeni ssenarilərini çap etdik. Müəlliflərimizin dairəsi genişlənir. Bu sahəyə daha çox diqqət ayırmağı düşünürük...

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG